«Kim Milli Şuraya qarşıdırsa hökumətə işləyir»

Milli Şura üzvləri Rüstəm İbrahimbəyovun dediklərini haqlı sayır

«İndi yüz faiz deyə bilərəm; kim Milli Şuranın mənasını, məqsədlərini yüksək qiymətləndirmirsə, deməli, o, iqtidara işləyir». Bu sözləri «Yeni Müsavat» qəzetinə müsahibəsində Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov deyib. R.İbrahimbəyovun fikrincə, hazırda iqtidarın əsas məqsədi Milli Şuranı dağıtmaqdır və cürbəcür bəhanə tapıb Milli Şuranı tənqid edən, bu qurumun nəticəyə nail olmadığını, seçkilərdə məğlub olduğunu deyən adamlar istər-istəməz iqtidara işləyirlər: «Çünki biz axırıncı seçkidə qələbə çalmışıq və Cəmil Həsənli seçkiləri udub, bunu bütün dünya bilir. Milli Şura bütün dünyada çox yüksək qiymətləndirilir və Amerikada da, Avropada da Azərbaycanın gələcəyini Milli Şura ilə bağlayırlar. İqtidarın əsas hədəfi Milli Şuradır. Milli Şuranı sağdan-soldan tənqid edənlər, “onun uğurları yoxdur” deyənlər istər-istəməz iqtidara işləyir, bunu yüz faiz deyə bilərəm. Bu gün ayrı-ayrı partiyalar, şəxslər Milli Şuranı, Cəmil Həsənlini tənqid edirlər. Bəlkə onlar bunu xüsusi məqsədlə etmirlər. Ancaq istər-istəməz onların hərəkətləri hökumətin məqsədlərinə xidmət edir». R.İbrahimbəyovun bu fikirlərinə Milli Şuranın üzvlərinin münasibətini öyrəndik. 

Milli Şuranın Beynəlxalq Münasibətlər Komissiyasının sədri Gültəkin Hacıbəyli vurğuladı ki, Azərbaycanın demokratik qüvvələrin son iyirmi ildə əldə etdiyi ən böyük uğurdur. Məhz Milli Şuranın sayəsində müxtəlif siyasi qüvvələrin biraraya gəlməyi bacardığını, uğurlu ziyalılar formatı təşkil olunduğunu deyən G.Hacıbəyli vurğuladı ki, ölkədəki aparıcı gənclər təşkilatlarının da Milli Şuraya qatılması ölkədə demokratik düşərgədəki durğunluğa son qoyub: «Bu baxımdan mən Milli Şuranı ən uğurlu və ən düzgün format hesab edirəm. Düşünmək istəməzdim ki, Milli Şuranı tənqid edən insanlar bunu məqsədli şəkildə hakimiyyətin maraqlarına uyğun olaraq edirlər. Amma nəticə etibarı ilə sonluq eynidir. Hesab edirəm ki, biz Milli Şuranı qoruyub saxlamağa çalışmalıyıq. Demokratik düşərgəni bir araya gətirmək üçün Milli Şuradan uğurlu format görmürəm. Biz səmimi olaraq Azərbaycanda demokratik prosesin irəli getməsini istəyiriksə, Milli Şuraya dəstək verməliyik».

Milli Şuranın üzvü, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirdi ki, o R.İbrahimbəyovun mövqeyini bölüşür. N.Kərimovun fikrincə, Milli Şuranı hədəfə yalnız Azərbaycanda dəyişikliklərin əleyhinə olan qüvvələr ala bilər: «Ümumiyyətlə mən bu fikirlə razıyam. Yalnız Azərbaycanda demokratik dəyişikliklər istəməyən qüvvələr Milli Şuranın dağılmasını istəyə bilərlər».

Xəyal