ATƏT PA Anar Məmmədliyə azadlıq tələb edir

ATƏT-in Parlament Assambleyasının liderləri Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsindən narahat olduqlarını bildirirlər.

Assambleyada Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər üzrə Komitənin rəhbəri, Portuqlaiyadan olan deputat İsabel Santos dekabrın 18-də bildirib ki, bu həbs Azərbaycan hökumətinin tənqidi fikirləri və müxalifləri susdurmaq üçün hüquqi vasitələrdən istifadəsinin bir formasına çevrilə bilər: “ATƏT-in üzvü olan bir dövlət kimi Azərbaycan nəinki Anar Məmmədli ilə hüququn aliliyi çərçivəsində davranmağa cavabdehdir, eyni zamanda da hakimiyyət onun təşkilatını və başqa vətəndaş cəmiyyəti qurumlarını qorumalı, onları təhdid etməməlidir”.

Bu Komitənin məruzəçisi, Serbiyadan olan deputat Gordana Comic isə Azərbaycan hakimiyyətini Anar Məmmədlini dərhal azadlığa buraxmağa çağırdıqlarını deyir: “Hakimiyyət həmçinin elə addımlar atmalıdır ki, onların ATƏT-in əsas prinsiplərini başa düşdüklərinə əmin olaq. Azərbaycanda daha bir vətəndaş cəmiyyəti fəalının həbsi yolverilməzdir. Biz bu hadisə ilə bağlı suallarımıza çox açıq cavablar tələb edirik” (“Azadlıq” radiosu).