Fransanın “Total” və Norveçin “Statoil” şirkətləri TANAP layihəsinə girməyəcəklərini rəsmən elan ediblər. Bu barədə “The Financial Times” qəzeti xəbər verir. Xəbərdə deyilir ki, Fransa və Norveç şirkətləri Azərbaycandan Türkiyəyə çəkiləcək yeni qaz kəməri ilə bağlı investisiya xərclərinin durmadan artmasından ehtiyat edərək layihədə onlara təklif olunan paydan imtina edirlər (Virtualaz.org). TANAP layihəsində SOCAR-ın payından “Total”a 5, “Statoil”a 12 faiz pay təklif edilmişdi. Layihədə 20 faiz pay Türkiyənindir, BP isə 21 faiz pay almağarazılaşıb. Kəmərin çəkilməsi üçün tələb olunan xərclərin məbləği hazırda 12 milyard dollar qiymətləndirilir.
Qəzet yazır ki, TANAP Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropanın mərkəzinə nəqlinə yönəlmiş ambisiyalı layihənin bir hissəsidir. Bu layihəyə Türkiyənin güclü siyasi dəstəyi var. Lakin TANAP-ın əvvəlcə 7.5 milyard dollara başa gələcəyi planlaşdırılsa da tikinti xərcləri 12 milyard dollara qədər artıb. Bu da tərəfdaşlar üçün maliyyə riskləri yaradır. “Şahdəniz-2” üçün tələb olunan investisiya xərcləri isə 40 milyard dollardır. TANAP-dakı mənbə bildirib ki, layihədə iştirak barədə müqavilələrin bu gün Bakıda imzalanması planlaşdırılırdı. Lakin təkcə BP TANAP-a girmək barədə müqaviləni imzalayıb. Mənbə deyib ki, “Total” və “Statoil”un imtinası TANAP-ın həyata keçirilməsinə mane ola bilməz. Xatırladaq ki, bundan əvvəl SOCAR-ın həmin şirkətlərə təklif olunan payı Türkiyəyə təklif etdiyi məlum olmuşdu. Türkiyə hələ TANAP-da payını artırmaq barədə qərar verməyib.
“Statoil” şirkətindən yayılan rəsmi açıqlamada isə deyilir ki, şirkət kommersiya risklərini nəzərə alaraq TANAP-a qoşulmamaq qərarı alıb. Bununla belə “Statoil” Transadriatik Qaz Kəməri (TAP) layihəsində iştirakçılardan biri olaraq qalır. “Biz layihədə iştirak potensialımızı, riskləri və optimal iştirak variantlarını hesablayaraq belə qərara gəldik ki, TANAP-a daxil olmayaq” deyə şirkətin rəhbəri Helge Lund bəyan edib. Şirkət bildirir ki, əsas səylərini “Şahdəniz-2”dəki investisiya payını maliyyləşdirməyə yönəldəcək.


