ARDNŞ-in izahatı ekspertləri qane etmir

Xədicə İsmayıl: «ARDNŞ bu açıqlama ilə özünü təkzib etmiş olur, çünki şirkət rəhbərliyi öncə Anar Əliyevi, ümumiyyətlə, tanımadığını bildirmişdi»

Məhəmməd Talıblı: «Baş verənlərlə bağlı nəinki ARDNŞ-in, ümumilikdə ölkə rəhbərliyinin dolğun açıqlamaları olmalıdır»

ARDNŞ “Global Witness” təşkilatının hazırladığı hesabatı “təhrif edilmiş və köhnəlmiş məlumatlar əsasında hazırlanmış” sənəd adlandırır. Şirkət dekabrın 13-də yaydığı bəyanatında bildirir ki, neftin dünya bazarında satışı üçün iş adamı Anar Əliyevin verdiyi təkliflər daha səmərəli hesab olunaraq onunla əməkdaşlıq edilib.
Şirkət bəyanatında ona verilən təkliflər sırasında niyə Anar Əliyevlə iş birliyinin seçilməsini bu cür əsaslandırır: “ARDNŞ tərəfindən bu məqsədlə cəlb olunmuş təkliflər müvafiq qaydada təhlil edildikdən sonra biznes sahəsində uğurlu təcrübəsi olan və hələ 2000-ci illərin əvvələrindən ARDNŞ ilə əməkdaşlıq edən azərbaycanlı iş adamı Anar Əliyevin təklifləri ən səmərəli hesab edildi və sonradan, həqiqətən də, uğurla nəticələndi. Belə ki, ARDNŞ-nin ilk treydinq şirkəti olan ”SOCAR Trading” şirkəti (birgə müəssisə) təsis edildi və Anar Əliyevin təşəbbüsü ilə “Lukoyl” şirkətində rəhbər vəzifədə işləmiş və zəngin təcrübəsi olan Valeriy Qolovuşkin onun rəhbərliyinə gətirildi. Qısa bir zaman çərçivəsində görülmüş işlər nəticəsində Azərbaycan nefti dünya birjalarına ilk dəfə olaraq birbaşa öz brendi altında çıxarıldı”.
ARDNŞ daha sonra “Global Witness” təşkilatını özünün işgüzar nüfuzuna xələl gətirən məlumat yaymaqda ittiham edərək qurumu məhkəməyə vermək hüququnu özündə saxladığını qeyd edir.
Xatırladaq ki, “Global Witness” təşkilatı ARDNŞ ilə bağlı apardığı araşdırmada şirkətlə bağlı sensasiya dolu faktları üzə çıxarmaqla Azərbaycanda korrupsiyanın miqyasını açıq formada göstərmişdi. Məlum olmuşdu ki, SOCAR neft istehsalından tutmuş onun satılmasına qədər işləri bir neçə özəl ortaqla paylaşır. Bu işi həyata keçirən şirkətlər isə  Anar Əliyev adlı bir şəxsin adınadır. SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən Anar Əliyev bu müqavilələrdən 100 milyon manat gəlir əldə edib.
Maraqlıdır hesabat mətbuatda gedəndən bir neçə gün sonra baş verənlərə aydınlıq gətirən ARDNŞ-in arqumentlərini nə dərəcədə əsaslı saymaq olar?
“Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın fikrincə, ARDNŞ açıqlamasında öncə ortada olan spesefik suallara cavab vermir. Digər tərəfdən, ARDNŞ bu açıqlama ilə özünü təkzib etmiş olur: “Bundan əvvəl ARDNŞ rəhbərliyi BBC-yə, ”Azadlıq” radiosuna bildirmişdi ki, Anar Əliyevi, ümumiyyətlə, tanımır. Başqa uyğunsuzluqlar da var. ARDNŞ öz investorlarına məlumat verir ki, o, beynəlxalq partnyorlarla işləyir. Nəyə görə yerli partnyor beynəlxalq partnyor kimi təqdim olunur? Açıqlamada qeyd olunur ki, biz müxtəlif təklifləri araşdırdıq, onların içərisindən Anar Əliyevin təklifini seçdik. Birincisi, aydınlıq gətirilməlidir ki, Anar Əliyevin şirkətləri ilə müqavilə imzalanmamışdan əvvəl tender elan edilibmi, bu prosedur necə həyata keçirilib? Biz bu barədə heç bir məlumata sahib deyilik. ARDNŞ-in cavabında tenderin elan edilməsiylə bağlı heç nə yoxdur”.
X.Ismayıl ARDNŞ-in onun barəsində yayılan məlumatlarla bağlı məhkəməyə müraciət etmək imkanını özündə saxlamasıyla bağlı açıqlamasına da münasibət bildirib: “Əgər ”Global Witness” təşkilatının hazırladığı hesabat dəqiq deyilsə, ARDNŞ məhkəməyə müraciət etsin. Məncə, ARDNŞ, bəyanatda elan etdiyi kimi, bu hüququ özündə saxlamamalıdır. Londonda bu cür işləri araşdıran məhkəmə var. Bu hesabatın araşdırılması hamımız üçün maraqlı olar”.

Iqtisadi Təhlil Institutunun rəhbəri Məhəmməd Talıblı isə bildirdi ki, əvvəlcə ARDNŞ onun barəsində yayılan hesabatın həqiqəti əks etdirmədiyini bəyan edərək, baş verənlərə reaksiya verməmişdi. Amma ikinci mərhələdə A.Əliyevin ARDNŞ-in böyük satışını reallaşdırmasının onun tərcümeyi-halı ilə ziddiyyət təşkil etməsi, izahat verməyi zəruri etdi: “Açıq görünürdü ki, Anar Əliyevin arxasında duran kifayət qədər ciddi qüvvələr var. Bu cür himayədarlıq hesabına böyük gəlirlərə sahib olub. Sonradan məlum oldu ki, Anar Əliyev bir deyil, bir neçə şirkətə rəhbərlik edir və burada böyük korrupsiya elementləri var”.
ARDNŞ-in gətirdiyi arqumentləri əsaslı saymayan M.Talıblı hesab edir ki, ARDNŞ “Global Witness” təşkilatının hazırladığı hesabatın hansı hissələri ilə razılaşmırsa, onlara ayrıca münasibət bildirməklə, geniş sənədlə çıxış etməlidir: “ARDNŞ ”Global Witness” təşkilatının hazırladığı hesabatını təkzib edən konkret faktlara sahibdirsə, onları açıqlamalıdır. Əks halda bu hesabata inananların sayı daha çox olacaq. Azərbaycanda oxşar tədqiqatlar, hesabatlar olub. Amma bunlar daha çox curnalistlərin açıqladığı rəqəmlər, apardığı araşdırmalar olub. Baş verənlər bağlı nəinki Neft Şirkətinin, ümumilikdə ölkə rəhbərliyinin, neft siyasətini müəyyənləşdirən qurumların dolğun açıqlamaları olmalıdır”.

Xəyal