Baxıb kürdün bayrağına…

Biabırçı Fələstin məğlubiyyətindən sonra Ilham Əliyevin baş mühafizəçisi, general Bəylər Əyyubova xitabən bir yazı yazmışdım. Yazıda ölkədə futboldan başı çıxan kürd qardaşlarımızın olduğunu vurğulayaraq bu strateji idman növünü başqa bir kürdə tapşırmağı rica etmişdim. Razılaşın ki, bir vətəndaş, bir yazar, nəhayət ölkənin 95 faizdən çoxunu təşkil edən bir etnosun nümayəndəsi kimi mənim buna haqqım çatır. Bəlkə də bir az o yana keçir, çünki futbol dünyanın bir nömrəli idman növü olmaqla bərabər, həm də istənilən ölkənin xarici imicini formalaşdıran amillərdəndir. Milli komandamızın hər məğlubiyyəti bir vətəndaş kimi məni də məyus edirdi. Aydın məsələdir ki, Rövnəq Abdullayev postunda qaldı, üstəlik, futboldan anlamayan adamlarını gətirib işin içinə soxdu. Əlqərəz, futbolumuz FIFA və UEFA-nın bu idman növünün inkişafı üçün ayrılan üç-beş milyonun əsirinə çevrilib. “Işin” başında da Rövnəq Abdullayev durub. Mən heyrətlə futbolun inkişafı haqda yazılan yazıları, telekanallardakı bəy təriflərini izləyirəm. Əvvəlcə inkişafa görə prezidentə təşəkkür edilir, daha sonra isə, muzdlu jurnalistlər Rövnəq Abdullayevin tərifini göyə qaldırırlar. Futbolda inkişaf qazanılan qələbələrlə ölçülür. Yəni  “iqtisadi inkişaf”dan fərqli olaraq, burada məsələ başqa cürdür. Burada inkişaf haqda boşboğazlıq etmək ilk baxışda mümkünsüz görünür, çünki ortada 90 dəqiqənin sonunda stadionun iri tablosunda yazılan hesab var. Allah insanı da məhz ona görə yaradıb ki, o başqa canlılardan fərqlənə bilsin, yəni tabloda hesaba baxıb, udub-uduzmadığını müəyyən edə bilsin. Kimə deyirsən, deyirlər ki, futbolda inkişaf var və onun memarı Rövnəq Abdullayevdir. Bir neçə il bundan əvvəl, səhv etmirəmsə “Neftçi” avrokuboklarda bir səfər matçı oynayırdı. Komandanın Elnur adlı mətbuat katibi, canlı efirə Bakıdan qoşularaq, futbolumuzun inkişafından danışmağa başladı. Adəti üzrə ölkə və AFFA prezidentlərinin futbola “qayğısından” danışmağa başladı. Və bu qısa nitq ərzində rəqiblər qapımızdan iki qol keçirdilər. Onun bu zaman azı mədhiyyəyə ara verəcəyini düşünsəm də, yanılmışdım. Əksinə, təmkinlə tərifi bitirdi, sonra da tamaşaçıların diqqətini stadiondakı dalğalanan bayrağımıza(!) yönəltməyə çalışdı… Bu yaxınlarda Hollandiya televiziyası Azərbaycan çempionatından səhv etmirəmsə, “Xəzər Lənkəran”-“Neftçi” oyunundan bir kadrı göstərdi. Hakimin gözü önündə lənkəranlı futbolçunun ağzı-burnu əzilir və zərərçəkənə tibbi yardım əvəzinə… kart göstərilir. Onların videoroliki bu sözlərlə bitir, “əvvəl elə bildik ki, bu başqa oyundur”(!)… Bu gün məmləkətdə, “necə oldu ki, illərlə bu sahədə can qoymuş, onun bütün incəliklərinə bələd insanların üzərindən, Rövnəq Abdullayevin üzərində dayandılar” sualına hər kəsin cavabı eynidir – “O, Bəylər Əyyubovun yaxın adamıdır”.  Biz bilirdik, amma bu yaxınlarda bütün ölkəyə məlum oldu ki, onun rəhbərlik etdiyi ARDNŞ-də vəziyyət futboldan nəinki geri qalmır, hətta onu kölgədə qoyur. Obrazlı desək, məlum oldu ki, Rövnəq Abdullayevin sülaləsinin yarısı “futbolçu”, yarısı da “neftçi”dir. R.Abdullayevin vəzifəyə gətirdiyi qohumlarının tutduqları postlar, şirkətin ən strateji önəm daşıyan damarlarıdır. Satış, daşıma, şirkətə büdcədən ayrılan vəsaitin başında, demək olar, bir tayfa durur. Əmisi oğlu daşınma, bacanağı təhcizat, dayısı “kislarod”(!) kimi sahələrin başında durur. Bu müdhiş siyahıda tək “təsəlli”, Rövnəq Abdullayevin qaynatasının həm də əmisi olmasıdır. O da demontaj, yəni sökmək-dağıtmaq işinə baxır. Ölkədə neft təhsili olan, saysız vətəndaşlarımız dura-dura mühüm postlara naşı kürdlərin gətirilməsinin fəsadlarını yaşayırıq. Məhz bu səbəbdən kürd əsilli, PKK simpatizanı olan müğənni Mahsun Qırmızıgülün serialını ARDNŞ maliyyələşdirir. Baş qəhrəmanın hey evlənib, boşandığı serialın hər bölümü şirkətə 200 min dollara başa gəlir. ARDNŞ-in buldozerləri ilə dağıdılan ev sahibləri arasında sadə kürd vətəndaşlarımızın olduğunu da nəzərə alsaq, söhbətin nədən getdiyini anlamaq o qədər də çətin deyil. Hazırda ölkədə kürd əsilli 26 deputat, bir o qədər də icra başçısı var. Yəni orta hesabla Azərbaycanda yaşayan təxminən hər 300 kürdə bir icra başçısı və bir deputat düşür. Mən vətəndaşım olan sadə kürdlə türkün arasında heç bir fərq görmürəm. Lakin bu gün dövlət kabinetində PKK bayrağı ilə oturan kürdəsilli məmurların olduğu da heç kimə sirr deyil. Fərqindəsizsə, ölkə də yavaş-yavaş boşaldılır… Hara gedirik?!.