Bəxtiyar Əliyev fenomeni

Etibar Əliyev

Müəllimlərin XIV qurultayı Azərbaycanın təhsil tarixinin səhifələrinə yazıldı. Bu qurultayın əvvəlki qurultaylardan üstün və ya zəif cəhətlərini araşdırmaq istəmirəm. Qurultayda maraqlı çıxışların şahidi olduq. Nədənsə bu böyük dövlət tədbiri ilə bağlı Kütləvi Informasiya Vasitələrində ən çox millət vəkili Bəxtiyar Əliyevin çıxışı təbliğ olunur. Maraqlı məqam ondan ibarətdir ki, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, xeyli sayda deputatlar və böyük ali məktəblərin rektorlarının iştirak etdiyi qurultayda nədənsə deputat Bəxtiyar Əliyevi də çıxışa yazmışdılar.
Bəlkə hörmətli Bəxtiyar müəllim təhsili onlardan yaxşı bilir, yaxud böyük cəsarət sahibidir. Gəlin onun çıxışının əsas məqamlarına diqqət edək: “Azərbaycanda müəllim hazırlığı ilə bağlı hazır model yoxdur. Biz bu işi köklü şəkildə yenidən qurmalıyıq. Bu gün orta məktəb şagirdləri repetitorlarla hazırlaşırlar, ali məktəbi bitirən məzunlar şirkətlərə işə qəbul üçün hazırlıq kurslarına gedirlər. Cəmiyyət buna normal yanaşsa da, bu, normal hal deyil. Irəliləyişə nail olmaq istəyiriksə, müəllimin nüfuzunun geri qaytarılmasına nail olmalıyıq. Təhsil Nazirliyi yanında yeni metodiki mərkəz yaradılmalı, pedaqoji kollektivdə sağlam mühitin yaradılması üçün psixoloji xidmət önə çəkilməlidir. Bundan əlavə, yeni nəsil universitetlər yaradılmalı, orada rəqabət qabiliyyətli ixtisaslı kadrlar, mütəxəssislər hazırlanmalıdır. Mülkiyyət formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələrində ödənişli təhsil və qəbul planı ləğv edilməlidir. Qəbul dövlət sifarişli ixtisaslar üzrə aparılmalıdır. Ali məktəblərə maliyyə və təşkilati müstəqillik verilməlidir. Müəllimlərin nüfuzunu artırmaq üçün onlara dövlət qulluqçusuna bərabər status verilməlidir”. Bunlara bənzər fikirlərin əksəriyyətini daha kəskin formada biz artıq 10 illərdir ki, deyirik. Bunların bir neçəsini isə nazir Mikayıl Cabbarov qurultayda ondan öncə səsləndirmişdi. Bəxtiyar Əliyevin ehtiyatlılığına diqqət edin  – “Müəllimlərin nüfuzunu artırmaq üçün onlara dövlət qulluqçusuna bərabər status verilməlidir”. Bu hansı status ola bilər? Belə bir status varmı? Bəxtiyar Əliyev başqa nə deyə bilərdi? Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinin vacibliyini dilə gətirə bilməyən millət vəkili pedaqoji kollektivdə sağlam mühitin yaradılması üçün psixoloji xidməti önə çəkir. Belə çıxır ki, pisixoloji xidmət olan kimi işlər düzələcək hə. Məncə o, işlədiyi universitetdə təhsilin hansı vəziyyətdə olduğunu, hansı özbaşınalıqların baş verdiyini bizdən yaxşı bilir. Amma bunları dilə gətirməyə cəsarəti çatmadığı halda nazirliyə və ictimaiyyətə tövsiyyələr verir, yol göstərir. Özünü kifayət qədər müdrik və ağıllı aparmağa çalışan hörmətli Bəxtiyar müəllimin elmi və digər qabiliyyətləri haqqında deyəsən cəmiyyətimiz bir o qədər məlumatlı deyil. Diqqət edin: Bəxtiyar Əliyev Bakı Dövlət Universitetində “Psixologiya” kafedrasının müdiri, həmin universitetin “Eksperimental psixologiya” Elmi tədqiqat laboratoriyasının elmi rəhbəri, BDU Sosial elmlər və psixologiya fakültəsinin elmi şurasının üzvü, Psixologiya elmləri üzrə Ali Attestasiya Komissiyasınınn dissertasiya şurasının sədri, Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü, Beynəlxalq Siyasi Psixoloqlar Assosiasiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin II, III və IV çağırışının deputatı, Azərbaycan Respublikası Milli Məclisinin “Elm və təhsil” komitəsinin sədr müavini, “Psixologiya” jurnalının baş redaktoru (mən bu jurnalın saytı qədər bərbad sayta rast gəlməmişəm), Azərbayacan Respublikası Prezidenti yanında “Əfv məsələləri üzrə komissiya”nın üzvü, Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə üzrə komissiya”nın üzvü, Azərbaycanın AŞPA-da təmsil edən deputat qrupunun üzvü, VIII, IX, X, XI siniflər üçün (Azərbaycan və rus dillərində) “Insan və cəmiyyət” dərsliklərinin müəllifidir. Bəxtiyar Əliyev psixologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvüdür. O, 1989-cu ildə fəlsəfə sahəsində “Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 1998-ci ildə psixologiya elmləri üzrə “Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsi, 2000-ci ildən psixologiya elmləri üzrə professor elmi adı almışdır. B. Əliyev 2007-ci ildə AMEA-nın müxbir üzvü (fəlsəfə üzrə) seçilmişdir. Maraqlıdır ki, həmin il Akademiyada keçirilən seçkilərdə fəlsəfə sahəsində dünya çapında tanınmış böyük alim, bütün ömrünü fəlsəfəyə həsər etmiş Yusif Rüstəmov da iştirak etmişdi. Amma fəlsəfə üzrə AMEA-nın müxbir üzvü fəlsəfədən yarım səhifəlik məqaləsi belə olmayan Bəxtiyar Əliyev seçilmişdi. Allah Yusif müəllimə rəhmət eləsin. Bu hadisə ona yaman pis təsir eləmişdi. AMEA-nın saytında professor Bəxtiyar Əliyevin çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 185, xaricdə çıxmış elmi əsərlərinin sayı isə 35 göstərilmişdir. Həmin saytda onun xaricdə çıxmış əsərləri kimi Osloda, Dublində və 2 dəfə Istanbulda keçirilmiş konfranslardakı mövzuların adları yer alıb. Həmmüəllifi olduğu kitablar isə bunlardır: Pedaqoji psixologiya. Bakı, Təhsil, 2011, 214 s. (Əliyev B. H., Əliyeva K.R., Cabbarov R.V.), Hüququ psixologiyasının tədqiqat metodları. Bakı, BDU, 2010, 156 s. (Əliyev B.H,. Səməndərova A.F.), Hüquq psixologiyası. Bakı, Təhsil, 2012, 648 s. (Əliyev B. H, Bayramov Ə.S.). Fəlsəfə istiqaməti üzrə Akademiyaya müxbir üzv olmuş Bəxtiyar müəllim nədənsə yaradıcılığında fəlsəfə elmindən çox hüquqa meyl edir. Bəlkə də düz edir, indiki zamanda fəlsəfə elmi hüquq elmindən çox aciz və sahibsiz görsənir. Bu qədər vəzifə və titullardan sonar hörmətli Bəxtiyar müəllimə orta ümumtəhsil məktəbləri üçün “Insan və Cəmiyyət” dərsliklərinin yazılması da həvalə olunub. Ortaya çoxlu suallar çıxır: psixoloq hara, belə bir adda dərsliyin yazılması hara? Görəsən B.Əliyev bu ağır işin öhdəsindən gələ bilibmi? Əlimə düşən 11-ci sinflər üçün “Insan və cəmiyyət” dərsliyi oldu. Kitabı geniş təhlil etmək imkanım olmasa da bəzi mətnləri oxucuların diqqətinə çatdırmaq istəyirəm: məsələn baxın, kitabın “Sağlam ekoloji mühitin yaradılmasında yaşıl iqtisadiyyatın rolu” paraqrafında nələr yazılıb: “Bəziləri düşünürlər ki, maddi imkan olan yerdə insan mütləq bahalı avtomobildə hərəkət etməlidir. Maddi imkanın məhdud olduğu yerdə ictimai nəqliyyatdan istifadə etmək lazımdır. Bu gün Azərbaycana xarici ölkələrdən istismar müddətini başa vurmuş, köhnəlmiş avtomobillərin gətirilməsinə və istifadə olunmasına adi hal kimi baxılır. Çünki təfəkkür tərzi bu cür düşünməyin əsas səbəbidir. Halbuki insanlar başa düşməlidirlər ki, nəqliyyat vasitələrinin seçiminə maddi imkanla yanaşı, insanların cəmiyyət və gələcək qarşısında daşıdığı sosial məsuliyyət də təsir göstərə bilər. Sosial məsuliyyət hissinin yüksək olduğu cəmiyyətdə fərdi nəqliyyatdan istifadə etməli olan şəxslər bir çox hallarda ictimai nəqliyyatdan istifadəyə üstünlük verirlər. Bu sosial məsuliyyətli seçim, ”yaşıl” təfəkkür yollarda nəqliyyatın azalmasına, təbii ehtiyyatlardan qənaətlə istifadə olunmasına və ətraf mühitin qorunmasına yönəldilmiş “yaşıl həyat tərzi” şəklində həyata keçirilə bilər”. Bu mətni başa düşən varsa əlini qaldırsın. Mən bircə şeyi başa düşdüm ki, Bəxtiyar müəllim bizim cəmiyyəti də dolayısı ilə sosial məsuliyyət hissi olmayan cəmiyyət kimi anlatmaq istəyir. Dərslikdə “Davamlı insan inkişafı və sosial məsuliyyətli siyasət” paraqrafının birinci cümləsi belə başlayır: “davamlı inkişafın əsas məqsədi gələcəksiz inkişafın qarşısını almaqdan ibarətdir”. “Mənəvi həyat” paraqrafında mənəviyyatın tərifi belədir: “mənəviyyat- insanın əxlaqını formalaşdıran ruhi keyfiyyətdir”. Bərəkallah… Dərslikdəki ən maraqlı paraqraflardan biri “Cəmiyyət və elm”dir. Təsəvvür edin uşaqlara “elm” anlayışı haqqında elementar bilgilər vermək əvəzinə dərhal elmi texniki tərəqqinin cəmiyyətə təsiri haqqında danışılır. Bu mətndə “lazer”, “nanotexnologiya” anlayışlarınının izahı səhv verilib, “fərdi foton” anlayışı isə fizika elmində ümumiyyətlə yoxdur. Mətnin sonu isə çox maraqlı cümlələrlə qurtarıb: “Müasir elmin sürətli və heyrətamiz nailiyyətləri, həmçinin Internet vasitəsilə beynəlxalq əməkdaşlıq elmi və texnologiyanı qloballaşdırır. Bu isə həm də təhlükəlidir. Sual qoyulur: elm və texnologiyanın qloballaşması hansı təhlükələri törədə bilər? Məhz bunları nəzərə alan Birləşmiş Millətlər Universitetinin Amerika Şurasının Minilliyin Layihəsi üzrə 15 qlobal Çağrışlarından birində bu təhlükədən narahatlıq ifadə olunur”. Başa düşən varsa əlini qaldırsın. Orta məktəb şagirdlərinə anlaşıqlı dildə kitab yaza bilməyənlər bizlərə təhsil dərsi keçmək istəyirlər. Kitabın 28-ci səhifəsində əzəmətli bir bina şəkli var. Sizi intizarda qoymaq istəmirəm. Bu bina M. F. Axundov adına Milli kitabxananın şəkli deyil. Mərkəzi Seçki Komissiyasının şəklidir.