Bizdə siyasi həbslərin bir qayda olaraq, iki zamanlaması var: belə həbslər ya həftəsonları, ya da Avropa və ABŞ-dan yüksək çinli qonaqların Bakı səfəri öncəsi, yaxud sonrası həyata keçirilir.
Anar Məmmədli bazar ertəsi həbs edildi. Yəni, nəinki həftə sonu deyildi, hətta həftə yenicə başlamışdı.
O an barmağımı dişlədim.
Demək, Qərbdən hər kimdirsə, yüksək vəzifəli biri gəlir.
Məlumatlı dostlara baş vurdum, qənaətimdə yanılıb-yanılmadığımı soruşdum. Zəndim məni aldatmamışdı: Anar bəyin həbsindən bir gün sonra Britaniya xarici işlər naziri məmləkətimizə təşrif buyururdu.
Gəlişin səbəbi – burada hansısa yekə bir qaz sazişinin imzalanması imiş.
Artıq o saziş imzalanıb, hətta adı da qoyulub: “Əsrin müqaviləsi – 2″.
Düzü, bir az acıqlandım özümə: axı necə olub, mən bunu təxmin edə bilməmişəm? Sanki başqa nəyə görə gəlməli idi ki?
Neftin işini çoxdan düzüb-qoşduqlarına görə, qalırdı qaz.
Əgər mən bunu təxmin edə bilməmişəmsə, məndən vətən daşı, vətən daşı olmayandan isə olarmı ölkə vətəndaşı?
***
Avropalılar bu qaz müqaviləsindən yana sevinclidilər.
Britaniya xarici işlər nazirinin az qala, papağını göyə ataraq verdiyi bəyanatı oxuduq: “Bu müqavilə Avropanın yalnız bir ölkədən (yəni Rusiyanın – müəl.) qaz asılılığını azaldacaq”.
Nə deyirik, halal xoşları olsun.
Amma o qazın vətənində biz çox üşüyürük.
Haqqa, hüquqa, ədalətə, azadlıqlara soyuq münasibətdən üşüyürük.
Saxta məhkəmələrin, sifarişli hökmlərin, korrupsiyanın, talançılığın sazağından donuruq.
Avropanı yalnız bir coğrafiya olmaqdan çıxarıb, həm də həyat, düşüncə tərzinə çevirən dəyərlər uğruna hər cür fədakarlığa, məhrumiyyətə dözən dostlarımız həbsdə çürüdülür.
Sevgililəri yataqda…
Körpələri beşikdə…
Anaları qapı ağzında üşüyürlər.
Avropalılar isə sevinclidilər. Nə olsun ki, Avropanı Avropa edən dəyərləri bu ölkədə şaxta soldurur, don vurur. Əsas odur ki, bu ölkənin qazı hesabına isinəcəklər.
Qızınacaqlar.
Onsuz da biz vərdişkarıq buna. Adətkarıq.
Artıq gözəl bilirik ki, onlar ancaq Avropada avropalıdırlar.
Azərbaycana gəlincə isə ən böyük şərqliyə çevrilirlər.
Elə bil “fırt” eləyib Xudayar bəyin burnundan düşüblər.
Elə bil Şeyx Nəsrullahla bir almanın iki yarısıdılar.
Öz ölkələrində toxunulmaz bildikləri, müqəddəs sandıqları dəyərləri bizim ölkədə çox asanlıqla qara kürüyə dəyişirlər.
Neftə dəyişirlər.
Qiymətli xalçalara, zinət əşyalarına dəyişirlər.
Necə ki, sonuncu dəfə də qaza dəyişdilər.
Və britaniyalı bir siyasətçi çıxıb əsla vicdanı sızlamadan dedi: “Azərbaycan post-sovet məkanında Qərbin ən etibarlı tərəfdaşıdır”.
Olsun. Istəməyən kor olsun.
Amma fərqli düşünənləri düşmən elan edən…
Aykırı, müxalif fikri həbslərlə qorxudan…
Milli iradəni heçə sayan bir zehniyyəti “ən etibarlı tərəfdaş” edərkən öncə hüququ…
Demokratiyanı…
Azadlıqları…
Azad seçkini…
Adil məhkəməni də etibarsız elan edin ki, hər kəs işini bilsin.
Bu sadalananların sizin üçün yalnız hobbi, ədəbiyyat mövzusu, populizm olduğunu anlamayanlar da anlasın.
Anlayanlar üçünsə onsuz da hər şey aydındır. Onlar Qərbin son 50-70 illik tarixinin totalitar rejimlərlə…
Anti-xalq hakimiyyətləri ilə kirli bazarlıqlar, çirkin sövdələşmələr tarixi olduğunu yaxşı bilirlər.
***
Avropalıları qaz müqaviləsinə görə təbrik edirəm.
Aldıqları qazı xeyir işlərdə işlətsinlər.
Heç vaxt dəm qazından “nə eləyim, necə eləyim” deməsinlər.
Bir də…
Bir də arzu edirəm, “balıq hafizəli” olmasınlar, bir zamanlar qaz kameraları üzündən yaşadıqları fəlakətləri, faciələri unutmasınlar.
Qaz avtomobillərini yaddan çıxarmasınlar.
Başqa heç nə demirəm.
Biz “l” deməmiş onlar “ləbləbə” deyirlər.
Bu dediyimi də bal kimi anlayarlar, hər halda.