Sirli neft adamı üzə çıxdı

ARDNŞ-in gizli və şübhəli tərəfdaşı nəhayət, «Global Witness»in ittihamlarına cavab verdi

Britaniyanın “Global Witness” təşkilatının Azərbaycandakı gizli neft mafiyası barədə hazırladığı “Anonim Azərbaycan” adlı hesabatında Azərbaycan Dövlət Neft Şirkətinin bağladığı neft müqavilələrində adı korrupsiya planında keçən, ölkədə ictimaiyyətin tanımadığı, lakin adına onlarla böyük şirkətlər olan Anar Əliyev bəyanat yayıb. Bəyanat “musavat.com”a daxil olub. Bəyanatda deyilir:
“Mən Naxçıvan şəhərində anadan olmuşam və işgüzar fəaliyyətlə məşğul olan Azərbaycan vətəndaşıyam. Fəaliyyətlərimin mərkəzində doğma ölkəmin inkişafı və tərəqqisinə yönəldilmiş layihələrin maliyyələşdirilməsi və qazancımın Azərbaycana yenidən investisiya edilməsi yer alır. Mənimlə əlaqəli əsassız şəkildə səsləndirilən iddialarda məni ”gizli şəxs” adlandırırlar. Bu ictimaiyyətin göz önündə olmamağımdan irəli gəlir. Mən öz fəaliyyətimdə şəxsi həyatın toxunulmazlığına və ailəmin təhlükəsizliyinə daha çox diqqət yetirdiyim üçün ictimaiyyətin göz önündə olmağı tərcih etməmişəm.
“Global Witness” təşkilatının mənim işgüzar fəaliyyətlərimlə əlaqəli yaydığı iddialar tamamilə əsassızdır və ölkəmin imicinə xələl gətirmək məqsədi daşıyır. Bu hesabat tam və dolğun şəkildə ARDNŞ tərəfindən 13 dekabr 2013-cü il tarixli bəyanatla artıq təkzib olunub.
Obyektiv müzakirələr üçün mövqeyimə aid əsas məqamları diqqətinizə çatdırmaq istəyirəm:
– Mən, ARDNŞ-nin Hasilat Sənayesi Şəffaflıq Təşəbbüsünün (HSŞT) bütün tələb və şərtlərinə riayət etdiyi haqqında bəyanatına razılığımı bildirirəm. Öz fəaliyyətimdə Azərbaycan qanunlarına, fəaliyyət göstərdiyim digər ölkələrin qanunvericilik tələblərini əsas aldığımı və həmçinin biznes fəaliyyətimi bu sahədə tətbiq olunan beynəlxalq standartlara uyğun olaraq, həyata keçirdiyimi bildirirəm;
– Mənim nə Azərbaycan prezidenti Ilham Əliyevlə, nə də ARDNŞ prezidenti Rövnəq Abdullayevlə qohumluq əlaqələrimin olmadığını təsdiq edirəm;
– Mən sahibi olduğum və ARDNŞ ilə əməkdaşlıq edən şirkətlərin yeganə və prinsipial benefisiarıyam (sahibi). ARDNŞ ilə əməkdaşlıq etməyimə baxmayaraq, mən digər iş adamları kimi başqa sahələrdə Azərbaycanın inkişafına yönəldilmiş mövcud layihələrdə iştirak etmək imkanlarından istifadə edirəm;
– Mən Azərbaycan qanunlarına uyğun olaraq, ölkənin hüdudlarından kənarda əldə etdiyim bütün qazancı Azərbaycanda bəyan edirəm və müvafiq gəlir vergisi ödəmək öhdəliklərini tam şəkildə yerinə yetirirəm;
– Mənim işgüzar fəaliyyətim nə Azərbaycanda, nə də digər ölkələrdə heç bir zaman cinayət məsuliyyəti predmeti olmayıb;
– Mən, Azərbaycan əsas istiqamət olmaqla, beynəlxalq biznes fəaliyyətilə məşğulam. Bundan sonra da ölkəmin inkişafına yönəldilmiş layihələrdə iştirak etmək və qazancımı ölkəmə yenidən re-investisiya etmək məqsədi mənim üçün üstünlük təşkil edəcək”.