Ekspertlər MTN-dəki işgəncələrdən danışdı

Müzəffər Baxışov: «MTN-nin istintaq təcridxanasının saxlanması ölkədə gedən hüquqi islahatların mahiyyətinə ziddir»

Leyla Yunus: «Ümumiyyətlə narkotiklə, xuliqanlıqla, oğurluqla və.s bu kimi faktlarla ittiham olunan şəxslər MTN-nin təcridxanasında saxlanıla bilməz»

Azərbaycanda həbsxanaların, müvəqqəti saxlanma təcridxanalarının, məhkəmələrin hansı vəziyyətdə olduğu hər kəsə aydındır və insanlarla necə rəftar edildiyi haqda minlərlə faktlar var. Müxalifyönlü insanlara qarşı isə xüsusi amansızlıq və ayrıseçkilik aksiomadır.
Ən acınacaqlı vəziyyət isə saxlanılan şəxslərin ilkin dövrdə MTN-nin təcridxanasında üzləşdikləri reallıqdır. Dəfələrlə məlum olub ki, bu təcridxanalarda saxlanılan adamlara işgəncə verilir, zorla izahat alınır. Hazırda məhkəməsi gedən NIDA-çı Şahin Novruzov da ona ağır işgəncələr verildiyini bildirib: “Həbs olunanda 17 yaşım vardı. Orada yazıblar ki, guya, qanuni nümayəndəm, vəkilimin iştirakıyla dindirilmişəm. Heç biri olmayıb. Müstəntiq həbs-qətimkan tədbirlərinin uzadılmasıyla bağlı məhkəmələrdə adamı aldadıb, başqa sənəd adı ilə qol çəkdirib ki, guya, o da dindirmədə iştirak edib. Mənə mənəvi, psixoloji, fiziki işgəncə veriblər. Məni ailəmlə təhdid edirdilər, o qədər döydülər ki, 4 dişimi sındırdılar” – deyə Şahin Novruzov bildirib.
Yaxud jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli ona işgəncə verildiyini, təzyiq edildiyini bildirib. Pərvizin atası Kamran Həşimov mətbuat konfransında bildirib: “Antiterror Mərkəzinin rəisi Elçin Quliyev istintaqa müdaxilə edir. Hər gün Pərvizin başına qara torba keçirib aparırlar Elçin Quliyevin hüzuruna. O da deyir ki, bizim dediklərimizi eləməlisən. Pərvizi döyürlər, psixoloji təzyiq edirlər. Adamın hər dəfə başına qara torba keçirib harasa aparanda, istər-istəməz stress keçirir. Bu stressdən adam ölə bilər”.
Bu kimi faktlara görə məhbusun istintaq aparan qurumun təcridxanasında saxlanması yolverilməz hesab olunur və qanunsuz hal kimi qiymətləndirilir.

Hüquqşünas Müzəffər Baxışov hesab edir ki, MTN-nin təcridxanaları ləğv edilməlidir və prokurorluğun səlahiyyətləri azaldılmalıdır: “Hüquq müdafiə fəaliyyəti ilə məşğul olan şəxslər dəfələrlə bildiriblər ki, MTN-nin istintaq təcridxanasının saxlanması həm Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə ziddir, həm də Azərbaycanda gedən hüquqi islahatların mahiyyətinə uyğun deyil. 1992-ci ildə istintaq təcridxanaları Ədliyyə Nazirlıyinin tabeliyinə verilib, ancaq, MTN-də istintaq təcridxanası qaldı. Bu isə  saxlanılan şəxslərə böyük təhlükə törədir. Ən azı orda psixoloji işgəncə mövcuddur. Istər-istəməz orda vəzifədən sui-istifadə halları da baş verir. Ancaq, Azərbaycanın ən böyük problemi ölkədə bu işgəncə faktlarını araşdırmalı  olan prokurorluğun iflic vəziyyətdə olmasıdır. Dünyanın bütün ölkələrində bu kimi faktlar olur. Ancaq dünyanın bizdən fərqi ondan ibarətdir ki, orda baş verən işgəncə faktlarını araşdırırlar və günahkarları məsuliyyətə cəlb edirlər. Bizdə isə MTN-dəki işgəncə ilə bağlı prokurorluq araşdırma apara bilmir. Azərbaycanda ciddi hüquqi islahatlar həyata keçirilməlidir və prokurorluğun səlahiyyətləri alınmalıdır. MTN-nin istintaq təcridxanasını isə təcili olaraq ləğv etmək lazımdır”.

Hüquq müdafiəçisi Leyla Yunus da bildirdi ki, MTN-nin təcridxanası ən çox işgəncə verilən yerdir: “2012-ci ilə kimi Azərbaycanda MTN-in təcridxanası qanunsuz idi və bütün təcridxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdi.  2012-ci ildən sonra necə oldusa MTN-nin təcridxanasın qanuniləşdirdilər. MTN-nin təcridxanası ən çox işgəncə verilən yerdir. Bizim araşdırmamız nəticəsində bəlli olmuşdu ki, bu təcridxanalarda xeyli adam ölüb. Məsələn, Emil Məmmədovu Səid Dadaşbəyli işinə görə işgəncə edib, videoya çəkmişdilər və digər saxlanılanlara göstərmişdilər ki, deyilən sənədlərə imza atmasanız sizi də belə edəcəyik. Nəticədə Emil Məmmədov 30 yaşında dünyasını dəyişdi. Ümumiyyətlə MTN-nin təcridxanasında narkotiklə, xuliqanlıqla, oğurluqla və s. kimi faktlarla ittiham olunmuş şəxslər saxlanıla bilməz”.
Ilham