Mərhum ölkə başçısını tərifləyən MHP-çi deputata partiyasından irad tutuldu
Türkiyənin müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, millət vəkili Semih Yalçın partiyadan olan digər millət vəkili Sinan Oğanın yerli qəzetlərdən birinə mərhum dövlət başçısı Heydər Əliyevlə bağlı söylədiklərinə şərh verib.
“Yeni Çağ” qəzetinin bu ilki 14 dekabr sayında yer alan xəbərdə S.Oğan mərhum dövlət başçısı H.Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı açqılamasında H.Əliyevin Türkiyə ilə türk dünyasının Azərbaycan üzərinden birləşməsini arzu etməsi, Azərbaycanı ağır bir dönəmdən asanlığa çıxarması, oğlu İlham Əliyevə buraxması, Azerbaycanın sağlam təməllər üzərində yürüməsi” kimi ifadələr işlədir.
“Yeni Çağ” qəzetinə açıqlama verən MHP başqan müavini Semih Yalçın S.Oğanın H.Əliyev haqqında dediklərinin onun şəxsi fikri olduğunu, MHP-nin Azərbaycana baxış və siyasətilə əlaqəsi olmadığını bəyan edib. S.Yalçın S.Oğana Azərbaycanın region və dünyada tanınmasında misilsiz xidmətləri olan eks-prezident Əbülfəz Elçibəyi xatırlatmamasını irad tutub.
“Azərbaycanın türk dünyasında yeri və əhəmiyyəti aydındır. Bu çərçivədə Azərbaycanın yaxın tarixində ən önəmli və mənalı mövqeyin mərhum Azərbaycan prezidenti Əbülfəz Elçibəyə məxsus olması unudula bilməz. Çünki Elçibəy son nəfəsinə qədər türklük davasının adamı olaraq çalışıb, Azərbaycanın müstəqil dövlətlər ailəsində yer almasına önəmli töhfələr verib. Ə.Elçibəy sadəcə Azərbaycan xalqının yox, türk xalqının da qurur ve iftixarla andığı şəxsiyyətdir”, – S.Yalçın bildirib.
S.Yalçın S.Oğanın sözlərinin şəxsi baxışı olduğunu bir daha təkrar edərək bunun partiya olaraq MHP-nin Azərbaycan gerçəklərinə baxış və siyasəti ilə hər hansı bağlılığının olmadığını xüsusi nəzərə çatdırıb (contact.az).


