Dünya Anar Əliyev adlı bir neft kralını axtarmağa girişib. Dünyanın işinə bax: Kral tapılmır. Anar Əliyev naxçıvanlıdır. Azərbaycan Dövlət Neft Şirkətinin, belə desək, başlıca payçı-ortaqlarındandır. Ancaq bu, sözün klassik anlamında payçı-ortaqlıq deyil, bir az başqa tipli payçı-ortaqlıqdır. Sözü uzatmadan el dililə bu payçı-ortaqlığın yığcam, eləcə də çox tutarlı formulunu ortaya qoymaq olar: nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım. Bu formulun çox yerinə düşən başqa bir variantı da var: əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
Uluslararası Araşdırmaçı Jurnalistlər Konsorsiumunun araşdırma materiallarına görə, Anar Əliyevin biznes qurumları dünyanın bu başından o başına, Bakıdan, Moskvadan tutmuş, planetin ən ucqar ağlagəlməz ofşor zonalarınadək səpələnib. Bu, 34 yaşlı Naxçıvan yetirməsi, araşdırma materiallarından göründüyü kimi, açıq-aydın biznes dahisidir. Bəsbəlli SOCAR-ın ən azı 48 alışverişində adı keçən kompaniyalarla Anar Əliyevin bağlılığı var. Bunların yalnız birindən, Azərbaycan neftini dünyaya satmaq çətinliyinə qatlaşan bircə kompaniyadan Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub. Anar Əliyevin ikicə gün qaldığı bir hotelə 10 min dollardan artıq pul ödənib. Ikicə gün üçün!
Sözsüz, yalnız hansısa Jurnalist Araşdırmaları qurumu deyil, bütövlükdə media, ayrı-ayrı jurnalistlər professiya borcu olaraq bu fenomenal biznesmenlə görüşüb tanış olmağı çox istəyirlər. Istəyirlər, istəklərinə uyğun çalışmalarda bulunurlar, ancaq… adam tapılmır. Görünür, bu özü də bir ayrı fenomenallıqdır: adam bir qolla 100 milyon dollardan artıq… iz buraxır, ikicə gün qaldığı hotelə 10 min dollardan artıq pul ödəyir, sonra da… gözəgörünməz olur! Ancaq indiki çağda, 21-ci yüzildə, Internet dönəmində, 100 milyonlarla pul fırladıb gözəgörünməz olmaq… olamaz! Adamı axtara-axtara gəlib Azərbaycan Dövlət Neft Şirkətinə çıxıblar. Kimsə bu yerdə “qırxıncı otağa” gəlib çıxıldığını düşünə bilər. Yanlış! “qırxıncı otaq” orda deyil, ordan bir az yuxarıda, bir az hündürdədir. Üzüyuxarı 55-60 metr gedib ora çatmaq olar. Ora Azərbaycan neftinin çıxarılan yeri olmasa da, bitən yeridir! Seçkilər orda düzülüb-qoşulduğu, seçki faizləri orda yazıldığı, parlament orda formalaşdırıldığı, bütün başlıca, ən çox da siyasi məhkəmə hökmləri orda oxunduğu kimi, neft gəlirləri də orda milyonlar, milyardlar axarında… mənimsənir! Elə olmasaydı, indiyədək ortaya çıxan neft oğurluğu faktları bir yana, indikinə yubanmadan reaksiya verilərdi. Ancaq… Parlament başda olmaqla korrupsiya-monopoliya siyasətinə uyğun bütün dövlət strukturları özəlləşşdirilibsə, buna nə gərək?!
Legitimlikdən uzaq çətin seçki sonrası, üstəlik, Vilnüs sammiti öncəsi “müxalifət jurnalistinin” də qatıldığı jurnalistlərlə görüş Ilham Əliyevə çox gərək idi. Görüşdə o, qəzet yayımına qoyulan qadağanın aradan qaldırılması ilə bağlı “çox ciddi tapşırıq verdiyini” (üzünü rejimin başlıca qəzet maqnatı Əli Həsənova tutmaqla) bildirdi. Aradan az qala bir ay keçib… qadağa qalmaqdaır! Kimsə bu fakta görə I.Əliyevin sözünün keçərsiz olduğunu düşünə bilər. Elə deyil; bunlar rejim siyasətlərinə bağlı qurulmuş oyunlardır. Bir fakt. Bütün seçkilərdə “müsəlman bacı-qardaşları” Əliyevlərə səs verməyə çağıran şeyxülislam A.Paşazadənin Bakı başqanı H.Abutalıbova dekabrın 10-da belə bir başvurusu yayıldı: “peşəkar inqilabçı komunist Mustafa Sübhinin adı Təzəpir məscidinin qarşısından keçən küçədən götürülsün”. Bakı IH-dən onların belə bir yetkisinin olmadığı bildirildi. Bircə gün sonra, dekabrın 11-də, “ölkə başçısı Ilham Əliyevin tövsiyəsilə” H.Abutalıbov küçənin adını dəyişdi. Özləri komunist ideallarına dönük çıxanlar ölənədək komunist ideallarına bağlı qalmış Mustafa Sübhini beləcə əlbir-dilbirliklə yıxdılar – Azərbaycanı yıxdıqları kimi!