Əliyev işğalının milli təhlükələri

Ailə-klan düşüncəsinin yaratdığı siyasi cəngəllik indi onlara və bütün ölkəyə qarşı çevrilib

O, 1993-cü ildə müstəqil Azərbaycanda yeni keçirilmiş seçkilərin qalibinə qarşı çıxdı. Yox, bu, siyasi mübarizə deyildi. Söhbət Heydər Əliyevdən və onun ətrafına toplaşmış süni siyasi peyklərdən gedirsə, onda biz hərbi siyasi müxalifətdən danışmalıyıq. Heydər Əliyev Azərbaycanda nə baş verdiyini bilirdi. Ona görə də yeni cücərmiş azadlıq və müstəqillik hisslərini sıradan çıxarmaq lazım idi. Beş il sonranı gözləmək olmazdı. Çünki beş il Əbülfəz Elçibəy hökuməti, həll edilmiş Qarabağ problemi, iqtisadi dirçəliş və Qərbə inteqrasiyada ciddi məsafə qət etmək demək olacaqdı. Heydər Əliyev bilirdi ki, xalq yaxşı həyat qazanan kimi onu unudacaq. O, xalqdan dəstək ala bilməyəcəyini anlayırdı.
Amma onu da bilirdi ki, xalqın adından danışmaq lazımdır. Heç unutmaq mümkün deyil, Xocalı hadisələri yeni baş verdiyi günlərdə belə, bir dəstə adam Heydər Əliyevi arzulayırdı (o zaman hələ Mütəllibov hakimiyyəti idi). Sonradan biz o dəstənin bir çox üzvlərini rəsmi qəbullarda gördük, gerisini  özünüz bilirsiniz, Heydər Əliyevin xalq agenturasının ən zəif adamı Çoban Xanış ölkənin bir hissəsini uzun illər istismar etdi.
Elçibəy hakimiyyətində baş verənlər isə agentura təxribatları idi. Rusiyaya birbaşa və dolayı yolla bağlı olan hərbi dəstələr Heydər Əliyevin açıq dəstəkçiləri idilər və cari təlimatları ondan alırdılar. Bunun ən bariz sübutu, indi həbsdə olan keçmiş dövlət müşavirlərindən birinin ANS-in efirindən illər sonra “Heydər Əliyevlə Surət Hüseynov arasında xəbərləşməyə kömək edirdim” etirafı idi.

O, döyüşü dayandırdı, döyüşənləri yox elədi

Heydər Əliyevin başçılıq elədiyi qiyamın detalları barədə çox bəhs etmişik. Tarixi zərurət yaransa, bu mövzuya bir də qayıda bilərik. Amma bizim indi demək istəyimiz, o qiyamın nəyə hesablanmasıdır. Əliyev siyasi hakimiyyəti ələ keçirdi, və dərhal cəbhə bölgəsində sürətli geriləmələr başladı. Televiziyalardan müharibə diktorları yoxa çıxdılar. Onları yeni qadın ağlaşma dəstələri, vay-şivən səhnələri əvəzlədi. Bütün ölkə məğlub və məzlum görkəm aldı. Ard-arda işğal olunan rayonların sakinləri qum kimi ölkəyə səpələndi və qorxu taun kimi ölkəni bürüdü. Insanlar sudan qorxan canlılar kimi titrəməyə başladılar, bütün ölkə psixoloji sarsıntı keçirirdi. Heydər Əliyev atəşkəsi xalqa elə bir ağır psixoloji vaxtda təqdim etdi ki, başını itirməkdən qorxan, qolunu verib qurtardığına şükr edirdi, sanki.
Bu, onun ilk qələbəsi idi. O zaman agentura xalq dilinə belə bir söz salmışdı: “O olmasa, bizi dənizə tökərdilər”.
Əgər AXC hakimiyyəti Qarabağ qələbəsi, rifah və təhsil islahatları, rüşvətsiz toplum vəd edir, müharibədə irəliləyişlər edir, yeni pul vahidi çap edir, test üsulu  yaradır, rüşvətin kökünü kəsirdisə, Heydər Əliyevin tək vədi var idi: imkan yaradacağam ki, yaşayasız. Qalan bütün məsələlər hekayə idi.
Heydər Əliyev insanlara aşılamaq istəyirdi ki, onların hamısı potensial ölüdülər və həyat verənləri də əlahəzrətdir. Onun başlıca planı bu xof isərisində “müharibə” deyən bütün sərkərdələri sıradan çıxarmaq, məhv etmək idi. Çünki o qəhrəmanlar mütiləşdirilmiş xalqın gözündə ölüm mələkləri idilər. Onlar müharibə istəyirdi. Heydər Əliyev isə milyonlara sübut etmişdi ki, onlar heç nə edə bilməzlər, nə etsə, onun özü edə bilər. Özü isə az bir zaman içərisində sonuncusu OMON-un komandiri, polkovnik  Rövşən Cavadov olmaqla, bütün müharibə görən döyüşçüləri sıradan çıxardı.

Mart qiyamı yeni era yaratdı

Yaddaşı və yaşı imkan verməyənlər bunu o zamanın mətbuatına göz atmaqla yenidən öyrənə bilərlər. Əslində, o illərdə Cavadovların Əliyevə dəstək verməsiinin səbəbləri barədə bir neçə fikir var idi. Başlıca versiya o idi ki, Heydər Əliyev indi mühacirətdə olan Rəsul Quliyevə və sonradan qətlə yetirilən Rövşən Cavadova neft şərikliyi təklif edib. Bundan başqa, polkovnik Cavadov daxili işlər naziri olmalı idi. Amma o, səbrsiz adam idi. Heydər Əliyev isə bütün bunları sadəcə, vəd kimi düşünmüşdü. Cavadov bir dəfə Surət Hüseynovla birlikdə, bir dəfə isə ayrıca qiyam etdi. Ikinci cəhd onun həyatını itirməsilə nəticələndi. Yeni era isə elə bundan başladı. Bu olaydan bir neçə gün sonra Heydər Əliyev özəlləşdirmə haqqında sərəncam verdi və ölkədə mülkiyyətin işğalı başladı. Bu proses Heydər Əliyevin o qədər yaxın çevrəsi tərəfindən həyata keçirilirdi ki, o zamankı spiker Rəsul Quliyev açıq şəkildə buna etiraz etdi. Rəsul Quliyev çox böyük müəssisələrin su qiymətinə özəlləşdirildiyini rəsmən bəyan edirdi. Amma ona demişdilər ki, neft məsələsindəki payı sabit olacaq.
Heydər Əliyev Rəsul Quliyevin ayağını çəkilmiş cızıqdan kənara qoymasını ona bağışlamadı, sabiq spiker Azərbaycan və hakimiyyət barədə planlarını arzularla əvəz eləməli oldu. Heydər Əliyev 1998-ci ilə kimi bir çox əsas müəssisələri artıq öz nəzarətinə almışdı. Dövlətin işğalı başa çatırdı. Ölkədə müstəqil məhkəmədən, ancaq keçmiş zamanda danışırdılar. Heydər Əliyev bilirdi ki, onun xalq arasında  ciddi təsiredici nüfuzu qalmayıb. 1998-ci ilin yazında bir neçə məxfi strukturun keçirdiyi sorğuda o artıq seçki qutusundan çıxmayacağını bilirdi. Bu sorğu onu hiddətləndirmişdi. Ona görə də Heydər Əliyev 1998-ci il seçkilərindən dərhal sonra saxtakarlığı üzə çıxaran QHT-lərin qarşısını almaq üçün yeni qanun qəbul etdi və QHT-lərin seçkidəki fəaliyyəti məhdudlaşdırıldı.

İlham Əliyev üfüqdə…

Heydər Əliyev Ilham Əliyevi özü ilə gəzdirməyə başladı və bu, ardıcılın təqdimatı idi. Ilham Əliyevin ortada görünməsi yeni siyasi dil yaratdı. Təhqir siyasi komponentə çevrilirdi. Amma 1998-2003-cü illərin ən başlıca tendensiyası dövlət aparatındakı eqosentrik fiqurların “vurulması” oldu. Dövlət yonularaq, Ilham Əliyevin siyasi boyuna uyğunlaşdırılırdı. Ilham Əliyev 2000-ci ilin parlament seçkilərində YAP-ın siyahısına başçılıq elədi, amma parlamentdə bir dəfə də olsun danışmadı. Onun üçün parlament (danışan deməkdir) susmaq yeri idi. Ilham Əliyev  siyasi düşünə bilmirdi, ona görə də əməliyyat pərdələri arxasında gizlənmiş Heydər Əliyev siyasi səhnəsində susmaq onun üçün daha faydalı idi.
2003-cü ildə onun hakimiyyətə gəlişi bir neçə azərbaycanlının qanı bahasına başa gəldi. Onlar Ilham Əliyevin tərəfdarları deyildilər. Sadəcə, hakimiyyətin atadan oğula ötürülməsinə etiraz edirdilər. Heydər Əliyevin sağlıq durumu ilə bağlı müəmmalar davam etdiyi günlərdə Ilham Əliyev bayram keçirir, and içirdi. Görünür, başqalarının inandığı kitaba and içmək çox asandır. Ona görə Qurana da, Konstitusiyaya da rahatca and içdi və dediklərinin birinə də əməl etməyəcəyi hamıya bəlli olduğu bir şəraitdə prezident donuna girdi.

Ona dözmək çətin idi…

Ilham Əliyevin rəhbərliyi altında işləmək çətin idi. Bunu Əli Insanov, Fərhad Əliyev, Akif Muradverdiyev və bir çoxları artıq görürdülər, hiss və dərk edirdilər. Ilham Əliyev 2004-cü ildə böyük bir müxalif prosesin başlandığını artıq görürdü. Amma təkcə bununla iş bitmirdi. Onun hakimiyyəti bir çoxları üçün dözülməz olmuşdu. 2005-ci ilin payızında Rusiya xüsusi xidmət orqanlarının ciddi dəstək verdiyi deyilən əməliyyatlar başladı və yuxarıda adıçəkilən nazir və məmurlar həbs edildilər. Həmin günlərdə isə artıq Ilham Əliyevin başqa dostlarının nəzarətindəki şəxslər televiziyadan açıq təhqirlər səsləndirirdilər, söyüş söyürdülər. Bu, insanları siyasətdən, televiziyadan iyrəndirmək idi. O zaman ən məşhur ifadələrdən biri bu idi: “Azərbaycan telekanallarına baxmıram”. Bəli, Əliyev hər kəsi siyasətdən, xəbərdən və ölkədən iyrəndirmişdi. Heç kim bu ölkənin xəbərlərini eşitmək istəmirdi. Çünki hər an hansısa rejim müxalifinin yataq otağından reportaj ola bilərdi.

Paşayevlər gəlir…

2005-ci ildə parlament seçkiləri saxtalaşdırıldı və ölkəyə böyük pullar axmağa başladı. Sonradan Əliyevin bu pulların bir hissəsinə sahibləndiyinə dair rəqəmlər ortaya çıxdı. Ölkədən çıxarılan 48 milyard dollar bunların ən məşhurudur.
Əliyevin vədi var idi: 2008-ci ilə qədər ölkədə müxalifət olmayacaq. O, bütün cəbhələrdən hücuma keçir, buna nail olmaq istəyirdi. 2009-cu ilin payızına qədər bu, Azərbaycanda əsas tendensiya idi; Əliyevlərin əbədi hakimiyyətinə inananlar çoxluqda idi.
Bu zaman kəsiyində isə artıq siyasi həyatda yeni brend var idi. Naxçıvan və Qərbi Azərbaycan şərti klanları bütün iqtisadi qüdrətlərini prezidentin xanımının qohumlarının nəzarətində olan holdinqlərə vermişdilər. Paşayevlər hakimiyyət daxilində yeni hegemon güc idi.
Siyasi mübarizə üçün heç bir müstəvi qalmamış, sərvətlər top halında bir qrupdan başqa bir qrupa transfer olunur, insanlar isə buna tamaşa edirdilər. Əli yerdən üzülən insanlar üzlərini göyə tutdular və bunun doğurduğu ilk olay 2008-ci ildə məsciddə partlayış olsa da, ardı kəsilmədi.

Əliyevin yaratdığı özünə qarşı…

Ilham Əliyev ölkədə sivil, demokratik etiraza mane olduqca, spontan ekstremist sıçrayışlar güclənməyə başladı. Onlar bir neçə il bundan əvvəl polis idarələrinə hücum etdilər (hadisə Şimal rayonlarında olub). Bir müddət sonra Gəncədə MTN-nin xüsusi təyinatlıları ilə toqquşmada Qarabağ müharibəsi iştirakçısı olan zabit həyatını itirdi. Sonuncu belə iri miqyaslı olay isə Sumqayıtda baş verdi…
Aydın görünür ki, Əliyevin yaratdığı cəngəllik indi özünə və bütün topluma qarşı təhlükəyə çevrilib. Təcrübə göstərir ki, bu cür situasiyalardan elə də çox çıxış variantları yoxdur. Əliyev indi özü də bilmir ki, onun və ölkənin taleyi məhv etmək istədiyi sivil siyasi qüvvələrdən asılıdır. Yalnız onların vasitəsilə etirazlar dinc məcraya qədəm qoya və dinc demokratik keçid baş verə bilər. Başqa halda isə bu, sonu faciə olacağı heç kimdə şübhə doğurmayan bir yoldur…