Özünə hökm oxuya bilməyənlər

Bizim ölkədə demokratik dəyişiklik hələ ki, reallaşmasa da, bu ölkədə dəyişikliyə uğrayan xeyli məqamlar var. Bu ölkədə yerlər sürətlə dəyişdiyi üçün, insanlar öz “stol”unu tapa bilmir. Tapanda isə “kley”lənmiş stolda qalmağa məhkum olur.
Bu yazını yazmağa başladığım zaman gözümün önündə cəbhəçi, müsavatçı, “NIDA”-çı gənclərin, Qurban Məmmədovun, Tofiq Yaqublunun, Yadigar Sadıqovun, Ilkin Rüstəmzadənin, islamçıların, jurnalistlərin həbs səhnəsi və onlara oxunan hökmlər canlanmağa başladı. Bu adamların dövlət ittihamçılarını, “zərərçəkmiş”ləri, “şahid”ləri, hakimləri necə ifşa etməsini düşündüm. Bəli, bu ölkədə cinayəti sübuta yetirilməyən bütün vicdanlı adamlar, potensial cinayətkardır. Reallıq budur ki, cinayət törədənlərin bəraət alması, hüququn “ali” prinsipidir.
Mən “vicdan” məhfumu anlayan şəxsin, Qurban Məmmədovun çıxışından sonra cəza tələb etməsinə inanmıram. Axı, Qurban Məmmədovun Viktor Hüqonun məhkəmə haqqında dediklərini bir daha təkrar etməsi, onun bəraəti ilə yekunlaşmalı idi. Bu ölkədə öz nəfsinə hökm oxuyub, vicdanını qəfəsdən çıxara bilməyən nə qədər hakimlər var. Rejimin oxuduğu hökmə təslim olanlar, rejimə təslim olmayanlara hökm oxuyur.
“Ədalət məhkəməsi” yazılan divarlarda, ədalətsizliyin izləri “divar kağızı”na çevrilib. Məni bu “məhkəmə”lərdə qara xalat geyinib, ağ yalan danışan hakimlər qədər, yalançı şahidlərin, dövlət ittihamçılarının olması da narahat edir. Insan düşünəndə ki, bu ölkədə övladına haram tikə aparan, ailəsinə ah, nalə, qarğış “yedizdirən” bu qədər adamlar var, əzab çəkməmək olmur.
Bir insanın ləyaqətsiz, yaltaq, satqın, olmağa qərar verməsi, özü üçün belə hökm çıxarması faciədir. Ədalətli olmağa cəsarət etməmək, ədalətsiz hökm çıxarmağa bəraət qazandırmır. Əgər bir hakim əyninə qara mantiya geyinib, qaranlıqları aydınlada bilmirsə, başqa işlə məşğul olmalıdır, başqa xalat geyinməlidir. “Mən ədalətsiz qərarlar çıxarıb, həm də hakim olmağa davam edəcəm” deyən kişilərin layiq olduğu mantiya, qadın xalatıdır.
Adını unutduğum bir mütəfəkkir deyirdi ki, “Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır”. Bu gün sərçə ürəkli hakimlərin sifarişlə çıxardığı hökmlər nəticəsində zindan həyatı yaşayanlar, bir gün bu sərçələrin qəfəsdə olmasına şahidlik edəcəklər. O zaman “topal ədalət”, mənəvi şikəstlərə sağlam ayaqlarla yürüməyin nümunəsini göstərmiş olacaq.
Nə qədər ki, gec deyil, başqalarına hökm oxumaqdan öncə, özünüz üçün məhkəmə qurun.
YAP “futbol”u
YAP-ın siması, deputat Siyavuş Novruzov “Ekspress” qəzetinə açıqlamasında bildirib: “Müsavat”ın, AXCP-nin, Milli Şuranın qapısından gecə-gündüz qol keçirirəm. Bizim komanda siyasətdə də, digər sahələrdə də güclü komandadır”. Əslində bu hakimiyyət həqiqqətən də xalqın “qapı”da olmamasından isitafadə edərək, boş qapıya xeyli top vurub. Və nəticədə “peşəkar futbolçu” olublar. Ancaq tamaşaçılar bu “futbol”çuların cığallıqla qalib gəldiyini gözəl anlayır. Milli Şura, Müsavat, AXCP ilə oyuna gəlincə, YAP-çılar həmişə “qırmızı kart” alıblar. Sadəcə hakimin qərarı icra olunmayıb. Təkcə Cəmil Həsənlinin “doqquz”luqdan vurduğu “qollar” YAP-ın “futbol” karyerasını darmadağın etməyə kifayət etdi. Bəli, Milli Şura və onun namizədi hakim komandanı “mərkəz”dən başlamağa məcbur etdi.
Siyavuş Novruzova gəlincə, bu adam uzun illərdi ki, “avtoqol”a imza atır. Öz komandasının “qapı”sından elə “top”lar keçirib ki, müxalifətin yenidən hücuma keçməsinə ehtiyac qalmayıb. Cənab Novruzovun komandası həm də ona arxayındır ki, müxalifətin xeyli oyunçusunu zədələyərək “meydan”dan çıxarıblar. Ancaq bu “futbol ulduz”ları unudurlar ki, “ehtiyat oyunçular skamya”sı da var və meydana yalnız qələbə qazanmaq üçün çıxacaqlar.