Üç adam, üç ağrı

1.Mustafa Sübhi

Ideallarını qəbul edərsiniz, qəbul etməzsiniz, fərqi yoxdur, o ideallarına sonunadək sadiq olan, bağlı olan, o ideallar uğruna heç bir məhrumiyyətdən çəkinməyən, nələrinsə müqabilində o ideallara sırtını dönməyən, o idealları satmayan insanlara ehtiram hər kəsin borcudur.

Bu gün insanları dəhşətli dərəcədə merkantilləşmiş, şəxsi mənfəətin toplum maraqlarının önünə keçdiyi Azərbaycanda o ehtiram duyğusu bir daha zədələndi, yox edildi.

Mustafa Sübhi küçəsinin adının, həm də absurd səbəblə dəyişdirilməsini başqa cür dəyərləndirmək çətindir.

Sübhi təpədən dırnağa, gerçək bir kommunist idi. Inandığı dəyərlər vardı və o dəyərlər uğrunda da həlak oldu.

Dostları ilə birlikdə Bakıdan çıxıb Türkiyəyə qayıdarkən yolda – Trabzonda həbs edilən Mustafa Sübhini və silahdaşlarını əvvəlcə döydülər, sonra isə öldürərək cəsədlərini Qara dənizin sularına atdılar.

Cəmi 33 ilə sığışdırdığı həyatı istismarçı siniflə və imperializmlə mübarizədə keçmiş, Türkiyənin ilk siyasi partiyası – Kommunist Partiyasını qurmuş (həm də Bakıda!), Nazim Hikmətindən Kiçik Isgəndərinədək bir çox ünlü şairin haqqında şeirlər yazdığı, Əhməd Qayanın haqqında “Bir əcaib adam” (sözləri Yusif Halaçoğluna aiddir) bəstəsini oxuduğu Mustafa Sübhinin adına olan küçə birilərinə əcəba nəyi xatırladırdı?

Puldan qeyri dəyər tanımadıqlarınımı?

Sovetin çöküşü ilə bir gecədə necə ateistdən həciyə, kərbəlaya çevrildiklərinimi?

Dini siyasət və biznes adına sümürdüklərinimi?

Qul haqqı yediklərinimi?

Millətin sərvətlərini istismar etdiklərinimi?

Bilmirəm.

Bildiyim tək şey var.

Düşüncələrinə qatılarsınız, qatılmazsınız, daşıdığı dəyərləri bölüşərsiniz, bölüşməzsiniz, bu, öz işinizdir. Amma Mustafa Sübhi doğru bildiyi yolda ölümdən, həbsdən, sürgündən, bir sözlə, heç nədən qorxmadan dimdik yürüməyin simgəsidir.

Hər şeyin pulla, şəxsi mənfəətlə ölçüldüyü, dəyərlərin dəyərsizləşdiyi, idealların maddiyyatla ölçüldüyü bir ölkədə onun adına olan bir küçəyə çox dözə bilməzdilər. Ona görə də Sübhi küçəsinin adının aqibəti mənim üçün təəccüblü olmadı.

2. Adil Mirseyid

Dünən şair, rəssam Adil Mirseyidin səhhətinin ağırlaşdığı xəbərini oxudum.

Adil bəyin üzərimdə çox haqqı var. Paytaxtdan uzaqda, tələbə olduğum zamanlarda qəzetlərin birində müəllifi olduğu “Vernisaj” səhifəsində şeirlərimi böyük səxavətlə çap edərdi.

Bir dəfə uzun müddət şeir göndərmədiyimə görə haradansa telefon nömrəmi tapmış, zəng etmiş, tənbehləmişdi.

Şeirlərinin özünəməxsus səsi, rəngi, ritmi var. Sənətin çeşidli cərəyanlarının onlarla parlaq siması haqqında yazılarını oxumaq bir zövqdür.

Indi Adil bəyin səhhəti ağırlaşıb və övladlarının dediklərinə görə, müalicəyə ehtiyacı var.

“Müalicəyə ehtiyacı var” – indi sağlamlığında problem yaşayan az qala, hər sənət adamı haqqında qurulan istənilən xəbərin ana cümləsidir bu.

Axı niyə bu ölkədə ömrünün on illərini yaradıcılığa həsr edən insanların sonda müalicə imkanları yoxdur, niyə illah ki, onlar kiməsə minnətçi düşməlidir, kiməsə möhtac olmalıdırlar, kimdənsə imdad istəməlidirlər?

Bu sual bu ölkədə vicdanı olan hər kəsi düşündürməlidir. 

Adil Mirseyidə isə imdad səsinin eşidilməsini və tezliklə sağlamlığına qovuşmasını arzulayıram. Təəssüf ki, indi onun övladlarının Adil bəyin müalicəsinə köməklik göstərilməsi barədə çağırışını tirajlamaqdan, o çağırışa qoşulmaqdan başqa əlimdən heç nə gəlmir.

3. Əlövsət Osmanlı

Artıq aylardır yazmır, danışmır Əlövsət bəy. Əbədi susqunluğa gömülüb.

Bu bir neçə ayda əlbəttə ki, təhsilin o dəhşətli, ölümcül yaraları sağalmayıb. Hətta bəlkə də bir az da dərinləşib, ağırlaşıb.

Dəyişən isə odur ki, təhsil müzakirələri, polemikaları azalıb. Tənqidlər seyrəlib.

Təhsilin problemləri xeyli dərəcədə arxa plana keçib.

Bir sözlə, Əlövsət bəyin itkisinin böyük bir boşluq yaratdığı aydın görünür.

Indi az qala, elə bir mənzərə yaranır ki, təhsilimizdə artıq güllük-gülüstanlıqdır, o yerlərdə sürünməkdən xilas olmuşdur. Əlbəttə, belə deyil. Sadəcə…

Sadəcə, indi Əlövsət Osmanlı yoxdur.