Yeganə Hacıyeva Müsavatdan getdi

“Azərbaycan cəmiyyətinin maraqları partiya maraqlarından daha üstün və faydalıdır”

Müsavat başqanının müşaviri Yeganə Hacıyevə partiya üzvlüyündən istefa verib. Bu barədə o, Facebook səhifəsində yazıb. Y.Hacıyeva Azərbaycan cəmiyyətinin maraqlarını üstün tutaraq partiya üzvü kimi fəaliyyətini dayandırdığını, bu gündən (dekabrın 20-i) müstəqil fəaliyyət göstərcəyini, ünvanına səslənəcək heç bir ittihama da cavab verməyəcəyini elan edib. Onun yazdıqlarını olduğu kimi təqdim edirik:

“Dostlar, bir neçə həftədir hər şey barəsində ətraflı düşünmək imkanım oldu və düşündüm. Yaşadığımız  siyasi hadisələri analiz etdim və bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qaldım. Nəhayət, qərara aldım ki,  Azərbaycan cəmiyyətinin maraqları partiya maraqlarından daha üstün və faydalıdır. Bu maraqlar hadisələrə düzgün qiymət vermək imkanından başlamış, ona doğru istiqamət verməyə, onu yalnız birliyin gücü ilə pozitivə çevirməyə qədər geniş bir sistemli fəaliyyətdir. Amma çox təəssüf ki, bunu uzun illər qarşılıqlı fayda gördüyüm təşkilatda həyata keçirə bilmirəm və bu gündən müstəqil olduğumu bəyan edirəm. Bu başdan bəyan edirəm ki, heç bir ittihama cavab vermək fikrim yoxdur. Cəmiyyət üçün daha faydalı qərarların yanında olmağım və icrasında iştirakım hər şeyə aydınlıq gətirəcək”.