Natiq Cəfərli: «Neft hasilatının getdikcə azaldığı bir dövrdə qaz gəlirləri müəyyən dərəcədə ölkənin gəlirlərinin artırılmasında mühüm rol oynayacaq»
Bu gün “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarının qəbulu çərçivəsində 39 sənədin imzalanması planlaşdırılır.
“Şahdəniz” işlənilməsinin ikinci mərhələsinin dəyəri 25 mlrd dollar həcmində qiymətləndirilir, bu barədə BP şirkətinin (texniki operator) bu ilin üç rübünün nəticələrinə dair hesabatında deyilir. Bu layihə çərçivəsində ilk qazın 2018-ci ildə alınacağı planlaşdırılır. Yatağın işlənilməsinin ikinci mərhələsi çərçivəsində 16 mlrd kubmetr qaz hasil edilməsi planlaşdırılır, onun 6 mlrd kubmetri Türkiyəyə, 10 mlrd-ı Avropaya nəql ediləcək. “Mərhələ-2″ layihəsinin bütün dövrü ərzində yataqlardan 360 mlrd kubmetrə yaxın qaz çıxarılması planlaşdırılır. Qeyd edək ki, ”Mərhələ-1″ çərçivəsində bu göstərici 178 mlrd kubmetrdir. Layihənin iştirakçıları BP (operator) (25,5%), Statoil (25,5%), SOCAR (10%(, NICO (10%), Total (10%), LUKoil (10 %) və TPAO (9%) şirkətləridir. Müqavilənin müddəti 2036-cı ilin oktyabr ayında başa çatır.
Artıq bir neçə gündür rəsmi mətbuat və telekanallarda müqavilənin əhəmiyyəti barədə danışılır.
Qeyd edək ki, 1994-cü ildə imzalanan Neft Müqaviləsi də eyni qaydada təriflənsə də, əslində müqavilə şərtlərinin 1993-cü ildə Elçibəy hakimiyyəti dövründə hazırlanan şərtlərdən xeyli geri qaldığı məlum idi. Budəfəki müqavilə necə, Azərbaycan üçün daha sərfəli variantda ola bilərdimi?
Iqtisadçı-ekspert Natiq Cəfərli “Şahdəniz” yatağı ilə bağlı müqavilənin Azərbaycan üçün çox vacib olduğunu deyir. Çünki neft hasilatının getdikcə azaldığı bir dövrdə qaz gəlirləri müəyyən dərəcədə ölkənin gəlirlərinin artırılmasında mühüm rol oynayacaq: “Müqavilə imzalanarkən hər iki tərəf sona qədər düşünür ki, daha yaxşı variant da ola bilərdi. Amma enerji daşıyıcıları ilə bağlı müqavilələr tək iqtisadi əsaslarla, iqtisadi göstəricilərlə hesablanmır. Burda həm də ciddi siyasi amillər də rol oynayır. Siyasi və iqtisadi amilləri də nəzərə alınaraq hər iki tərəfin layihənin imzalanmasına razılıq verməsi onu göstərir ki, müəyyən kompromislər əldə olunub”.
Ekspertin sözlərinə görə, Azərbaycan üçün ən vacib elementlərdən biri bu müqavilə çərçivəsində istifadə olunan avadanlıqların bir hissəsinin Azərbaycanda istehsalı ola bilərdi. Bu da maşınqayırmaya, yeni iş yerlərinin yaradılmasına təkan ola bilərdi. Ancaq müqavilədə belə bir bənd yoxdur. Müqavilənin investisiya tərəfinə gəldikdə, ölkəyə külli miqdarda yeni xarici investisiyaların gəlməsi müsbət addımdır. Bu həm iqtisadi canlanmaya müəyyən dərəcədə kömək edəcək, həm də bu investisiyaların cəlbi Azərbaycanda iqtisadi artımda müəyyən təkan rolunu oynaya biləcək: “Investisiyalarla, texnologiyalarla bağlı Azərbaycanda problemlər olduğu üçün məcburən kompromis variant seçilərək investisiyalar müqabilində texnologiyaların, avadanlıqların xaricdən gətirilməsinə razılıq verildi. Güman ki, Azərbaycan hökumətinin maraqları çərçivəsində, siyasi məsələlər də nəzərə alaraq belə bir müqaviləni imzalamağa razılıq verilib”.
Fizzə


