Gülən-Ərdoğan dartışması

Elxan Şahinoğlu: «Bu savaş müxalifətin işinə yaradı. Son olay AKP hökumətini xeyli zəiflədə bilər»

“Türkiyədə baş verən olaylara iki cür yanaşma ola bilər. Birinci yanaşma ondan ibarətdir ki, Türkiyə həqiqətən demokratik ölkədir. Orada həqiqətən qanunlar işləyir və hər kəsə eyni gözlə baxılır, istər nazir olsun, istər sıravi vətəndaş. Ikinci yanaşmaya gəldikdə isə, Fətullah Gülən tərəfdarlarıyla Ərdoğan arasında qarşıdurmanın elementi kimi bu həbslərin ortaya çıxması xarakterizə olunur”.
Bu sözləri “Azadlıq”a Türkiyədə baş verən olayları şərh edərkən politoloq Elxan Şahinoğlu bildirib. O, ikinci yanaşmanın daha məntiqəuyğun hesab edir: “Əslində Ərdoğan indiyə qədər Fətullah Gülən camaatı ilə həmişə yaxın münasibətdə olub. Hakimiyyətdə olduğu illərdə də onun dəstəyinə arxalanıb. O, ilk illərdə orduda hərbçilərin siyasətdən uzaqlaşdırılmasını istəyirdi. Bu məsələdə Ərdoğanla Fətullah Gülən tərəfdarlarının maraqları üst-üstə düşürdü. Ərdoğan əsas hədəflərinə çatdıqdan, müəyyən qədər uğur qazandıqdan sonra hədəf kimi görünür, Fətulla Gülən tərəfdarlarını görüb. Mediada Fətullah Gülənin Amerikayla, Israillə sıx əlaqədə olmasıyla bağlı xəbərlər dolaşır. Halbuki, Ərdoğan Israillə bütün körpüləri yandırıb. Ərdoğan düşünüb ki, bələdiyyə seçkiləri zamanı Fətullah Gülən tərəfdarlarını küncə sıxışdıra bilər. Dərsanələrin də qapadılması Fətullah Gülən tərəfdarlarına xeyli qıcıqlandırdı”.

Elxan Şahinoğlu deyir ki, Fətullah Gülən tərəfdarları xeyli dövlət idarələrində möhkəmləniblər: “Belə bir ehtimal var ki, bu həbslərin araxasında Fətullah Gülən camaatı dayanır. Əslində, bu çoxdan vardı, sadəcə məqamı deyildi. Məqam indi çıxdı. Ərdoğan indi başladı, Fətullah Gülən tərəfdarları əks hücuma başladılar. Ərdoğan hakimiyyətdə olduğu zamanda bu cür dəhşətli zərbə ilə üz-üzə qalmamışdı. Üç nazirin oğlunun həbs olunması, hökumətə qarşı rüşvət iddiası. Hətta hakimiyyətdə olduğu dönəmdə çevrilişə cəhd belə onun hökumətini bu qədər laxlatmamışdı. Görünür, vəziyyət çox ağırdır və AKP təcili toplanıb”.
Politoloq bu savaşın müxalifətin işinə yaradığını söyləyir: “CHP, MHP güclənir və bu günlərdə daha da fəallaşıblar. Bələdiyyə seçkiləri öncəsi hökumətin ya istefasına, ya da zəiflədilməsinə çalışacaqlar. Bir qədər öncə də Fətullah Gülən camaatı da müxalifət nümayəndələri ilə təmaslara başlamışdılar. Təsadüfi deyil ki, CHP lideri Amerikada olarkən Fətullah Gülənin camaatının təmsilçiləri ilə görüş keçirmişdi. Bir sözlə, bu xəmir hələ çox su aparacaq. Düşünürəm ki, son olay AKP hökumətini xeyli zəiflədə bilər. Bu həbslər bələdiyyə seçkilərinin nəticələrinə də təsir göstərəcək”.

Ramin DEKO