Kəmaləddin Heydərov zərbəni özündən yayındırır

Nazir zəlzələdən zərər çəkənləri aldadanlarla bağlı prokurorluğa müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının nalayiq hərəkətləri ilə bağlı bu il nazirliyə 133 müraciət olunub. APA-nın xəbərinə görə, bunu FHN-də nazirliyin yaradılmasının 8-ci ildönümü ilə bağlı keçirilən tədbirdə nazir, general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Nazir deyib ki, işə düzəltmək adı ilə pul alınması faktı üzrə 4 əməkdaş barəsində iş prokurorluq orqanlarına göndərilib. Bundan əlavə, özlərini nazirliyin əməkdaşı kimi təqdim edib, vətəndaşlardan pul alınması ilə bağlı 3 fakt üzrə, FHN əməkdaşı adı ilə zəlzələdən zərər çəkmiş vətəndaşları aldadıb, pul almış şəxslərlə bağlı isə 5 fakt üzrə iş prokurorluq orqanlarına təqdim olunub.
Zəlzələnin nəticələrinin aradan qaldırılmasında korrupsiya hallarına yol verilməsi, zərərçəkənlərin aldadılması və s. bu kimi neqativ hallar barədə mətbuatda vaxtaşırı yazılar dərc edilib. Bundan başqa “Kür” Vətəndaş Cəmiyyətinin zəlzələ bölgəsində apardığı monitorinqdə də dəhşətli faktlar aşkarlanmışdı. Təşkilat bu faktları hesabatında açıqlamışdı.
Bəlli olmuşdu ki, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər şişirdilib, həmçinin zərərçəkənlərə kompensasiya verilməsi və evlərinin təmir-tikintisi tam başa çatdırılmayıb. Bir neçə dəfə bununla bağlı zərərçəkənlər etiraz aksiyası keçirib. Lakin zəlzələ bölgəsində bu problemlər hələ də qalmaqdadır.
Kəmaləddin Heydərovun hakimiyyətdəki rəqibləri də bu məsələdən onun əleyhinə istifadə edirlər. Görünür, “fövqəlnazir” zərbəni özündən yayındırmaq üçün müəyyən addımlar atmağı qərara alıb.