Bizi necə siyasiləşdirirlər?

Günümə baxın, səhər hələ yarım yuxuluyam, SMS alıram: “Bu gün Əbdülün ad günüdür, neyləyək?”

Əbdül?

Özümə gəlirəm, hə, bu, yenicə şərlənib türməyə atılan gənc dostumuz Əbdül Əbilovdu.

Ad günündə bu saf insan üçün nə edə bilərik ki?

Siyasi iddialardan, hansısa siyasi quruma simpatiyadan çox uzaq olan bu gənc insanın günahı hamımıza bəllidir. O, yaltaqlıqdan iyrənmişdi, “facebook”da “Yaltaqlığa dur deyək!” adlı səhifə yaratmışdı. Dövlət isə onu dama basaraq bizə sübut etmək istəyir ki, yaltaqlıq bu ölkədə müqəddəs elan edilib, ona qarşı çıxmaq cinayətdir.

Əmin olmaq istəyirəm, bu həbs Əbdülü daha da təkmilləşdirəcək, mətinləşdirəcək. Bunu mənə bir fakt xüsusilə deməyə əsas verir.

Əbdül tutulan gün kitabxanadaydım. Anası hardansa nömrəmi öyrənib, mənə zəng etmişdi. Yerin tələbinə uyğun olaraq, sakit səslə danışırdım.

Birdən ana mənə yaxşı bir söz dedi: “Qorxursan bala? Qorxma!”

Oğlu həbs olan ana təlaşlı deyildi, əksinə, mənə təskinlik verirdi ki, sən qorxma.

Bahalaşma əleyhinə keçirilən mitinqdən 3-4 gün əvvəl isə ana məndən mitinqin yerini və vaxtını soruşanda özüm-özümə dedim: “Rahat ol, Əbdül, cəngavər kimi anan var. Və bu mübarizədə anaların nifrətini, lənətini qazanan hakimiyyət çox yaşaya bilməz!”

***

Saat 11-i göstərir. Aman Allah, saat 12-də Nicat Əliyev üçün keçirilən mətbuat konfransında olmalıyam axı…

Nicat kimdir?

Gənc bir jurnalist. Hakimiyyətin keçirdiyi “Eurovision” müsabiqəsini bəyənmədiyi üçün onu şərləyib 10 il həbs cəzası veriblər. Nicat həbs olunanda 24 gün imiş evlənibmiş…

Artıq nəsə yazmağa ehtiyac varmı?

Ona həbs edildiyi ilk günlərdə verilən işgəncələri oxuyanda adam o dünyanı görüb gəlir. Azərbaycan hakimiyyəti xaraktercə namərddir. Bizdə bir məsəl var: “Igid yıxdığını kəsməz…”

Bunlarsa yıxdığını nəinki kəsir, hətta doğrayır, sonra ona böhtan, şər də atır.

Konfransa yetişirəm. Nicatın müdafiəsi üçün hərəmiz bir şeylər danışıb yekunlaşdırırıq.

***

Nəfəsimi yenəcə alıram, saat 15.00. Bu dəfə isə şərlənərək iki gün əvvəl zindana atılan hüquq müdafiəçisi Anar Məmmədlinin işığına yığışmışıq.

Anar Məmmədlinin həbsini müsbət qarşıladım. Bu həbs Ilham Əliyev hakimiyyətinin öz gerçək konturlarının xalqa nümayişi üçün gözəl fürsət yaradır.

Bilirsinizmi, bir dəstə çoxbilmiş “politoloq” var. Onların işi-gücü Ilham Əliyevdən qərbmeylli obraz düzəltməkdir.

Anar Məmmədli də Ilqar Məmmədov kimi Qərbə inteqrasiyanın amansız tərəfdarlarından idi. Nə oldu?

Bu həbslə Ilham müəllim o yaramaz dəstəyə başa saldı ki, ona iftira atmasınlar.

Əlahəzrətin, “Azadlıq” radiosunun yayımına qadağa qoyması, Qərbin Bakıdakı mühüm mərkəzlərinin qapısından qıfıl asmağı bacarmasından sonra bu qərbpərəst cavanları türməyə doldurması çox təbiidir.

Ilham müəllim Odlar Yurdunda şəxsi kolxozunu qurmaqda israrlıdır. Bu kolxoza xor baxanların qabağına isə o, kürü atmaqla hələ ki, siyasi dayanaqlığını saxlaya bilir.

Bu, hara qədər davam edəcək, yaxınlarda biləcəyik.

Xüsusən, Anar Məmmədlinin həbsi Qərb dünyası üçün əlamətdar bir imtahandır. Görək onlar bu imtahandan üzü ağ çıxacaqlarmı?

***

Günü başa vurmaqdaykən daha bir zəng. Sabah saat 12.00-da vicdan məhbusu, jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimliyə həsr edilən mətbuat konfransı var.

Səhər saat 10.30-da isə NIDA-çı gənclərin məhkəməsidir.

***

Yazılanlar hələ tam mənzərə deyil. Bu, təkcə mənim günüm deyil. Minlərlə vicdanlı, ölkənin taleyini azacıq düşünən insanı hakimiyyət belə giriftar edib.

Bir dəli quyuya bir daş atıb, yüz ağıllı onu çıxara bilmir. Vəziyyətimiz təxminən belədir…