Əliyev ondan dəyişiklik gözləyən dünyaya yenə repressiya ilə cavab verdi
SMDT rəhbərindən 9 oktyabr saxtakarlığını aktlaşdırmasının qisasını alırlar
Rəsmi ittiham "qanunsuz sahibkarlıq" və "vergidən yayınma"dır
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli həbs olundu. Dünən axşam saatlarında Nəsimi Rayon Məhkəməsində hakim Rəşid Səmədov Anar Məmmədlinin barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
Əldə etdiyimiz məlumata görə, Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti) və 213.2.2-ci (külli miqdarda gəlir əldə etməklə vergidən yayınma) maddələrilə ittiham irəli sürülüb.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı bildirib ki, dünən axşam saat 17.00 radələrində o, Anar Məmmədli və Elnur Məmmədli növbəti dəfə dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə çağırılıb. Axşam saat 19.30 radələrində Bəşir Süleymanlı və Elnur Məmmədli sərbəst buraxılsa da, Anar Məmmədli saxlanılıb.
Bir qədər sonra Şöhrət adlı vəkil Bəşir Süleymanlı ilə əlaqə saxlayaraq, Anar Məmmədlinin Nəsimi Rayon Məhkəməsinə, oradan isə Nərimanov Rayon Polis Idarəsinə aparıldığını deyib.
Hazırda Nərimanov Rayon Polis Idarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan Anar Məmmədlinin bu gün Kürdəxanıdakı istintaq təcridxanasına köçürüləcəyi bildirilir.
Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədli prokurorluğa vəkilsiz gedib. Anar Məmmədli saxlanılarkən ona istədiyi vəkilin xidmətindən istifadə etməyə imkan verilməyib. Tələm tələsik Şöhrət Allahmanov ona dövlət hesabına vəkil təyin olunub. Anar Məmmədlinin adıçəkilən vəkilin xidmətinə etiraz edib-etmədiyi bəlli deyil.
“Azadlıq” olaraq, sözügedən vəkillə əlaqə saxlayıb, müəyyən məqamları öyrənməyə çalışdıq. Lakin Şöhrət Allahmanov jurnalist olduğumuzu eşidən kimi, heç nə soruşacağımızı bilmədən “Bəşir Süleymanlıya zəng edin” deyib telefonu qapatdı. Bundan sonra da zənglərə cavab vermədi.
Xatırladaq ki, Azərbaycandakı prezident seçkisinə mənfi rəy vermiş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə qarşı təzyiqlər seçkidən az sonra başladı. Oktyabrın 31-də təşkilatın ofisində yoxlamalar aparıldı, bir sıra sənədlər götürüldü. Ardınca Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində cinayət işi başlandı. Bir qədər əvvəl isə Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədlinin ölkədən çıxışına qadağa qoyulmuşdu.
ABŞ Dövlət Departamenti və bir sıra başqa beynəlxalq qurumlar Azərbaycandakı seçki barədə rəylərində Anar Məmmədlinin rəhbərlik etdiyi təşkilatın hesabatlarına istinad edirdilər.
Bu həbsin Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqin Bakıya səfərindən bir gün əvvəl baş verməsi diqqət çəkir. Məsələ burasındadır ki, britaniyalı nazirin səfər zamanı Ilham Əliyevlə görüşdə Azərbaycanda insan hüquqları və demokratiya məsələlərini ciddi müzakirə edəcəyi gözlənilir. Belə çıxır ki, Azərbaycan hökuməti bu həbslə Qərbə repressiya siyasətini davam etdirməkdə israrlı olduğu mesajını verdi.
Aytən Məmmədova