Akademiyada işləyən dostlardan biri tezdən zəng vurub Anar Əliyevin tutulduğunu bildirdi. “Ola bilməz, – dedim,- onu tutan rejim özünü tutmuş olar”. Dostum bunu qəzetdən oxuduğunu dedi. Onda dedim: “Ya qəzet yanlış yazıb, ya da sən düz oxumamısan”. O, bir də qəzetə baxandan sonra: “Hə,- dedi, – bilmirəm necə olub, Anar Məmmədli yerinə Anar Əliyev oxumuşam”. Bu yerdə deyiləsi çoxlu el sözü var, demirəm. Burası bəllidir: neçə gündür bu ölkənin sosial-siyasi aktivləri Anar Əliyev adlı bir fenomenal neft satıcısının böyük biznes epopeyasını izləməkdədir. Sözsüz, neçə gündür hamı bu fenomenal kriminalın nə ilə qurtaracağını gözləyirdi.
Bax elə bu yerdə, bütün gözlər rejim ekranına dikilən çağda, Anar… Məmmədli tutuldu. Çox ola bilsin, mənim dostum kimi çoxları çaşbaş qaldı, kimlərinsə Əliyevlə Məmmədli arasında yanlışa yol verdiyini düşündü. Bilirəm, inanıram: “Azadlıq” da kimsə başısoyuqluqdanmı, yorğunluqdanmı belə bir yanlışa yol verər, Anar Əliyev yerinə Anar Məmmədli yaza bilərdi. Dönə-dönə bildirirəm: bu yalnız bizim başlıca müxalifət qəzetimiz “Azadlıq”da ola bilərdi. Ancaq başında Ilham Əliyevin durduğu rejimdə, yaxından-uzaqdan bu rejimə bağlı mediada dünyasında belə yanlışa yol verilməzdi; onlar hamısı gözəl bilirlər: rejim Anar Məmmədli dura-dura Anar Əliyevi tutmaz! Demək istəmirəm “Azadlıq”da işləyənlər bu gerçəyi bilmirlər, bilirlər özü də hamıdan artıq. Burada olsa-olsa başısoyuqluq, yorğunluq faktoru öz işini gərə bilər. Orada isə rejim gerçəklərinə bağlı konyunktura faktoru. Ortadakı çoxsaylı faktlardan onlar gözəl bilirlər: Ilham Əliyev Ölkədən keçər, Anar Əliyevdən keçməz!
Anar Məmmədliyə gəlincə, rejim tutub bəlli cinayət işini açmasaydı belə, bu adamın CINAYƏTKAR olması faktı ortada idi: onun başında durduğu qurumun 9 oktyabr seçki dəyərləndirməsi! Baxın, rejimin Yer üzünün bu başından o başına satın aldığı bir çox kimsələr, o sıradan, Ingiltərədən olan deputat Robert Valter AŞ PA tribunasından bildirir: “Ilham Əliyev xalqın 85 faizinin səsini qazanıb. O, Azərbaycanın legitim prezidentidir, bu fakt quşqusuzdur”. Adam Azərbaycanda yaşamasaydı, bu ingilis Robertə ürəkdən inanar, onun pula satıldığına azacıq da quşqusu olmazdı. Anar Aəmmədli Azrbaycanda yaşayır, Seçkilərin Monitorinqi adlı qurumun başında durur. Bu fakt istənilən seçki dəyərləndirməsinin Anar bəyin görəv borcu olduğunu göstərir. Düzdür, bizdə boynuna belə borc götürüb o borcu boynuqarışıq illərlə rejim bazarına çıxarıb satanlar çoxdur…
Bizim bir çoxumuz kimi, indiki rejimdə Anar bəyin başlıca, bağışlanmaz CINAYƏTI satılmamaqdır. Indiyədək satılmadığından da o, 9 oktyabr seçkisini saxta adlandırıb. Bu isə Ilham Əliyevin legitim prezident olmaması deməkdir. Bunu, bəlli olduğu kimi, ATƏT də deyir. Ancaq, legitim olmasa da, bütün dövlət rıçaqları onun əlindədir, buna görə də o, bir yandan Anar Əliyevə 100 milyonlarla dollarlıq oğurluq neft satdırır, o biri yandan Anar Məmmədlini tutdurur. Başqa cür ola da bilməz: ya o tutulmalı idi, ya da bu. Xalqın seçiminə görə Anar Əliyev tutulmalı idi, Ilham Əliyevin seçiminə görə Anar Məmmədli. Bəlli olduğu kimi, bütün seçkilərin, başlıcası da prezident seçkilərinin saxtalaşdırıldığı ölkədə xalqın seçimi olmur, ola bilməz. Olsaydı, onda ölkədən 100 milyonlar, 48, 17 milyardlarla dollarlıq pul oğurlanıb çıxarılmazdı. Ortada düzgün seçki – xalqın seçimi olsaydı, sözügedən oğurluq faktlarının bircəsi ortaya çıxınca… 1) prezident postundan əl çəkər; 2) parlamentdə prezidentə impiçment irəli sürülər; 3) prezident oğurluq faktı ilə bağlı cinayət işi başladardı. Ancaq… bunlar demokratik, hüquq dövlətində ortaya çıxan variantlardır.
Anar Məmmədli kimilərin tutulmağı alternativi olmayan diktatura variantıdır. Diktaturanın GÖZƏLLIYI onun alternativsizliyindədir.