Xalq bahalaşmaya “yox” dedi FOTO/VİDEO

Minlərlə insan soyuğun və qarın altında hakimiyyətin soyğunçuluğuna etiraz etdi

Milli Şuranın dünənki mitinqi hakimiyyətin və təbiətin şıltaqlığına verilən tutarlı cavab idi… Səhər saatlarından başlayan yağıntı, sərt hava şəraiti, mitinq vaxtının ənənəvi qaydadan fərqlənməsi – gözlənilmədən 2 saat geri çəkilməsi onun layiqincə baş tutacağına şübhələr yaradırdı. Üstəlik, bu dəfə prokurorluq “xəbərdarlıq” adı altında əslində, hədə və təxribat ruhlu bir açıqlama da yaymışdı. Lakin bütün çətinliklər aşıldı və “Bəsdir!” seriyasından növbəti aksiya tarixə düşdü.

Əminliklə demək olar ki, son illərdə belə ağır siyasi-iqlim şəraitində müxalifət bu cür uğurlu aksiya keçirməmişdi.

Mitinqin özəllikləri

Budəfəki mitinqdə gözə dəyən əlamət partiya bayraqlarının total olaraq milli bayraqlarla əvəzlənməsi idi. Şüarlar əsasən dəyişməsə də, onların məzmununda yaradıcılıq artmışdı. Gənclərin əllərində “Yenə qış gəldi, salam, köhnə palto!”, “Təhlükəni hiss edirik, Əliyevə “yox” deyirik!”, “Vicdanı ac olanlar, xalqı tox saxlamaz!”, “Xalqa üz çevirmiş rejimə üz verməyək!” kimi plakatlar vardı.

Mitinqdə siyasi məhbuslar da yaddan çıxmamışdı, günahsız yerə həbsə atılan siyasi fəalların və din xadimlərinin də fotoları nümayiş etdirilirdi.

Bu dəfə Avropaya inteqrasiya ilə bağlı şüar və plakatlar da çoxalmışdı. Mitinq zamanı da bu məqam özünü aşkar göstərdi, əvvəldən axıradək bütün çıxışlarda Azərbaycanın Avropaya inteqrasiyasının vacibliyilə bağlı fikirlər, bu prosesə mane olanlara qarşı tənqidlər səsləndi.

Bahalı həyata, ucuz siyasətə “yox” deyirik!

Bu dəfə mitinqin aparıcısı Milli Şuranın üzvü, “Azadlıq” qəzetinin yazarı Şahvələd Çobanoğlu idi. Meydanda səsləndirilən “Neft qurtaranda hakimiyyət də rədd olacaq” mahnısına replika verməklə çıxışa başlayan Şahvələd bəy əminliyini ifadə etdi ki, Azərbaycanda yorulmaz mübarizlər neft qurtarmadan da avtoritar rejimi yola salacaqlar.

Mitinqin məramı barədə danışarkən o bildirdi ki, minlərlə insan bura gəlməklə saxta seçkilərə və özbaşınalıqlara “yox” deyir: “İlham Əliyev və onun rejiminə “bəsdir” deyirik!

Biz deyirik ki, bu diktatura rejimi rədd olsun! Bizim tələblərimiz dəyişməyib, amma tələblərimizə biri də əlavə olunub. Bu da yeni bahalaşma dalğasıyla bağlıdır. Qarşıda bizi daha böyük bahalaşmalar, bütün mal və xidmətlərin qiymətinin artması gözləyir.

Bütün dünyada neft istehsal edən dövlətlər öz xalqına nefti ucuz satır. Amma bizim hakimiyyət xaricə benzini öz vətəndaşına satdığından ucuz verir. Biz bunu sənədlərlə sübut etdik, hökumət isə yazdıqlarımızı, hətta təkzib də edə bilmədi”.

Şahvələd Çobanoğlu vurğuladı ki, hakimiyyətin apardığı siyasət bahalaşmadan çox öz xalqına ucuz baxmasıdır və belə hakimiyyət mütləq istefaya getməlidir.

Acgözləri necə durdurmalı?

Bundan sonra çıxış üçün söz Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimliyə verildi:

– Əziz həmvətənlərim! İlk növbədə, bu yağışlı gündə yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirib təkcə özünüzü yox, milləti, bu günümüzü, sabahımızı düşünərək, bu fədakarlığı edib, bu meydana toplaşdığına görə sizlərə “çox sağ ol” deyirəm, var olun!

Biz bu dəfə bu meydana çox aydın tələblə gəlmişik. Azərbaycan hökuməti hələ də Azərbaycan xalqını avam hesab edir. Hesab edir ki, biz sadəlövhük. Seçki kampaniyası dövründə 10 faiz maaş artımı edib. İnsanlar 12-15 manatı almamış yanacağın qiymətini 30 faiz artırıb deyir ki, “mən özüm tox olum, millət hansı gündə olur olsun”. Amma artıq millət bunu başa düşür və ona görə minlərlə insan buradadır ki, bu hökumətə, onun soyğunçu siyasətinə “dur” desin. Biz ayaqda olmasaq, o zaman bu acgözlər öz büdcələrini doldurmaqdan ötrü yanacağın ardınca elektrikin də, qazın da, nəqliyyat xərclərinin də, bütün hər şeyin qiymətini artırmaq istəyəcəklər ki, sizin hesabınıza, sizin o son manatınıza, qəpiklərinizə göz dikərək, milyonlarını, milyardlarını daha da artırsın. Ona görə də bu millət buradadır, desin ki, artıq biz bu soyğuçu hakimiyyəti istəmirik, biz bu siyasətə qarşıyıq. Rədd olsun bu siyasət!

Meydan “İstefa!, “İlham, get!” şüarları ilə coşur.

7 manatlıq qazı bizə 100 manata necə və niyə satırlar?

– Əziz həmvətənlər! Bu gün sizin “İstefa!” şüarını səsləndirməyiniz bir daha göstərir ki, Azərbaycan xalqı bilir ki, qiymət artımı əslində nəticədir. Soyğunçuluğun nəticəsidir! Korrupsiyanın nəticəsidir! Azərbaycan çox varlı bir məmləkətdir. Bu məmləkətin yerin altından çıxan, hökumətə havayı başa gələn qazını Azərbaycan xalqına 1000 kub metrini 100 manata saırlar. Halbuki, qazın 1000 kub metri 7 manata başa gəlir. Görün sizinlə necə soyğunçu davranırlar. Ona görə də biz hamımız bilirik, fərqindəyik ki, bu qiymətlərin düşməsi, vətəndaşlarımızın firavan yaşayışı, bu insanların özünü reallaşdıra bilməsi üçün Azərbaycanda azadlıq, haqq-ədalət, hüququn aliliyi qalib gəlməlidir.

Avrointeqrasiya ilə bağlı vacib təklif

Çox simvolikdir ki, bu gün bizimlə eyni vaxtda Ukrayna xalqı da öz ölkəsində demokratiyanı, azadlığı bərpa etməkdən ötrü 10 günlərdir, qara-çovğuna meydan oxuyaraq, öz haqqını tələb edir. Biz bu gün bu meydandan Ukrayna xalqı ilə həmrəyliyimizi ifadə edirik.

Bir məsələyə də toxunmaq istəyirəm. Əlbəttə ki, biz  problemlərimizin əsl səbəbini bilirik. Nə qədər ki, bu ölkədə xalq tərəfindən seçilmiş parlament, prezident yoxdur, nə qədər ki, Azərbaycanın dövlət başçısı özünü xalqa borclu bilməyəcək, xalqa qarşı belə etinasız münasibət davam edəcək. Ona görə də biz elə bu yağışlı, şaxtalı gündə özümüz üçün ölkəmizin seçimini müəyyənləşdirməliyik. Bu gün bura toplaşmış fədakar insanlar, necə hesab edirsiz, Ukraynadan sonra Avropaya inteqrasiya dayanacağı Azərbaycan olsunmu? (meydan reaksiya verir: Olsun!) Ukrayna bugünlərdə öz taleyini həll edəcək. Amma bizim də yolumuz oradır. Bu yolu hələ bizim ustadımız, Azərbaycanın böyük şəxsiyyəti Məhəmməd Əmin Rəsulzadə seçib, sonra Əbülfəz Elçibəy bu yolu gedib. Ona görə də gəlin, buradan bir kampaniya elan edək. Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” üzrə bundan sonrakı sammiti 2015-ci ilin martında Riqa şəhərindədir. Özümüz üçün qrafik müəyyənləşdirək ki, o vaxta qədər Allah bizə qismət edəcəksə, növbədənkənar seçkilər keçirə biləcəyiksə, o yolla, hətta indikilər hakimiyyətdə qala biləcəksə də, onları məcbur etməklə, 2015-ci ilin martına qədər Azərbaycanın Avropa Birliyilə Assossiasiya sazişi imzalamaqla Avropa standartlarını Azərbaycana gətirməyə nail olaq.

Oliqarxlar Əliyevsiz oğurluq etsəydilər…

Bugünlərdə gördünüz ki, iki beynəlxalq təşkilat Azərbaycandakı oğurluq, korrupsiya haqqında hesabat yaydı. Bu hesabatların birində son 10 ildə Azərbaycandan oğurlanmış 17 milyarddan söhbət gedirdi. Digərində isə Dövlət Neft Şirkətinin varidatının Anar Əliyev adlı bir nəfər tərəfindən talan edilməsindən söhbət gedirdi. Amma biz yaxşı bilirik ki, Azərbaycanda neft, qaz bir ailəyə məxsusdur. Anar Əliyev kimdir ki, ona əlini uzatsın? Əlbəttə, Azərbaycanda həmin oliqarxlar İlham Əliyevin xəbərə olmadan bu oğurluqları etsəydilər, indi onların hamısının nəsibi həbsxanalar idi. 

Amma onlar çox rahatdılar. Çünki başa düşürlər ki, bu prosesin başında İlham Əliyev özü dayanır. Bir gün əlbəttə ki, Azərbaycan xalqının qarşısında onun özü cavab verəcək.

Çağırış

Bu talan edilən sərvət bizim sərvətimizdir. Bu talan edilən milyardlar sizlərin, övladlarınızın, Azərbaycanındır. Lütfən bu talana, bu korrupsiyaya bir film kimi baxmayaq. Bu hadisələr başqa bir ölkədə baş vermir. Bu hadisələr Azərbaycanda baş verir. O talan edilən sərvət də bizim sərvətimizdir. Hamı ayağa qalxmalıdır, sizin kimi, mərdliklə soyuqdan da, reprressiyadan da qorxmadan. O zaman biz hamımız Azərbaycana sahib çıxacağıq. Bu xalqın, bu millətin doğurdan da uca olduğunu sübut edəcəyik. O günlər uzaqda deyil. Var olun!

Azərbaycanda öz xalqına mənfur olan hakimiyyət var

Daha sonra Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı çıxış etdi: “Bu gün bizim ən çox rast gəldiyimiz fikirlərdən biri budur ki, Azərbaycan xalqı öz azadlığı uğrunda mübarizə aparmır. Biz gah çeçen, gah ukrayna xalqına həsəd aparırırq. Əslində, biz az deyilik, sadəcə, bütün dünyada olan hökumətlərdən fərqli olaraq, Azərbaycanda öz xalqına qarşı mənfur münasibətdə olan hökumət mövcuddur. Ola bilsin, Bakıdakı meydanda etirazçıların sayı Kiyev “Maydan”ındakılardan azdır, amma nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan vicdan məhbuslarının sayına görə bütün dünyada lider ölkəyə çevrilib. Bu gün hakimiyyətin öz xalqına qarşı apardığı korrupsiya, amansız siyasətinə görə Azərbaycan dünyanın lider ölkələrindən biridir. Biz burada az görünə bilərik, ancaq bilin ki, Azərbaycan xalqının 90 faizinin ürəyi burdadır. Acınacaqlı qorxu şəraiti, xaos, adi etiraza görə hakimiyyətin qisas alması meydanda bu qədər insanın olması ilə nəticələnib”.

Arif Hacılı dedi ki, Azərbaycan vətəndaşları əslində, iki yerə ayrılıb: bütün sərvətlər üzərində hökm verən bir neçə nəfər və hakim ailə, bir də dərdlərlə yüklənən çoxluq. O, təəssüflə bildirdi ki, məhrumiyyət içində yaşayan təxminən 95 faiz çoxluq hələ də azlığın onu talan etməsinə müşahidəçilik edir. Bununla belə, Arif Hacılı əminliyini ifadə etdi ki, çox yaxın vaxtlarda xalq müşahidəçi rolundan çıxıb mübarizəyə qoşulacaq və talançılığıa, saxtakarlığa öz münasibətini göstərəcək.

Ötən əsrin əvvəlində Rəsulzadə başda olmaqla, siyasi xadimlərin idarəçiliyi altında Azərbaycanın istiqamətini Avropaya doğru götürdüyünü xatırladan Arif Hacılı bu gün də xalqın o kursa sadiq olduğunu dedi. O, Müsavat başqanı İsa Qəmbərin Ukraynaya səfərinə toxunaraq, bunu Azərbaycan demokratlarının dəstəyi kimi qiymətləndirdi: “Tezliklə gün gələcək ki, bütün dünyada demokratiya və azadlıq uğrunda mübarizə aparan insanlar, təşkilatlar da Azərbaycan demokratlarının yanında dayanacaq, dəstəklərini əsirgəməyəcəklər”.

Hər kəs haqqı uğrunda mübarizə aparmalıdır!

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da çıxışında qarlı-şaxtalı gündə meydana toplaşanlara təşəkkür etdi. Eyni zamanda, Azərbaycanda vəziyyətin dəyişməsi üçün hər bir vətəndaşın öz haqqı uğrunda mübarizə aparmalı olduğunu vurğuladı: “Bir neçə gündən sonra Sumqayıtın icra başçısı İlham Əliyevin ad günü ilə əlaqədar Sumqayıtdan Bakıya qədər uzunluqda tort bişirtdirəcək. Budur, İcra hakimiyyətinin fəaliyyəti. O saxta seçkilərdən, o saxta diplomlardan, o saxta dərmanlardan, o saxta adamlardan, o saxta məktəblərdən yaranır bu cür fəaliyyətlər.

Mediada belə bir informasiya yayıldı ki, Tarif Şurası yanacağın qiymətini qaldırdığı gün dövlət başçısı ölkədə olmayıb. Biz bu siyasətə “yox” deməliyik, onu durdurmalıyıq. Bunun yolu hər kəsin öz haqqı uğrunda mübarizə aparmasından keçir. Xeyli inanclı insanlarımız həbsxanalardadır. Mən buradan adı ilə özü tərs mütənasib olan seyidlərə müraciət edirəm. O seyidlərə ki, bu hakimiyyətə nökərçilik edirlər, inanclı adamların günahsız həbsinə şahidlik edirlər, üzə dururlar. Onlar inandıqları Allaha, Allahın sevgili Rəsuluna necə cavab verəcəklər? Hardadı onların seyidliyi? Hardadı onların insanlığı?

Mən inanıram ki, gec-tez bizim mübarizəmiz öz məntiqi nəticəsini verəcək. Əslində bizim mübarizəmiz həm də bu hakimiyyətdəkilərin xilasıdır. Onların dar ağacından xilasıdır, millətin linç etməsindən xilasıdır. Mübarizəmiz İnşallah mütləq zəfərlə başa çatacaq”.

Hökumət özü dəyərsizləşdikcə qiymətləri artırır

Mitinqin son çıxışçısı Milli Şuranın sədri Cəmil Həsənli oldu:

– Sevgili millət, uca xalq! Biz günəşli bir gündə bu meydanda toplaşmışdıq. İndi isə buludlu bir hava, yağışlı, çiskinli bir təbiət, amma insanların ruhu qürurludur, onların azadlıq eşqi bu meydanın ab-havasını müəyyən edir. Mən Milli Şuramız adından bu meydana toplaşanları və ürəyi burada olan bütün Azərbaycan vətəndaşlarını, bütün xalqımızı salamlayıram. Eşq olsun sizə!

Bu çətinliklərə, qara, yağışa baxmayaraq, siz yenə öz iradənizi ortaya qoydunuz, yenə meydanlardasınız, azadlıq uğrunda mübarizənin önündəsiniz. Azərbaycan hakimiyyəti dəyərdən düşdükcə qiymətləri artırır. Bu gün hakimiyyəti mənimsəmiş, 9 oktyabrda seçki adı ilə hakimiyyəti zorla ələ keçirmiş bir qrup talançı Azərbaycan xalqı ilə əsir götürülmüş xalq kimi, Azərbaycan ərazilərilə işğal edilmiş ərazi kimi rəftar edir. Bu, bizim vətənimizdir, biz buna yol vermərik. Talançılığa, vətəndaşın cibinə girməyə “yox” deməliyik. Azərbaycan xalqı özünü müdafiə haqqına malikdir. Azərbaycan xalqı öz iradəsini ortaya qoymalıdır.

Qiymət artımının faydasını görən yalnız bu hakimiyyətdir. Mən sizə bu yaxında hesablanmış bir örnəyi deyirəm. Qiymət artımı nəticəsində Azərbaycan büdcəsinə gələcək vəsait təkcə Anar Əliyevin mənimsədiyi vəsaitdən azdır. Sevgili millət, bu sənin haqqındır! Bu, sənin həyatındır! Bu, sənin rifahındır! Öz haqqın uğrunda mübarizədə meydanda olmalısan! Öz haqqını özün təmin etməlisən! Talançılığa və soyğunçuluğa “yox” deməlisən!

Siyasi məhkəmə məzhəkələri

Ən dəyərli övladlarımız indi həbsxanalarda, bütün Azərbaycan coğrafiyasında mühakimə olunur. Şəkidən tutmuş, Lənkərana qədər siyasi motivli məhkəmələr gedir. Bakıda “NİDA”çıların, İslamçıların məhkəmələri… Saxta ittihamlarla tutulmuş yüzlərlə vətəndaşımız bu gün mühakimə olunur. Şəkidə İlqar bəyin, Tofiq bəyin, İsmayıllı hadisələrində həbsə atılmış insanların məhkəməsi gedir. Günahı olanlar, cinayət törədənlər qalıb bir tərəfdə, bu günahsız insanlara qurama suç düzəldirlər və onlar üzərində məzhəkəyə bənzəyən məhkəmələr qururlar. “NİDA”çıların məhkəməsində olduq. Əliyev rejiminin istibdadı bu gənclərin ruhunu qıra bilmədi. Çünki bu gənclərin ruhu azadlıq üstündə köklənib, eşq olsun bu gənclərə!

Millət onları dəyişəcək!

Dünya dəyişir, yenilənir, inkişaf edir. Demokratik dəyərlərə söykənən dövlətlərin sayı gündən-günə artır. Baxın, bizim qonşumuz Gürcüstan artıq Avropa Birliyinin “Şərq Tərəfdaşlığı”na inteqrasiya oldu. Ukrayna xalqı bu gün öz yolunu müəyyən etmək üçün iradəsini ortaya qoyub. Əminliklə deyirəm ki, Ukrayna xalqının seçimi qələbə ilə nəticələnəcək. Bu seçimə qarşı duran hakimiyyət getməlidir!

Baxın, Suriyada nələr baş verir. Bu ölkədə ərəb inqilablarının sonuncu həlqəsi olaraq bir diktator rejiminə qarşı artıq iki il yarımdır ölüm-dirim savaşı gedir.

Dəyişməyən bir Azərbaycan hakimiyyətidir. Öz oğru təbiətini diktator xislətini dəyişə bilmir. Onlar buna qadir deyilsə, bu millət onları dəyişdirəcək. Bu ölkə müasirləşəcək. Demokratiyadan ayrı yolumuz yoxdur. Bu demokratiyanı müəyyən edənlər bu gün bu meydandadır, ürəyi burada olanlardır, bütövlükdə Azərbaycan xalqıdır.

Qara günümüzün səbəbkarı oğruların hakimiyyətdə olmasıdır

Dəyərli dostlar, sevgili gənclər, siz niyə Azadlıq deyib hayqırırsınız?! Keçdiyimiz tarix sübut etdi ki, müstəqil olmaq hələ azad olmaq deyil. Azərbaycanın müstəqilliyi bir qrup hakimiyyəti ələ keçirmiş insanların ölkəni müstəqil şəkildə sökmək məqamıdır. Azərbaycan xalqı müstəqillik uğrunda mübarizə apardığı kimi, azadlıq uğrunda da mübarizə aparacaq. Əliyev istibdadının, Əliyevin zorakılıq üzərində qurulmuş hakimiyyətinin sonunu da ona göstərəcək. Bu millət bunu bacaracaq, sizlərin, gənclərin gücü ilə bacaracaq! Eşq olsun Azərbaycan gəncliyinə!

Bu hakimiyyətdən soruşmaq lazımdır, vətəndaşa nə vermisən ki, onun üzərinə bu qədər qiymət artımı qoymusan? Əməkhaqqını, təqaüdü 10 faiz artırdın, onun ardınca bütün bazarın bahalaşması gəldi. Onun ardınca yanacağın qiymətinin bahalaşması gəldi. Bu, sonuncu deyil, digər artımlar da növbədədir. Biz yalnız millətin iradəsini ortaya qoymaqla bu qiymət artımının qarşısını ala bilərik. Vətəndaş öz dəyərini, öz qiymətini özü müəyyən etməlidir. Meydanlarda olmalıdır, haqq və ədalət uğrunda mübarizə aparmalıdır.

Milli Şuramızın da hədəfləri millətimizin haqqı və hüququna nail olmaqdan ibarətdir. Bu haqq-ədalət mübarizəsində sizə uğurlar arzulayıram. Ölkənin sosial həyatı bərbad vəziyyətdədir. Min illər boyu millətimizi yaşatmış kənd təsərrüfatı Azərbaycan tarixində ilk dəfədir ki, bu gün gəlirsiz sahəyə çevrilib. Ölkənin səhiyyəsi, sosial durumu, maarif və təhsili bərbad vəziyyətdədir. Nə qədər ki, hakimiyyətdə bu oğrular, varlanmaqdan başqa ayrı niyyəti olmayan bir qrup insan olacaq, bu millətin günü qara olacaq. 

Bu cinayəti törədənlər cəzalandırılmalıdır!

Azərbaycan Konstitusiyasının 6-cı maddəsinə görə, hakimiyyətin mənimsənilməsi bu xalqa qarşı ən böyük cinayətdir. Oktyabr ayının 9-da Azərbaycan xalqına qarşı ən böyük cinayət törədilib. İndi Azərbaycan Konstitusiyasının 107-ci maddəsi işə düşməlidir. Bu cinayəti törədənlər cavab verməlidir. Bu hakimiyyətin bu millətə rəhbərlik etməyə haqqı yoxdur. Xalq öz hakimiyyətini formalaşdırmalıdır. Azərbaycan xalqı bu konstitusion haqqı əldə etməlidir. Bunu sizlərin gücü ilə əldə edəcək. Sizlərə eşq olsun! Azərbaycan xalqına eşq olsun! Gedəcəyimiz yola eşq olsun!

Mitinqin tələbləri

Mitinq qətnamənin oxunması ilə başa çatdı. Müsavat başqanının müşaviri Yeganə Hacıyevanın oxuduğu qətnamədə aşağıdakılar tələb olunur:

1. Neft məhsullarının qiymətinin artırılması haqda Tarif Şurasının 2 dekabr tarixli qərarı ləğv edilsin, soyğunçu qiymət artımı dayandırılsın;

2. Digər sahələrdə qiymət artımının baş verəcəyi haqda məlumat və müzakirələrlə bağlı xalqa aydın və etibarlı şəkildə rəsmi izahat verilsin, hökumət, belə bir niyyəti varsa, ondan imtina etsin və qiymətlərin qaldırılmayacağı haqda zəmanət versin;

3.Bugünlərdə ARDNŞ-in şübhəli sövdələşmələri və 10 ildə ölkədən 17 milyard manatın qanunsuz çıxarılması haqda beynəlxalq hasabatlarla bağlı Milli Məclisdə müzakirə açılsın, hökumət aydın və reallığa uyğun izahat versin, bu qanunsuz əməliyyatlara görə cavabdehlər cəzalandırılsın.

Natiq Güləhmədoğlu,
Bəyim Həsənli