Aləmi bəzər, özü lüt gəzər Ölkənin nağılı

Badi-badi giriftar, hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində. Biri var idi, biri yox idi, Anar Əliyev adında fenomenal, dəhşətli dərəcədə bacarıqlı bir oğlan var idi. Bu oğlanın ən birinci, anadangəlmə fenomenallığı Naxçıvanda doğulmasıydı. Ancaq bununla iş bitmirdi. Adam lap çox fenomenal olmaq üçün gərək hakimiyətə-neftə bağlı bir klanın doğması olaydı. Olmuşdu. Bundan sonra nə olmalı idi? Bundan sonra adam MÜTLƏQ gəlib Klanın Dövlət Neft Şirkətində işə düzəlməli idi. Bu da olmuşdu. 

Nağıl dili yüyürək olar, deyiblər. Bu oğlan Klanın Dövlət Neft Şirkətinə işə düzələndən azacıq sonra dünyanın bu başından o başına konveyer metoduyla şirkətlər düzəltməyə başladı. Sonra da başladı işlədiyi yerin neftini işləmədiyi yerlərə satmağa. Alib satmağı o hamıdan yaxşı bacardığına görə bütün Yer üzünün neft alanı da, neft satanı da onu axtarıb tapırdı. Klanın Dövlət Neft Şirkəti, demək olar, yerin təkindən son damlasındək çəkib çıxardığı bütün nefti ona satdırırdı. Axı, o hamıdan yaxşı alıb-satırdı. O, bir qollamasıyla 100 milyon dollardan artıq pul əldə edir, iki gecə qaldığı hotelə 10 min dollardan artıq pul ödəyirdi. O, Klanın Dövlət Neft Şirkətinin yiyələrinə milyonlar, milyardlar qazandırdığından ona iki gecə qalıb bir az kef çəkdiyi hötelə 10 min dollardan artıq ödədiyinə görə kimsə nəsə demirdi. Axı, milyonlar, milyardlar qazandırdığı kimsələr kimi onun da bir az kef çəkmək istəyi vardı. Beləcə, işlər altdan-altdan yağ kimi gedirdi…

Lənət şeytana! Günlərin bir günü ortaya Ingiltərədən yaramaz bir qurum çıxdı (hələ bu Allahın bəlası Xədicəni demirəm!). O yaramaz qurum açdı sandığı, tökdü pambığı. Guya Klanın Dövlət Neft Şirkətində oğurluq olurmuş, o oğurluğun başında duran da fenomenal neft satışı bacarığı ilə seçilən Anar Əliyev imiş. O çağlar Klanın Dövlət Neft Şirkətinin başında fenomenal biliyi-bacarığı ilə seçilən, adına Rövnəq Abdullayev deyilən bir kişi durarmış. Anar gətirən milyonları, milyardları gecə-gündüz durmadan sayıb üzülmək üzündən bu kişi yaddaşını bir az itiribmiş. O üzdən (istəsəniz, bu üzdən) kişi qabaqca belə buyurur: “Bunlar hamısı yalandır, mən Anar Əliyev adında adam tanımıram, tanımaq da istəmirəm”. Sonrası nə olasıdı: çağdaş dünyanın “Global Witness” (oğurluğun üstünü açan), Xədicə kimi nağıl qəhrəmanları geri çəkilmir, dirəniş göstərirlər. Bundan sonra Rövnəq kişiyə oturub yaddaşını qurdalamaq qalır. Ba, yaddaş yerinə qayıdır: Anar mənim dayımoğludur, dünyanın bütün satış tenderlərini udduğuna görə biz neftimizi yalnız ona satdırırıq – prezidentlə birlikdə”. Bizim nağıl qəhrəmanlarımız yenidən işi qurdalamağa başlayırlar: “prezidentlə birlikdə?”. Aha, işin içində iş var! Demək, prezidentin də bu işdə əli var. Bu yerdə…

Hə, bu yerdə Rövnəq kişi özünü şərə saldığını anlayır. Ancaq, tezcə də ağlına fenomenal ağıllı bir ideya gəlir: ağlınız ayrı yerə getməsin – mən prezident deyəndə Dövlət Neft Şirkətinin prezidentini deyirəm. Bilirsiz, aradan uzun illər keçməsinə baxmayaraq, mən hələ də bu ada isinişə-öyrəşə bilməmişəm; buna görə tez-tez çaşıb “prezidentlə birlikdə”, “prezidentlə mən”, “prezidentin tapşırığıyla” deyirəm. Üstəlik, sizə bildirirəm: mənim bu işlərin üstünü açmış “Global Witnessi” də, Xədicəni də məhkəməyə vermək  hüququm var, ancaq… mən bu hüququ özümdə saxlayıram. Qoy bunu hamı bilsin: hüquq Azərbaycan nefti deyil, dünya bazarına çıxarıb, pulunu… bu cibindən o cibinə ötürəsən. Hüquq əldən çıxdı, getdi… Bizdəki məhkəmələrə qalsaydı, nə vardı: kerosin, dizel yanacağı kimi lap ucuzuna alıb-satardın. Aranı “Global Witness” qarışdırdığından bu iş beynəlxalq məhkəməlikdi. Buna görə mən cəld tərpənib “məhkəməyə müraciət etmək imkanını” özümdə saxlamışam. Onu mənim əlimdən kimsə ala bilməz!