1. Heç şübhəsiz, Anar Məmmədlinin həbsi sifarişlidir və rəhbəri olduğu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin 9 oktyabrdakı seçki saxtakarlığının ifşasında oynadığı önəmli rola görə qurulmuş qisas əməliyyatıdır.
Digər tərəfdən, bu həbslə Azərbaycanda adil və azad seçkiyə dair ən sonuncu ümidlər də öldürülmüşdür. Artıq MSK-nı da ləğv etmək olar. Sabah bir yaptokrat çıxıb “seçki bəşəriyyət tarixinin ən cəfəng icadlarından biridir və biz ondan imtina edirik” desə, şəxsən mən alqışlayacam. Çünki Əliyev rejimi adına səmimi olan da elə bu olardı.
***
2. Təzəlikcə Azərbaycan neftinin “gizli sahibi”nin kimliyi açıqlandı – Anar Əliyev. El-aləm Əliyev rejimindən bu Anarın hansı qaranlıq yollarla “neft maqnatı”na çevrildiyinin…
Bu misli olmayan sahibkarlıq fəaliyyətinə necə “yaşıl işıq” yandırıldığının hesabını istərkən, yaptokratiyanın tamam başqa bir Anarı – Məmmədlini “qanunsuz sahibkarlıq fəaliyyəti”nə görə həbs etməsi həm gülüncdür, həm də məntiqlidir.
Niyə gülünc olduğunu deməyə ehtiyac yoxdur.
Məntiqlidir, ona görə ki, bu rejimin idarəetmə təfəkkürü elə bundan ibarətdir; xatırlayın – iki il öncə ölkənin baş prokuroru “ərəb baharı”nın Azərbaycana sıçramaq qorxusu və təlaşı ilə çıxıb “korrupsiya ilə mübarizəyə özümüzdən başlamalıyıq” dedikdən sonra 18 yaşlı ictimai fəal həbs edilmiş, beləliklə, özlərindən başlamalı olduqları “korrupsiya ilə mübarizə”ni çiçəyi burnunda bir gəncdən “başlamışdılar”.
***
3. Bir neçə gün əvvəl Sumqayıtda radikal dini qrup üzvləri arasında atışma xəbəri ilə bağlı yazmışdım və təkrarlamağa ehtiyac duyuram: O atəş səsləri həm də Azərbaycanın sürətlə yuvarlandığı təhlükənin siqnal səsləridir.
Dini ekstremizmin, radikalizmin ayaq səsləridir.
Əgər siz bir ölkədə hüququ, ədaləti əzib keçərsinizsə…
Insan azadlıqlarını yox sayarsınızsa…
Siyasi mübarizə imkanlarını insanların əlindən alarsınızsa…
O ölkəni siyasi intiqam duyğusu ilə idarə etməyə çalışarsınızsa…
Fərqli düşünən hər kəsi düşmən elan edib onları dəmir barmaqlıqlar arasına atmağı böyük bir mərifət zənn edərsinizsə…
Sivil, çağdaş, uyğar insanların mübarizəsinin önünə sifarişli məhkəmələrinizlə, polis dəyənəklərinizlə, rezin güllələrinizlə çıxarsınızsa, o zaman həmin ölkədə hər cür ekstremizmin (dini, etnik və s.) önünü açmış olarsınız.
Zorakı, şiddətə dayanan mübarizə yollarına “yaşıl işıq” yandırmış olarsınız.
Ərəb ölkələrinə baxın: orada silahların işə düşməsinin tək səbəbi siyasətin susdurulması idi. Bəli, siyasətin susdurulduğu yerdə silahlar danışır.
Məhz bu səbəbdən indi Azərbaycandakı hər sifarişli siyasi həbs, beləcə, siyasi mübarizə imkanlarının yox edilməsi bu ölkəyə edilən pisliklərin ən böyüyüdür. Doğrudanmı, rejim içində bunu anlayacaq və iradə sahiblərinə anladacaq heç kim yoxdur?!
***
4. Xalq unutqan ola bilər.
Amma tarix “balıq hafizəli” deyil.
Bəlkə indi kimlərsə düşünür ki, Azərbaycanın vicdanlı, ləyaqətli adamlarını ədalətsiz məhkəmələr yolu ilə cəzalandırmaq…
Onları ömürlərinin ən gözəl illərini həbsxana barmaqlıqları ardında keçirməyə məhkum etmək bu günlə sınırlı qalacaq, illər sonra unudulub gedəcək – yanılırlar.
Tarixin yaddaş pəncərəsindən baxdıqda heç kim unudulmur, heç nə yaddan çıxmır.
Bu gün sifarişli həbslərdə, hətta ən epizodik rol alanların özləri də yüzlərcə, minlərcə insana yaşatdıqları haqsızlığın, zülmün bədəlini ödəyəcəklər.
Özləri olmasa belə, övladlarının, oğul-uşaqlarının, nəvə-nəticələrinin çiyni bu töhmətin altında əziləcəkdir.
Elə bir gün gələcək, onlar atalarının, babalarının, digər doğmalarının Əliyevçi repressiya maşınının vintciyi və təkərciyinə çevrilməsinin utancını mütləq yaşayacaqlar. O qınağı hər kəsin gözündən oxuycaq, o lənəti hər kəsin dilindən eşidəcəklər.
Lap 37-ci il zülmündə hər hansı rol alanların övladlarının hələ də yeri gəldikcə valideynlərinin əməllərinə görə hesab vermək, xəcalət duymaq məcburiyyəti qarşısında qaldığı kimi!
***
5. Ədaləti yox etməyin!
Unutmayın ki, o, bir gün sizin özünüzə də lazım olacaq.