Mitinqlə bağlı müraciətə saat 17.00-da cavab veriləcək
Bakı Şəhər İcra Hakimiyyəti hələ ki, Milli Şuranın dekabrın 15-də keçirmək istədiyi mitinqlə bağlı müraciətinə cavab verməyib.
Dekabrın 12-də Milli Şuranın mitinq komitəsinin üzvü Seymur Həziyev “Media forum” saytına deyib ki, meriyadan müraciətə cavab gəlməsə də, aksiyaya hazırlıqlar görülməkdədir: “Milli Şuraya daxil olan siyasi partiyalar, ictimai birliklər, ziyalılar çağırışlar edirlər, yerli təşkilatlarda müşavirələr keçirilir. Mitinqə hazırlıq yüksək səviyyədədir, təşkilati işlər qaydasındadır.
Mitinqdə səslənəcək şüarlar da bəllidir: “Qiymət artımına son”, “Hökumət xalqa xidmət etmək üçündür, xalqın cibinə girmək üçün deyil” və sair.
Hava şəraiti pisləşdikcə mitinqin şüarları daha da aktuallaşır. Çünki bizim mitinqimiz tam sosial tələblərlə keçiriləcək, qışda isə Azərbaycanda sosial vəziyyət daha ağır olur. Demokratiyanı, rifahı və azadlığı tələb edən insanlar havanın temperaturu mənfi 10 dərəcəyə düşəndə də mitinq edirlər. Biz də Azərbaycan xalqının bunu edəcəyinə inanırıq. Ona görə də havanın soyuması aksiyamıza hər hansı maneə yaratmayacaq”.
Mitinqi saat 16-dan 18-ə qədər paytaxtın mərkəzi meydanlarından birində keçirmək nəzərdə tutulur.


