“Mitinqin yeni vaxtını hamıya çatdırın”

Əli Kərimli xalqı mitinqə çağırdı: “Etiraz etməsək, qiymət artımı da, hüquqsuzluq da davam edəcək”

AXCP sədri Əli Kərimli Facebook səhifəsində Milli Şuranın 15 dekabr mitinqi ilə bağlı yeni müraciət yayıb. Buna səbəb mitinqin vaxtının dəyişdirilməsidir. Əli Kərimli yazır:

“Dostlar, bu məlumatı geniş yayın.
Milli Şuranın qiymət artımına etiraz mitinqi dekabrın 15-də İnşaatçılar metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Lakin mitinq əvvəl elan olunduğu kimi 16:00-da deyil, 14:00-da başlayacaq. Mitinq saatının dəyişdirilməsi icra hakimiyyətinin bizə yaratmaq istədiyi maneədir. Lakin bizim indi əlavə mübahisələrə vaxtımız yoxdur. Mitinqin yeni vaxtını hamıya çatdırmaq lazımdır. Əsas odur ki, heç bir qarşıdurmaya bəhanə vermədən, qiymət artımına kütləvi etirazı təşkil edək.
Nəhayət, hakimiyyət anlamalıdır ki, hətta “dözümlü xalq”ın da dözümünün həddi var”.

***

AXCP sədri Əli Kərimli Facebook səhifəsindən xalqı Milli Şuranın 15 dekabr mitinqinə çağırıb. Çağırışda deyilir:

“Əziz həmvətənlər, bu mitinqin sifarişi sizdən gəldi. Qiymət artımından hiddətlənmiş minlərlə vətəndaşımız müxalifəti etiraz aksiyaları təyin etməyə çağırdı. Artıq mitinq təyin olunub və razılaşdırılıb. Milli Şuranın qiymət artımına etiraz mitinqi 15 dekabrda saat 16:00-da İnşaatçılar metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda başlayacaq. Əsassız qiymət artımına etiraz etmək nəinki haqqımız, hətta vəzifəmizdir. Etiraz etməsək, qiymət artımı da, hüquqsuzluq da davam edəcək. Söz millətindir!”.

Qeyd: AXCP sədri statusunu yayandan sonra Bakı Şəhər İcra Hakimiyyətinin məktubundan bəlli olub ki, mitinqin saat 14:00-dan 16:00-a qədər keçirilməsinə razılıq verilib. Beləliklə, mitinq saat 16:00-da yox, saat 14:00-da başlayacaq