Kim daha yaxşı deyib?

Xalid Qarayev

ATƏT: “Seçki məntəqələrinin 58 faizində seçkilər saxtalaşdırılb”

Cəmil Həsənli: “Keçirilən prezident seçkisində seçici fəallığı 20 faiz olub. Bunun da 65 faizinin səsini mən almışam”

İkram İsrafil: “Müsavat partiyası tez bir zamanda Milli Şuranı tərk etməlidir”

Rüstəm İbrahimbəyov Bakıya gələ, seçkiyə qatıla bilmədi. O, nə Rusiyanın, nə də Qəribin adamı olmağı bacardı. Amma Milli Şura ideyasın irəli sürməklə,bu ideyanın ətrafında siyasiləri toparlamaqla, çox böyük iş gördü. Nüfuzunu, pulunu, enerjisini xərclədi, amma daha artığını, Vətənə qayıdıb, Milli Şuranın vahid namizədi kimi seçkiyə qatılmağı bacarmadı. Əlbəttə, hamımız daha artığını gözləyirdik. Rüstəm İbrahimbəyovu Milli Şuraya sədr kimi təklif edən İsa bəy başda olmağla. Lakin Milli Şuranın əsas hədəfi, yaradılış məqsədi Rüstəm bəyi Bakıya gətirmək deyildi. Hədəf, seçkidə iştirak, xalqı prosesə cəlb etmək, hakimiyyəti dəyişmək mümkün olmasa belə, onun qanunsuz olduğunu, xalqın iradəsini əks etdirmədiyini bütün dünyaya göstərmək idi. Amma vahid namizədin Bakıya gələ bilməməsi qeyri-müəyyən vəziyyət yaratmışdı. Daxildə Milli Şuranın hədəflərindən yox, onun qorunması, fürsətçillərin əlinə əlavə arqumentlərin verilməməsi daha çox müzakirə olunurdu. Belə bir məqamda Rüstəm bəyin Cəmil Həsənlini vahid namizəd göstərməsi, həm özü haqqında formalaşdırılan “Rusiya layihəsi” iddilarını sarsıtdı, həm də Milli Şuranı parçalanmadan qurtardı. Təbii ki, müvəqqəti. Qısa zaman ərzində Cəmil bəy nəinki, daxildəki saxta vətənpərvərləri, hakimiyyətin özünü belə, çıxılmaz vəziyyətə saldı. ABŞ-a, Avropaya səfərlər, çoxminli mtinqlər, teledebatlardakı cəsarətli çıxışlar, əyalətlərdəki möhtəşəm görüşlər, seçki günü saxtakarlığın ifşası, seçkidən sonra hakimiyyətin üzləşdiyi beynəlxalq böhran, uzun illərdən sonra hakimiyyətin aldığı ən ciddi zərbə oldu desək, yanılmarıq. Təbii ki, qısa zamanda bu qədər uğura imza atmaq, ilk dəfə olaraq seçkidən sonra müxalifətin birliyini qoruyub saxlamaq hakimiyyəti və zaman zaman Milli Şuranı bəyənən, inkar edən, üstündən sükutla keçən, tərənnüm edən, var olduğu, məhv olduğu haqda qalaq-qalaq yazılar yazan, açıqlamalar verən adamlar sakit qala bilməzdilər və qalmadılar. Artıq Milli Şuranın dağıdılması zəruri şərt kimi qoyulub. Hətta prosesin ilk mərhələsində böyük ümidlər verən siyasilər də prosesin inkişafı üçün az qala kecilməz maneələr yaratmaqda israrlı görünür. Cəmil Həsənlinin hədəf seçilməsi isə, “Rusiya layihəsi” ni gündəmdən çıxarır, yeni situasiya yaradır.
Bəli, artıq Milli Şura köhnəlmiş, amma “canıbərk” alverçilərə qurban verilir. Və ya verilmək astanasındadır. Nə qədər istənilməsə də, iri addımlarla bazara doğru istiqamət alanlarla yeni cəbhə açılacaq və neqativ aktivlik pik həddə çatacaq. Hakimiyyət də öz cəbhəsində aktivdir.Yanacağın, yanacaga bağlı olan hər şeyin qiymətini qaldırıb. Vəziyyətin gərginliyini nəzərə alaraq, bezilerinin də qiyməti adekvat olaraq qalxacaq. Beləliklə, alver mandat bazarına kimi uzanacaq. Nəticədə, mümkün alıcılar və satlıqlar əksəriyyəti bazara cəlb ediləcək. Demək, uzun illərdir bu bazarın alıcılarına çevrilməsi vacib sayılan, amma mümkün olmayan idealist insanları daha ciddi sınaq, daha çətin günlər gözləyir.Təbii ki, cəmiyyət də öz passivliyini bu çəkişmə ilə sığortalayacaq, hakimiyyət də seçkidə aldığı zərbələrin qisasını alamğa çalışacaq.