Vəfa Quluzadə: «Avropa Rusiyanın bütün xülyalarına nöqtə qoyur; hazırda Rusiyanın hərbi hədədən başqa heç nəyi yoxdur»
Rusiya Avropa Birliyi ilə sərhəddəki Kalininqrad vilayətində, həmçinin Latviya, Litva və Estoniyanın yaxınlığında “Iskəndər-M” raket kompleksləri quraşdırıb.
Almaniyanın “Bild” qəzeti gizli mənbələrdən əldə etdiyi bu məlumatla yanaşı, raket komplekslərinin fotoşəkillərini də yayıb. Şəkillərin süni peyk vasitəsilə çəkildiyi bildirilir.
Xatırladaq ki, “Iskəndər-M” raket kompleksləri müxtəlif yerüstü hədəflərin, raket komplekslərinin, uzaqvuran artilleriyanın və digər hərbi obyektlərin vurulması üçün nəzərdə tutulub.
Politoloq Vəfa Quluzadə deyir ki, hazırda Rusiya çox qəzəblidir, çünki mövqelərini itirə-itirə gedir: “Indi onun rəqabət üçün hərbi hədədən başqa heç nəyi yoxdur. Nə Avropa, nə də Amerika iqtisadiyyatına rəqabətli iqtisadiyyatı yoxdur. Avropa bu dəqiqə Rusiyanın bütün xülyalarına nöqtə qoyur. Ukraynadakı etirazların nəticəsi olaraq, bu ölkə Rusiya ilə əməkdaşlıq etməyəcək, Avropa Ittifaqına gedəcək. Buna görə Rusiya da Ukraynaya qarşı iqtisadi sanksiyalar tətbiq etmək istəyir. Qaz verməmək, istehsal etdiyi məhsulları almamaq, sərhədləri bağlamaq və buna oxşar başqa vasitələrlə Ukraynanı hədələyir. Rusiya bu dəqiqə Ukrayna xalqının arzusuyla qarşıdurmaya gedir. Ancaq hiss edir ki, nəticə yoxdur. Çünki xalq tamamilə başqa istiqamətə yönəlib. Amerika və Avropa xalqın bu arzusunu dəstəkləyir. Ona görə də Rusiya ənənəvi metoduna keçib. Demək istəyir ki, mən sizə hərbi zərbə endirə bilərəm. Amma o da aydındır ki, Rusiya nə Avropaya, nə də Amerikaya hərbi zərbə vura bilməyəcək. Bu, sadəcə, Rusiyanın qəzəbinin ifadəsidir. Avropa Rusiyanın hərbi sistemlərinə qarşı raket-radar sistemi quraşdırılır. Artıq Rusiya buna susub. Bütün bunlara görə Rusiya ənənəvi metodlarına əl atıb. Inanmıram ki, Qərb bu hədələrdən çəkinsin, çünki real deyil”.
Vəfa Quluzadə yada salır ki, hələ Sovet Ittifaqı dövründə də Rusiya Qərbə dəfələrə hərbi hədə tətbiq edib. Son nəticədə isə özü qüdrətli dövlət kimi çökdü: “Bu gün də Rusiya həmin yolla ”uğurla” gedir”.
Ramin DEKO


