Jurnalist MTN-də intihar həddinə çatdırılıb

Pərviz Həşimli qayçı ilə özünü öldürmək istəyib; məhkəmə işgəncələrə göz yumur FOTO/VİDEO

Səbail Rayon Məhkəməsi jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilməsi, onun Milli Təhlükəsizlik Nazirliyindən (MTN) Bakı Istintaq Təcridxanasına köçürülməsi haqda iddiasını təmin etməyib.
Bu barədə “Amerikanın səsi”nə Pərviz Həşimlinin həyat yoldaşı Ilahə Həşimova məlumat verərək bildirib ki, proses başlamamışdan əvvəl məhkəmə binasının qarşısında çoxsaylı polis əməkdaşları olub. Polislər Pərviz Həşimli məhkəməyə gətirilərkən yaxınlarının və jurnalistlərin ona yaxınlaşmasına imkan verməyiblər.

“Mənə iş gəncə verirlər!”

Pərviz Həşimli məhkəməyə əli qandallı vəziyyətdə gətirilib və maşından düşürülüb məhkəmə binasına salınana qədər yalnız “Mənə işgəncə verirlər!”, – deyə qışqıra bilib.
Ilahə Həşimli onu da qeyd edib ki, Pərviz Həşimliyə ona verilən işgəncələrlə bağlı qeydlərini məhkəməyə gətirməyə imkan verilməyib, onun qeydlərini əlindən alıblar. Vəkil Elçin Sadıqov buna etiraz əlaməti olaraq, məhkəmə zalını tərk edib.

Boş otaqda elan olunan məhkəmə qərarı

Pərviz Həşimli özü də hakimin bu cür hallara göz yummasına etirazını ifadə etmək üçün arxasını ona çevirib.
“Bu zaman Pərvizi başqa otağa aparıblar. Məhkəməni Pərviz və vəkil olmadan boş otaqda keçirib qərar veriblər”, – deyə Ilahə Həşimli bildirib.
Jurnalistin həyat yoldaşı onu da bildirib ki, Pərviz Həşimli ona verilən fiziki və psixoloji işgəncələrə görə bugünlərdə özünü öldürmək istəyib: “Bəzən ona elə sözlər deyilir ki, özünü öldürmək həddinə gətirib çıxarılır. Vəkili bizə bildirib ki, qayçı ilə özünə qəsd etmək istəyib, son anda  MTN-nin istintaq təcridxanasının əməkdaşları buna imkan verməyib”.
Ilahə Həşimli Pərvizin işi üzrə istintaqın tezliklə yekunlaşlması, həyat yoldaşına qarşı fiziki, mənəvi işgənclərin dayandırılması üçün yenidən müvafiq qurumlara müraciət ediləcəyini bildirib.

O həmçinin Pərvizin həbsindən sonra ailəsinin maliyyə durumunun ağır olduğunu qeyd edib: “Ailəmizin yeganə çörək gətirəni Pərviz idi”.
“Amerikanın səsi” baş verənlərlə əlaqədar MTN-nin ictimaiyyətlə əlaqələr şöbəsilə əlaqə saxlayıb. Bu qurumdan bildirilib ki, bir qədər sonra zəng edin. Sonradan edilən çoxsaylı zənglərə cavab verilməyib.

“Amerikanın səsi”nə olmasa da, APA-ya MTN-nin Ictimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev açıqlama verib: “Bunlar əsassız, fakta söykənməyən, yalan məlumatlardır. Indiyədək Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma yeri və Istintaq Təcridxanasında hər hansı işgəncə, yaxud qeyri-insani rəftara yol verilməsi barədə heç bir fakt qeydə alınmayıb. Bu, ümumiyyətlə, qeyri-mümkündür. Bildiyiniz kimi, Ombudsman Aparatının əməkdaşları, işgəncələrə qarşı qeyri-hökumət təşkilatlarının nümayəndələri mütəmadi olaraq Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma yeri və Istintaq Təcridxanasında monitorinq keçirirlər. Indiyədək onlar tərəfindən saxlanılan şəxslərə qarşı hər hansı qeyri-qanuni hərəkətə, yaxud işgəncəyə yol verilməsi faktı qeydə alınmayıb. Bu cür məlumatların yayılması subyektivdir, müəyyən mənada istintaqa təzyiq vasitəsidir, həqiqətdən uzaqdır”.
Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı qanunsuz silah saxlama, qaçaqmalçılıq maddələrilə ittihamlar irəli sürülüb. Pərviz Həşimli isə ittihamları qəbul etmir, onların uydurma olduğunu bildirir və həbsini jurnalist fəaliyyətilə əlaqələndirir. Beynəlxalq təşkilatlar da bu həbsin siyasi motivli olduğunu hesab edir. “Amnesty International” Pərviz Həşimlini “vicdan məhbusu” elan edib.

Ramin Deko