Xədicə İsmayıl: «Jurnalist bütün dünyaya biznesinizin mənşəyinin qaranlıq olduğunu göstərəndə, əlbəttə ki, onları yalnız killer adlandıra bilərsiniz»
“Bakı” klubunun prezidenti Hafiz Məmmədov onun barəsində Fransanın “Canal+” telekanalının hazırladığı reportajlara münasibət bildirib. H.Məmmədov telekanalın əməkdaşlarının bilərəkdən onu hədəf aldığını düşünür: «Lansın stadionunda oyun vaxtı izlədiyiniz kadrlarda azarkeşlərin mənə münasibətinin əyani şahidi olmusunuz. “Canal+” hələ “Lans”a ayaq basdığım vaxt bir nömrəli anons vermişdi. Hara gedirdimsə, məni izləyirdilər. Həm də məndən müsahibə almamışdan 3-4 gün əvvəl Bakıya gəlmişdilər. Onların bu niyyətinin arxasında yalnız və yalnız erməni qüvvəsi dayanmışdı. Bu, fransızın işi deyildi. Əksinə, “Sağ ol ki, gəldin, “Lans”ı xilas etdin” deyə məni alqışlayırdılar. Amma “Canal+”in əməkdaşları bura məqsədli şəkildə göndərilmiş killerlər idilər. 8 gün Bakıda qaldılar. Mən Bakıya qayıdanadək uşaqlar onlara yaxşı münasibət göstərmişdilər deyə, bir qədər süjetlərini yumşaltmışdılar. Halbuki onlar çox qəddar süjet hazırlamalı idilər. Bir adam ki, sənin evində oturub gizli kamera ilə içki içməyini çəksin…».
Fransa mətbuatı artıq bir müddətdir ki, nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı, “Hafka” ləqəbilə tanınan Hafiz Məmmədovu hədəfə alıb. Hər şey Fransanın məşhur “Canal + Sport” telekanalının “Lans” futbol klubunu alan Hafiz Məmmədovla bağlı reportaj hazırlayarkən azərbaycanlı iş adamının onlara 16 min avroluq saat bağışlaması, jurnalistlər öz növbələrində bu hədiyyəni “Sərhədsiz reportyorlar” təşkilatına təqdim etmələrindən sonra başlayıb. Bu qalmaqalla Fransa mətbuatının gündəminə gələn Hafiz Məmmədovla bağlı bir neçə tənqidi material dərc edilib.
Hafiz Məmmədovla bağlı Fransanın hüquq-mühafizə orqanlarına da müraciət edilib və onunla bağlı araşdırma aparılması xahiş olunub. Bu baxımdan tamamilə mümkündür ki, Hafiz Məmmədovun barəsində də Kəmaləddin Heydərov kimi məhkəmə cəriməsi kəsilsin.
«Canal+» kanalının əməkdaşları Bakıda olarkən «Azadlıq radiosu»nun əməkdaşı Xədicə İsmayıl ilə də görüşüblər. Bu baxımdan X.İsmayıldan H.Məmmədovun onları killer adlandırmasının nə dərəcədə əsaslı olduğunu soruşduq.

«Canal+» telekanalının Azərbaycanda olan əməkdaşlarının killer deyil, jurnalist olduğunu deyən X.İsmayıl vurğuladı ki, onlar elə H.Məmmədovla da jurnalist olaraq əlaqə saxlayıblar. H.Məmmədovun sərgilədiyi reaksiyaya gəlincə, X.İsmayıl bunun onun barəsində yayılan məlumatlarla bağlı olduğunu dedi: «Özünüzü Hafiz Məmmədovun yerində təsəvvür edin. Büdcədən maliyyələşən konktraktları qaranlıq yollarla əldə edirsiz, qaranlıq yollarla pul qazanırsız. Rəsmi milyarderlər siyahısında adınız keçməsə də böyük şirkətlərə sahibsiniz. Amma bununla belə Avropaya çıxış istəyirsiniz, Avropalılar kimi layihələr reallaşdırmaq istəyirsiniz. Futbol klubu alırsınız və onu prezidentə nümayiş etdirirsiniz. Sonra Avropadakı klublardan birinin futbolçularının əyninə üzərində «Land of fire Azerbaijan» yazılmış maykalar geyindirirsiniz, daha sonra bir-iki Avropalı jurnalist bütün dünyaya sizin biznesinizin mənşəyinin qaranlıq olduğunu göstərir. Buna reaksiyanız necə ola bilər? Əlbəttə ki, onları yalnız killer adlandıra bilərsiniz».
Hikmət


