Dağlar və xalqın sinəsinə çəkilən dağlar

1.Dağ günü

Bu ölkədə elə şair tapmaq çətindir ki, onun ölü yerdən bir dənə dağlar şeiri olmasın.

Bizdə dağlara şeir yazmayan şairə bir az pis baxırlar, elə bil Həccə getmisən, amma şeytana daş atmamısan.

Elə bil Parisə getmisən, amma Eyfel qülləsinə qalxmamısan.

Hələ mən bu ölkədə kiçik istisnalarla az qala hər kəsin azı bir dağlar şeiri əzbər bildiyini demirəm.

Amma bunlara rəğmən, indi durub kimdən soruşsan, görəcəksən ki, dünyada 10 ildir Beynəlxalq Dağ Gününün qeyd olunacağından xəbərsizdir. 

Bəli, 11 dekabr Beynəlxalq Dağ Günüdür, bu günün qeyd edilməsində məqsəd də təbiətin bu ecazkar yaradılışının qorunması, onun problemlərinin gündəmə gətirilməsidir.

Bizsə dağlardan şeir uydura-uydura onları ya erməniyə ərməğan etdik, ya da oliqarxlara. Aşıq Ələsgərin sultanlara, xanlara baş əymədiyinə görə vəsf etdiyi dağlarımız indi oliqarxların qarşısında baş da əyir, hələ o yana da keçir. Niyə də baş əyməsin? Oliqarxların pullarını üst-üstə yığsaq dağlarımız onun yanında təpəyə bənzəyər. Istənilən bir dağa gedin, orada üstü hasarlanmamış, kafeyə, restorana, əyləncə mərkəzinə çevrilməmiş bir bulaq başı tapsanız, mənə də xəbər edin, qalxıb Şahdağın zirvəsində bir-iki ağız anqırmasam, gəlin tüpürün üzümə.

Millətin əlinə qələm alanı isə sanki heç nəyin fərqində deyilmiş kimi, bir ucdan dağlara şeir uydurmaqla məşğuldurlar. 

Alasan o qələmi, soxasan qarınlarına, deyəsən di gedin dincəlin.

Bir də deyəsən, hünəriniz çatır, bir az da xalqın sinəsinə çəkilən dağlardan yazın.

2.Həkim dağı

Bir xalqa edilə biləcək iki böyük, bədəli heç bir zaman ödənməyəcək pislik var. Biri o xalqın elmini, təhsilini yox etməkdir. Digəri isə səhiyyəsini. Harun Yəhyanın sözü olmasın, maşallah, bunlar bunun ikisini də bacardılar.

Hansı ki, onun biri xalqın mənəvi, əqli, ruhi diriliyi ilə əlaqədardır, o biri fiziki, cismani diriliyi ilə. Amma bunlara hakimiyyətlərini təhlükəsiz, toxunulmaz qılmaq üçün ölüvay toplum yaratmaq, məmləkəti isə qəbiristan sükutuna qərq etmək lazımdır.

Ona görə də elmin, təhsilin də başına daş saldılar, səhiyyənin də.

Dünən Türkiyə Səhiyyə Nazirliyi sözçüsünün (Əhməd Cömərd) açıqlamasını oxudum. Adam deyir ki, Azərbaycandan ildə 10 min nəfər müalicə üçün Türkiyəyə gəlir. Təsəvvür edirsinizmi, ildə 10 min nəfər! Özü də ancaq Türkiyəyə! Indi bunun üstünə Irana üz tutanları gəlin (onların Türkiyəyə gedənlərlə müqayisədə qat-qat çox olduqlarına isə əsla şübhə etmirəm). Hələ bunun bir az imkanı çatıb Avropaya, Israilə, ABŞ-a gedənlərini demirəm.

Səbəb? Rüşvət, yanlış diaqnozlar, səhv müalicələr, insanı soğan kimi soyub qabıqdan çıxaran müalicə xərcləri, keyfiyyətsiz dərmanlar. Ən kiçik əməliyyatda belə ölüm qorxusu.

Bunlar azərbaycanlıların leksikonuna “həkim terroru”, “ağ xalatlı cəlladlar” ifadələrini gətirdilər.

Bunlar “yaxşı həkim xəstənin ağrıyan yerindən əvvəl cibinə baxar” kimi müasir atalar sözü yaratdılar.

Bu xalqa heç bir qəvi düşmən bunu etməzdi, amma bunlar etdilər.

3.Cəhalət dağı

Srağagün Sumqayıtda radikal dini qrupa aid silahlar işə düşüb, atəş səsləri eşidilib. Halbuki sıradan atəş səsləri deyil onlar.

Onlar həm də ölkədə elmin, təhsilin yox edilməsinin Azərbaycanı hara aparıb çıxara biləcəyinin siqnal səsləridir. 

Bilgisizliyin, təhsilsizliyin Azərbaycanı yuvarladığı təhlükənin ayaq səsləridir. 

Cəhalətin üzərinə ölkəni ağuşuna almış hüquqsuzluğu, ədalətsizliyi gəlin. Azadlıqların, çağdaş, sivil, dünyəvi müxalifətçiliyin faktiki yasaqlanmasını, siyasi mübarizə meydanının yox edilməsini əlavə edin.

Bir də bunun işsizliyi, yoxsulluğu, səfaləti var.

Bütün bu sadaladıqlarımız dini ekstremizmin, radikalizmin əsas yaranış ünsürləridir. 

Çətin də olsa, mümkünsüz də görünsə, hər halda inanmaq istəyirəm ki, Sumqayıtda srağagün eşidilən atəş səsləri öz uydurma, yalançı inkişaf nağıllarından məst olaraq uyuyan yaptokrat vicdanları nəhayət ki, oyadacaqdır.

Əks halda irəlidə Azərbaycanı nələrin gözlədiyini düşünəndə belə, adamın tükləri biz-biz olur.