Ukrayna və Azərbaycan Meydanları arasında fərq

Ya orada baş verənlər siyasi hadisələr deyil, ya da Ukraynada ziyalı yoxdur

Bu günlərdə Ukraynada baş verən hadisələr siyasi hadisələrdirmi ? Bəlkə, sualın düzgün qoyulmadığını güman edirsiniz? Əlbəttə, sual elə bu şəkildə qoyulmalıdır! Biz iki cəmiyyət arasında, Azərbaycan və Ukrayna arasında olan fərqləri bilməliyik axı… Niyə onlarda elədir, bizdə isə belə?.. O əjdahadan bizdə niyə yoxdur axı? Və söhbət hansı əjdahadan gedir?

Yanukoviç fenomeni

Ukrayna prezidenti Yanukoviç korrupsiya ilə məşğuldurmu? Əlbəttə məşğuldur. Prezident olduğu dördcə il ərzində ölkəsinin ən varlı iş adamına çevrilib. Hətta bir lətifə də var oralarda. Bir gün Yanukoviç oqlu ilə təyyarədə uçur. Aşağıda, Ukrayna boyu nələrin baş verdiyinə baxırlar. Bir- birini əvəz edən fabrikləri, zavodları, malikanələri görən Yanukoviç bu obyektlər haqqında bircə-bircə oğlundan soruşur. O da «ata, bu, sənin filan vaxt aldığın fabrikdir… bu mənim filan vaxt özəlləşdirdiyim zavoddur… bu filan vaxt tikdirdiyimiz villadır… və sairə». Bir müddət sonra Yanukoviç hesabı itririr və oğluna baxıb heyrətlə deyir: «Oğlum, deyəsən, bu ölkədə bizim ikimizdən başqa işləyən yoxdur». Bəli, onlar da eynən bizim hakimiyyət ailəsi kimi əllərinə keçəni, gözlərinə görünəni qamarlayıblar, özəlləşdiriblər… Ukraynanı Vətən olmaqdan çıxarıb obyektə çeviriblər. Günlərin bir günü isə öz obyektlərini də götürüb Rusiyaya getmək fikrinə düşüblər. Amma bu anda onların qabağını Ukrayna xalqı kəsib.

Niyə onlar siyasətə qarışırlar

İndi orada baş verənlər tər-təmiz siyasi hadisədir. Ukraynanın gələcəyi ilə bağlı olan bir siyasət. Ukrayna bundan sonra Avropa ilə bağlı olmalıdırmı, ya Rusiya ilə?.. Yanukoviç onun özünün, ailəsinin biznesinə, uzun müddətli hakimiyyətinə zəmanət verən Rusiyanı, Ukrayna xalqı isə insanların haqq və hüquqlarına, azadlıqlarına zəmanət verən Avropanı seçir. Bu günlərdə Ukraynada seçki kampaniyası gedir. İndi orada baş verənlər qiymətlərin qalxması, maaş azlığı, ərzaq qıtlığı, korrupsiya, əsgər ölümləri…. kimi sosial və fiziki haqların qorunması ilə bağlı deyil. Siyasi hadisədir. Və Ukrayna ziyalıları bu siyasi haqlar uğrunda mübarizənin önündə gedirlər. Onlar «biz siyasətə qarışmırıq» söyləmirlər. İstənilən cəmiyyətin həyatında elə anlar olur ki, siyasət «ölüm, ya olum» məsələsinə çevrilir və bu halda millətin örnək sayılan adamları meydana axışır, bu siyasətin axarını, istiqamətini müəyyən edib, sonra yenidən gedirlər elmi axtarışlarının, yaradıcılıqlarının, mahnılarının,.. arxasınca…

Rektoral fərqlər

İnfromasiyalara baxın…. Kiyev Politexnik İnstitutunun rektoru Mixail Zqurovski tələbə kalonunun önündə Meydana gedir…. Və müsahibə verir… «Bəli, mən tələbələrimin arasında olmalıyam. Unutmayın ki, bu, Ukrayna xalqının haqları və Konstitusiya uğrunda dinc siyasi mübarizədir. Mən tələbələrimlə bir yerdə olmalı, onları təxribatlardan qorumalıyam. Onlar düz edirlər və bu mübarizədə həlledici rol gənclərə məxsus olmalıdır. Mənim tələbələrim sosial qısır ola bilməzlər…».
Azərbaycan rektorları ilə müqayisə edin.
Həm də, cənab Zqurovski tək deyil! Kiyevdəki az qala bütün ali məktəblərin rektorları Ukrayna xalqının haqqı və ləyaqəti uğrunda mübarizədə öz tələbələri ilə brilikdədirlər və onları sosial qısırlıqdan çəkinməyə, etiraz aksiyasına qoşulmağa dəvət edirlər… Azərbaycanın ali məktəb rektorları isə yalnız bir məsələ haqqında düşünməkdədirlər: imtahan proseslərini daha necə dolaşığa salmaq olar ki, tələbələrdən əlavə rüşvət qoparma imkanı yaransın. Bu, sosial qısırlıq da deyil, sosial simasızlıqdır! Bir cəmiyyətə və bir millətə sima qazandıran onun ziyalılarıdır, əlbəttə. Bu günlərdə Ukrayna yazıçıları və şairləri millətin Meydana axışını tərənnüm edirlər. Milli iradənin azadlığını ən böyük dəyər kimi qiymətləndirirlər. Ukraynanın tanınmış yazıçısı Oksana Zabujko bildirir: «Bizim sabiq prezidentlərdən biri demişdi ki, Ukrayna Rusiya deyil. Mən də bir əlavə edirəm: Ukrayna Belarus da deyil. Biz azadlıqlara dəyər verməyə və azadlığın həm vətəndaşlarımızın, həm də millətimizin xarakterinin əsas göstəricisi olduğunu sübut etməyə borcluyuq».

Sənət azadlıq naminə!

Ukraynada sənət adamları belə, bu azadlıqların daşıyıcılarıdır! Təsəvvür edirsinizmi, hətta şou-biznes belə bu həlledici günlərdə siyasətdən kənarda deyil və özünü bu siyasi proseslərdən kənarda təsəvvür etmir, etmək istəmir! Nəinki, paytaxt Kiyevdə, hətta ölkənin başqa şəhər və rayonlarında da populyar müğənnilər, sənət adamları Yanukoviçin özbaşınalığına etiraz edənlərin yanındadırlar, onlar üçün oxuyurlar!

İnformasiyaya baxın!

«Xarkovda, Şevçenkonun abidəsinin önündə Avvromeydana dəstək əlaməti olaraq rok-konsert təşkil edildi. Konsertdə Xarkovun «Sobaki v Kosmose», Poltavanın «Trans- Former», Sum şəhərinin «DK Danc», Dnepropetrovskinin «Vertel», Donetskinin «Stone Band» qrupları və başqaları çıxış ediblər».

Və… mətbuat

Ukrayna mətbuatı! Bu ölkənin mediası əsl fədakarlıq nümunələri yaratmaqdadır. Hətta hələ Meydanın ilk tərəddüdlü günlərində mətbuat konfransı keçirən Viktor Yanukoviçə məhz bu cür suallar ünvanlayan Ukrayna mediası…
«Cənab prezident, sizin və oğlunuzun hansı müdhiş biznes qabiliyyətləriniz var ki, ən qısa zamanda bu qədər sərvət sahibi ola, təyyarlərər-filanlar ala biləcək qədər çoxlu pul əldə edə bilibsiniz?»… Və elə hesab etməyin ki, indiki günlərdə, Meydan eyforiyasına güvənilərək verilən sualdır. Ukrayna mediası bütün imkanlarda və fürsətlərdə Yanukoviçə bu tip sualları ünvanlamaq üçün həm yetərli cəsarətə, həm də peşəkarlıq göstəricilərinə sahib olub. Məsələn, bu ilin mart ayında, hələ heç kimin inqilab-filan proqnozlaşdırmadığı zamanda da Yanukoviçə bu cür suallar ünvanlanırdı: “Buraya maskalarla gəldik. Ona görə yox ki, bu bizim üçün əyləncəlidir. Biz siyasi sual vermirik. Bu suallar bizim peşəkar fəaliyyətimizlə bağlıdır. Məsələ burasındadır ki, bizi döyürlər, amma heç kimə qarşı cinayət işi qaldırılmır. Bizə işləməyə imkan vermirlər… Siz sonuncu dəfə bizimlə 15 ay əvvəl görüşmüsünüz və bu, çox uzun müddətdir və buna görə də bizim bir neçə sualla müraciət etməyimiz sizə qəribə görünməsin. Hərçənd, siz bu suallara onsuz da cavab vermirsiniz. Sizin oğlunuz haqqında sual vermək istəyirəm. O necə milyarder oldu? Ona kim yardım etdi? Bəlkə dostları? Məsələn, baş nazirin müavini Arbuzov, ya bəlkə Zaxarçenko?..”.

Bizim klanın şücaətləri

Azərbaycanda siyasət bu qədər aktual və zəruri deyilmi? Bizim ölkəmizdə siyasi sistem faktiki olaraq dəyişdirilib, respublika üsul-idarəsi monarxiya ilə əvəz edilib. Neftlə zəngin olan ölkəmizin bütün yeraltı sərvətləri ilə nə baş verdiyini hətta yerin altındakılar da bilmirlər və ya bu məsələ ilə maraqlananlar oraya, yerin altına yollanmaqdan qorxurlar. Neftdən kənarda olan bütün təsərrüfat sahələri İlham Əliyevin biznes arxipelağından ibarətdir. Taxılçılıq, pambıqçılıq, bostançılıq, broyler, şəkər, duz, çay, dərman, banan,pampers, təyyarələr, taksilər, avtobuslar… hər şey və hər şey! Azərbaycan humanitar fəlakət zonasına çevrilib. Ölkənin siyasi fəallıq göstərən vətəndaşlarını gah Amerika ilə, gah Avropa ilə, gah Rusiya ilə şantaj edirlər. Amma idarəetmənin başında dayananların hamısının bu şantaj məkanları ilə ən yüksək səviyyədə biznes əlaqələri var.

Onlar siyasətə qarışmırlar

Bizim ziyalılar hanı?! «Siyasətə qarışmırıq» deyən həmin ziyalılar, «siyasət» deyəndə nəyi nəzərdə tuturlar? Ölkə əhalisinin az qala yarısı ya iqtisadi, ya da siyasi səbəblər üzündən mühacirətə gedib, qaçıb-dağılıb. Bizim yazıçıları, şairləri övladlarını vəzifələrə təyin etməklə, özlərinə dükan-bazar açmaq imkanı verməklə necə susdura bilirlər? Susduqları andan ziyalı deyillər, deməkdir. Və bunlara irad tutanda, hələ bir qeyzlənirlər də… Bizim rektorlar haqqında danışmağa dəyməz, çünki onlar kassirlərdir. Məhz bu rektorların fəsadları ucbatından Azərbaycan tələbələri imtahan-kəsir davası aparmaq səviyyəsinə qədər endirilib. Şou-biznesdən danışmağa dəyməz. Azərbaycanın siması elan edilən sənət adamları da ruhunu qəpik-quruş davasına satmış şeytanlara çevriliblər. Siyasətə qarışmırlar. Amma özlərinə bəraət qazandırmağa gələndə ağızlarına çullu dovşan sığmır: “Ölkəmiz müharibə vəziyyətindədir. Ətrafımız düşmən ölkələrlə əhatələnib. Odur, Ermənistan, İran, Rusiya… Amerika və Avropa bizi kölə vəziyyətinə gətirmək istəyir…”.

Onlar kimdən qorxurlar

Kölə daha necə olur ki? Son 10 ildə Azərbaycan xalqının 50 milyard dollardan artıq sərvəti xəlvəti yollarla aradan çıxarılaraq başqa ölkələrə sərmayə kimi yatırılıb. Bu, millət sayılan Azərbaycan əhalisinin haqqıdır axı. Lap bu günlərdə bəyan etdilərmi ki, SOCAR deyilən bu müdhiş neft Allahı azərbaycanlıların pensiya-təqaüd pullarını, hansı qanunsuz və pirat yollarla talan edir. Azərbaycanı kim köləyə çevirmək istəyir? Yaxud, kimlər Azərbaycanlıları artıq köləyə çevirib qurtarıblar? Azərbaycan ziyalısı indi o adamlar deyillər ki, onlar şair və yazıçı işləyirlər. O adamlardır ki, onlar millətin haqqının – yaşamaq haqqının, azadlıq haqqının, can və mal varlığı haqqının, insan kimi yaşamaq haqqının özünə qaytarılması üçün uzun illərdir bu diktaturaya boyun əymir, onun qarşısında geri çəkilmir. Bir də, o adamlardır ki, onlar günün birində oyanmış vicdanlarını götürüb Meydana atılacaqlar və “Bəsdir, bu milləti heyvan yerinə qoydunuz!” deyə haqyıracaqlar. Hələlik o meydan boşdur! Millətin əzilməsini, sındırılmasını, ölkədən didərgin salınmasını siyasət sayan və haqq-ədalət uğrunda savaşın fərarisi sertifikatı almaq üçün ziyalı haqqını girov qoyanlar! Ukraynanı görürsünüzmü? Orada bir siyasət var…
Rusiyadan qorxursunuzmu, İrandan qorxursunuzmu, Ermənistandan qorxursunuzmu? Yalan danışmayın, siz İlham Əliyevdən qorxursunuz!

Rusiyadan Meydana dəstək !

Rusiya yazıçıları Ukraynada Meydanda öz seçim haqqı uğrunda dirəniş göstərənlərə müraciət imzalayıblar: “Sizin öz seçim haqqınız uğrunda mübarizəniz ağırdır, amma biz inanırıq ki, siz qələbə qazanacaqsınız. Biz inanırıq ki, sizin mübarizəniz bizim üçün örnək olacaq və biz də öz haqqlarımız və azadlıqlarımız uğrunda mübarizə apara biləcəyik. Biz, sizinləyik!”.
Azərbaycan yazıçıları Ukrayna xalqına belə bir müraciət ünvanlaya bilərmi? Bunu öz cəsarətinə sığışdırmağı təsəvvür edən nə qədər ziyalımız var? Ukraynada Meydana yığışan milyonlar Kliçkonun və ya Yatsenyukun çağırışı ilə gəlməyiblər. Ukraynalılar oraya Ukrayna ziyalılarının çağırışı ilə gəliblər. Ukraynanın sosial qısırlığı özünə rəva görməyən ziyalılarının…