Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov media səhifələrində xüsusi canfəşanlıqla “Azərbaycan Respublikasının prezidentinin şərəf və ləyaqətinin qorunması haqqında” qanun layihəsinin hazırlanması və qüvvəyə minməsinin harayını çəkməkdə davam edir. Ah, sizi şərəf və ləyaqət davaçıları. Bu sevdaya düşəndə dönüb, şərəf və ləyaqəti ayaqlar altında xəzəl olan bir millətin necə rəzil halətə salındığının fərqində oldunuzmu? Ah, sizi şərəf və ləyaqət davaçıları. Bu təşəbbüsdə bulunarkən vətən itkisinin şərəfsizliyini yaşatdığınız millətin əldən gedən irz-namusunu qorumaq haqda nəzəri olsa da düşündünüzmü?
Təşəbbüsün ölkə prezidentindən qaynaqlandığını əminliklə söyləmək çətin olsa da qaldırılan məsələyə onun tərəfindən adekvat reaksiyanın göstərilməməsi ölkə başçısının bu cür xidmətdən razı qaldığına dəlalət edir. Əks halda ətrafında bəslənən görəvlilərin onun şərəf və ləyaqətinin qorunmasından tutmuş şəninə yağdırılan mədhiyyələrə qədər bütün riyakar cəhdlərinin qarşısını almalı və şəxsini tərif obyektinə çevirmək istəyən vəzifə dəllalarını yerində oturtmalıdır. Bu iradə nümayiş etdirilmirsə başqa mətləblər haqda düşünməyə dəyər.
Axı nə baş verir, hansı səksəkə, hansı qara qorxu hakimiyyət rəsmilərini prezidenti sadə xalqdan “qorumaq” haqda təşəbbüsdə bulunmağa vadar edib? Dünyanın bir hissəsi aclıqla çarpışmanın, sərt soyuqlarla mübarizənin peşində, bir kəsimi insan haqlarının, fərdi azadlıqların genişlənməsi istəyində olduğu halda bizimkilərə nə düşüb ki, vurhavurla prezidentin hüquqlarının müdafiəsinə qalxıb? Kimdir onun hüquqlarını pozmaq əzmində olan, kimdir onun şərəf və ləyaqətinin alçaldılmasını özünə peşə edən?
Bu məmləkətdə hüququ pozulan, şərəf və ləyaqəti yaramaz məmurlar tərəfindən ayaqlar altına salınan tək bir Azərbaycan xalqı var və bu ayaqlanmanın da baş müəllifi bu günkü hakimiyyətdir. Digər tərəfdən prezidentin konstitusiya ilə qorunan kifayət qədər hüquqları var və bu hüquqlar adi vətəndaşların hüquqlarının qorunmasından üstünlük təşkil etməməlidir. Millətlər bütün hüquqların krallarda, monarxlarda cəmləşdiyi dövrü bitirib və inkişaf edən demokratiyanın son tələbi hüquqi dövlət çərçivəsində hər bir fərdin hüquqlarını dövlət zorakılığından qorumağa yönəlib.
Başqa bir rakursdan yanaşsaq vətəndaşların, o cümlədən prezidentin şərəf və ləyaqətinin qorunması təkcə yazılı qanunlarla deyil, cəmiyyətdə ədalətin bir norma halına gətirilməsi ilə tənzimlənməlidir. Prezidentin şərəf və ləyaqətinin qorunmasının yeganə yolu ölkədə ədalətin bərpa edilməsi, qanunsuzluqlara, dərəbəyliyə son qoyulması və hər bir vətəndaşın arzu və istəklərinin gerçəkləşməsinə zəmin yaradan siyasət yürüdülməsidir.
Hüquqları qanunla qorunan, azad, firavan yaşayan, sakini olduğu məmləkətdə insan haqlarına sayqı görən, işləmək, birləşmək, azad fikir ifadə etmək kimi doğal haqlara sahib olan bir kimsə qanuni yolla seçilmiş prezidentini təhqir etməyi özünə rəva bilməz. Özünü hər addımda təhqir olunmuş görən, işləmək, yaşamaq, toplaşmaq, düşündüyünü sərbəst ifadə etmək, basqısız olaraq siyasi fəaliyyət göstərmək, azad ticarətlə məşğul olmaq, sosial fəallıq nümayiş etdirmək imkanları əlindən alınan xalq əsəbini hara yönətməli, yaşadığı acıların əvəzini kimdən çıxmalıdır?
Əgər doğrudan da bu ölkədə prezidentin ünvanına təhqirlər gəlməsini istəmiriksə, onda xalqa yönəlik təhqirli, aşağılayıcı siyasətə son qoyulmalıdır. Sən kimsən ki, xalq seçmədiyini kürsüdə əyləşdirəsən, bir nazirlikdə at oynadan cinayətkar Hacı Məmmədov çətəsinə göz yuman birisini uzun illər DIN başında oturdasan, qoçuları gün çörəyinə çıxmış sürücülərdən tutmuş, peşə borcunu yerinə yetirmək istəyən jurnalistlərə qədər hər kəsi vəhşicəsinə döyüb-əzən Ziya Məmmədovu fasiləsiz olaraq görəv başında saxlayasan?
Əslində prezidentin şəxsinə qarşı yönəlik təhqirlər varsa bu təhqirin birbaşa baiskarı prezidentin şərəf və ləyaqətinin qorunması davasını aparan rəsmilərdir. Onlardır əmrlərin əlaçı icraçıları, onlardır vergi və gömrük siyasəti adı altında iş adamının dərisini soyan, onlardır təhsil siyasəti adı altında bağçalardan tutmuş ali məktəblərə qədər bütün tədris müəssələrini rüşvətxorluq yuvasına döndərən, onlardır asayişi qorumaq adı altında xalqı polis dəyənəyinə tuş gətirən, onlardır qaçqın və didərginlərə xidmət adı altında ayrılan humanitar yardımları qapazlayan, onlardır təbii fəlakətlərdən ziyan çəkənlərə nəzərdə tutulan kompensasiyaları əridənlər, onlardır siyasi düşüncəsinə, peşə fəaliyyətinə görə tanımışlara, jurnalistlərə siyasi hökm oxuyan.
Əlbəttə, sadə xalq “onlar” dedidiyimiz bu zümrədən bezar olanda acıları yönəltməyə bir ünvan axtarır və bu ünvanın edilən sitəmlərə sərt tədbirlər görməyən prezident olduğunu yaxşı anlayırlar. Bəs prezident necə, şərəf və ləyaqətinin qorunmasına, təhlükəsizliyinin təmin edilməsinə konstitusion and içdiyi millətin hüquqlarını pozan, onu insan kimi yaşamağa qoymayan başı pozuq məmur zümrəsindən qurtulmaq haqda qərar verə biləcəkmi?
Şərəf və ləyaqət davası
•


