Sualların izi ilə

1. Bakı doğrudandamı, yaşıllıqlar şəhəridir?

Bugünlərdə Ilham Əliyev çıxışlarından birində Bakını “parklar və bağlar şəhəri” adlandırdı.

Və iqtisadçı dostların açıqlamalarından möhtərəmin Bakı haqqında qiymətləndirməsinin reallıqla nə qədər üst-üstə düşdüyünü anlamaq çətin olmadı.

Rəsmi məlumata görə, hazırda Bakının mərkəzi hissəsinin (təxminən 1600 hektar) cəmi 7 faizi (115 hektar) yaşıllıqlardan ibarətdir. Dünyada ərazisinin 30 faizdən çoxunu yaşıllıqlar təşkil edən paytaxtlar var (məsələn, elə Moskvanın özü). Bakıda isə 1991-ci ildə adambaşına 21,1 kvadratmetr yaşıllıq düşdüyü halda, bu gün bir sakinə cəmi 2 kvadratmetr yaşıllıq düşə, ya da düşməyə. Halbuki, məsələn, dünyanın ayrı-ayrı paytaxt şəhərlərində bu göstərici 10-30 kvadratmetr aralığında dəyişir.

Yaxşı, bundan sonra Bakını bağlar, parklar şəhəri adlandırmaq hansı məntiqə sığır?

Rəqəmlər öz yerində. Indi də gözlə görünən bir neçə həqiqəti xatırlayaq.

Təzəlikcə möhtərəm paytaxtda Dədə Qorqud parkının qırmızı lentini kəsdi. O parkda “Kitabi Dədə Qorqud”a ağac heykəli qoyulub. Mən həmin heykəli fotolardan gördüm, vallah nə deyim, adamın bir sənət əsərinə, heykələ Ərdoğan kimi durub “uçube” deməyə dili varmır, amma bəzən başqa söz tapmaq elə də asan deyil. Bu heç. Parkın özünün yerində isə çoxillik ağaclar vardı. Indi soruşmalı: o təbii, çoxillik ağacları kəsib yerində ağaca heykəl qoymaqlamı Bakı “parklar, ağaclar şəhəri”nə çevrilir?

Və ya yaxın keçmişdə paytaxtın ən qiymətli yaşıllıqlarından olan “Zeytunluq” faciəsi hələ də unudulmayıb axı.

Bundan sonrasını artıq özünüz düşünün.

2. MDB  hara, seçki hara?

Xəbər saytlarında oxudum, Bakıda – Milli Məclisdə, “MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” mövzusunda seminar keçirilirmiş.

Nə qədər ironikdir.

Əvvəla, adama gülməli gəlir ki, axı seçki qanunvericiliyinin inkişafı, təkmilləşdirilməsi, düzgün tətbiqi kimi məsələlər MDB ölkələrinin nəyinə lazımdır? Axı onların hansında seçki var? MDB hara, seçki hara?

Ikincisi, mənə maraqlıdır, həmin MDB ölkələrindən el basa-basa gəlib həmin seminarda bizdən nə öyrənirlər? “Prezidentdən keçən siyahını pozdurmağın” üsullarınımı? Bəlkə “otvyorka”dan düzgün istifadə qaydalarını? “Karusel”imi? “Topa-topa bülleten”i gizlətməyin at işləməz yollarınımı?

Amma bir halda ki, azad, ədalətli seçkinin heç bir anlam ifadə etmədiyi MDB ölkələrindən gəlib bizdən nəsə öyrənmək istəyirlər, o zaman Məzahir Pənahovun timsalında Əliyevçi rejimi təbrik etmək olar. Bu, seçkini farsa, şouya çevirməkdə yaptokratların məharətinin, bacarığının etirafıdır, təsdiqidir. Yoxsa, onlardan niyə öyrənmək istəsinlər ki?

Gəlin, yaptokratlara bu seçki repetitorluğunda uğurlar arzulayaq.

3. Qardan nə istəyirsiniz?

Bu saat uca xalq, sevgili millətimizin şikayətinin bircə ünvanı var – o da qardır.

Hansısa məntiqlə başdan-başa mərmər döşənmin küçələrdə yıxıb qol-qıçlarını sındırırlar, günahkar – qardır.

Su xətləri donur – günahkar qardır.

Qazın təzyiqi aşağıdır – günahkar yenə qar.

Meyvə-tərəvəz bazarlarda od tutub yanır, səbəb: “Qar yağmasa, bu qədər bahalaşma olmazdı”.

Yollar keçilməzdir – babalı qarın boynundadır.

Sizə bir söz deyimmi?

Siz zəhmət çəkib layiqli bir hakimiyyət, doğru bir idarəetmə qura bilməyin, sonra da deyin ki, bu qar niyə yağır, qar bizə yaraşmır-filan.

Mənim könlüm qarla bir yerdədir.

Əcəb edib yağır, hələ könül istər ki, yayda da yağsın.

Qarın günahı deyil ki, siz hökumətlə hökumətlik etmək istəmirsiniz, ağa deyirsə “sür dərəyə”, sürürsünüz dərəyə. Qarın günahı deyil ki, hesab istəməkdən, sorğulamaqdan qorxursunuz. Qarmı günahkardır ki, korrupsiyada mahir, büdcəni talamaqda analoqsuz, amma adi təbiət hadisələri qarşısında belə yarıtmaz bir hakimiyyətə dözürsünüz?!