Bir milyon tək adam

Bəli, biz Ukraynada 100 minlərlə insanın, bəzən 1 milyon etirazçının meydana yığışdığı bir dövrdə qat-qat az adamla mitinq edəcəyik. Hazırda o qədər adamın bizim meydana yığışacağına əmin deyilik. Ən yaxşı halda 10 minlərlə adamın olacağını düşünürük. Həmin səviyyədə narazılıq Azərbaycanda da mövcud olsa da, həmin ovqat və fəallıq yoxdur. Odur ki, Ukraynadakı aksiyaların fonunda, üstəlik, vəziyyəti dəyişdirəcək qədər adamın meydana çıxacağına əmin olmadan bu mitinqə getmək, doğrudan da, hər kəsə asan və şövqlü, gərəkli və faydalı görünmür.

Oğru hakimiyyətimiz də öz təbliğatında bu ovqatı nəzərə alır və həmişə var gücü ilə onu gücləndirməyə çalışır. Rejimin aşkar və gizlin təbliğçiləri, mövqeyini pula, rahatlığa və mənsəbə satanlar da daim bu amili ortaya atırlar. Təbii ki, səmimi olaraq bu cür düşünən vicdanlı insanlar da az deyil. Özümüzdən, başqa sözlə desək, xalqımızdan daha böyük güc və dirəniş gözləyən insanların bir qismi bunu görmədikdə ümidsizləşir, mitinqlərə gəlməkdə fayda görmür. Mitinqlərin zəif olmasının başlıca səbəbi hakimiyyətin uzun illər təqib və repressiyalar aparması, güclü xof mühiti yaratmasıdır, amma bu ovqat da bizim aksiyaları zəiflədən səbəblərdən biridir.

Yanlış bir ovqatdır. Bu mövzu barədə ilk dəfə yazmıram, bu cür situasiyanı da ilk dəfə görmürəm. Əlbəttə, indiki gözləntilərlə bizim mitinqlərə qatılmaq asan deyil. Amma bizim ölkədə asan nə var ki? Yaşamaq özü başdan-başa çətindir və biz də çətinliklərə son qoymaq, həyatımızı asanlaşdırmaq üçün mitinqə çıxırıq.

Odur ki, gözləntilərə köklənmək əvəzinə, hər kəs durub meydana gəlsə, nəticə də dəyişər, bizim də meydan aşıb-daşar. Hətta gözləmədiyimiz halda. Bütün sualların və yanlış düşüncələrin cavabı bu sadə məqamda gizlənib.

Bu yay Bakının 20-ci sahə adlanan kənarında mitinqlər keçirilərkən bir nəfər mənə çox sərt etiraz etdi. Mitinqə qatılmayacağını onunla izah etdi ki, Bakının kənar yerində aksiyaya getməyi özünə təhqir sayır. Həmin adama bildirdim ki, 20-ci sahəyə mitinqə getməyi alçalmaq sayırsa, o zaman buyursun mitinq eləməyə Bakının ən yaxşı meydanına, ən böyük effekt verəcək məkanına getsin. Məsələn, Fəvvarələr meydanına.

Dərhal da sualla üzləşdim: “Kiminlə gedim?”

“Tək gedin! Istanbulda tək duran adamı gördünüzmü? Bütün ölkə və dünya ondan danışdı, çox təsirli aksiya oldu!” – deyə, həmin adama cavab verdim.

Amma məqsədim hazırcavablıq etmək, qarşı tərəfi bütün üsullarla haqsız çıxarmaq deyildi. Bu, bir gerçəkdir. Siz kiminləsə mitinqə getmirsinizsə, sizinlə mitinqə getməyə heç kim yoxdursa, sizdən başqa bir kimsə gəlmirsə, onda tək edin o mitinqi. Istanbulda tək adam mitinq etmədimi? Duran adamı görmədinizmi? Hətta danışmadı, qışqırmadı, hərəkət etmədi, amma etirazını bütün ölkəyə, bütün dünyaya çatdıra bildi!

Ukraynada meydanı dolduranlar tək mitinq etməyə hazır olan insanlardır. Onlar o soyuq havada çayla dolu termosunu evdən götürüb çıxanda meydanda nə qədər adam olacağını bilmirdilər. Onlar əmin idilər ki, mitinq etmək adidən adi bir məsələdir, adidən adi hüquqdur və o bunu etməlidir.  Milyon nəfərlik meydan da tək adamlardan təşkil olundu.

Ukraynaya həsəd aparmaq da olar, amma yenə də meydana gəlmək gərəkdir. Dəyişikliyə yalnız bu cür nail olacağıq.