Hamı Ukraynadan danışır. Orada meydana əfsanəvi xalq liderlərinin çıxdığı, onların hansısa qeyri-adi keyfiyyətləri, az qala çörək yeyib, su içmədiyi qədər fərqli olduqları böyük bir həyəcanla anladılır yaxın çevrəmizdə. Amma bu həyəcan da səbəbsiz deyil –meydanda yüz minlərin etirazını sərgiləyən mənzərə var. Doğrudanmı, bu böyük etiraz dalğası məhz o məşhur simaların səyləri sayəsində baş verir? Xeyr, bu, olsa-olsa məlum şəraiti stimullaşdıran səbəblərdən biridir. Sanki bizdə meydana çıxanlar arasında belə tanınmış simalar azdı?.. Bəs niyə illərdir baş verən etiraz dalğalarının sonunda uğurlu nəticə çıxmır ortaya? Bəlkə çeşidli səbəblər var, amma məsələnin kökü “neft lənəti” adlı bəladadır ki, onun xalqın başına gətirdiyi oyunları da yalnız xalqın öz kütləvi etirazı poza bilər…
Dünyanın enerji resursları ilə zəngin ölkələrinə ayaq açan “neft lənəti” təkcə iqtisadi və ekoloji fəlakətlər gətirmir. O ümumi olaraq cəmiyyətin, təhsilin, incəsənətin və mədəniyyətin inkişafına əngəl törədir. O, yeniləşməyə, dəyişikliyə və demokratiyaya açılan geniş qapıların önünü kəsir. Son illərdə çəkilmiş yüksək keyfiyyətli hansı filmin adını çəkə bilərsiniz, hansı xüsusi səs gətirən tamaşanın səhnələşdirildiyini, dünyaya səs salan musiqi əsərinin yarandığını xatırlayarsınız? Bəli, bu, bir reallıqdır, “neft lənəti” baş verdiyi ölkənin bütün bucaqlarına depressiya gətirir. Yaxşı yadımdadır, Bakı-Tbilisi-Ceyhan boru kəmərindən ilk neftin yola salınması ərəfəsində xarici jurnalistlərdən biri yazmışdı ki, bu kəmər vasitəsilə qərb bazarlarına neft axıdılacaq və oradan geriyə, Azərbaycana demokratiya fontan vuracaq. Görünür ki, o da bizim kimi, dünyanın yaxşılığa doğru dəyişməsinə ümidlə baxan bir jurnalistin xəyalı idi. Heyf ki, o şirin xəyaldan bu ölkənin sadə insanının həyatına dad qatan heç nə gəlmədi. Acı reallıq bu gün Azərbaycan insanına rəva görülən 105 manat minimum əmək haqqında öz ifadəsini tapır!
Neft və qaz tükənməz sərvət deyil. Günlərin birində onun da fontan vurduğu quyunun dibi görünməyə başlayır. Amma bu fontanın davam etdiyi on illər ölkəni əsl fəlakət məngənəsinə təslim etməyə yetir. Bu gün Azərbaycanın “neft lənəti”ni zəngin neft ölkəsi Nigeriya ilə müqayisə edənlər haqsızdırlarmı, bilmirəm. Ancaq ölkədə baş verən acı reallıqlar, vəziyyət dəyişmədiyi halda, bu bəlanın getdikcə daha betər olacağına işarə edir. Dünyanın yeddinci böyük neft istehsalçısı sayılan, 150 milyon əhalisi olan Nigeriyanın başına gələnlər acı bir ibrət dərsidir həqiqətən. O Nigeriya ki, 1970-ci ildən bəri ölkəyə 350 milyard dollarlıq neft gəliri axmasına rəğmən, əhalinin 75%-i gündə 1 dollardan az pulla yaşayır.
Ən dəhşətlisi isə həmin beynəlxalq şirkətlərin xalq etirazlarını yatırmaq üçün dövlətlə və orduyla əlbir olduğu barədə ortaya çıxan faktlardır.
Nigeriyada məruz qaldığı həbs və işgəncələrdən 1995-ci ildə Amerikaya qaçmış tələbə hərəkatının lideri olan Suanu Kingston Bere “Shell” şirkətinin Ogonilanddakı etirazları yatırması üçün orduya pul verdiyi faktını ifşa etmişdi. O yazır ki, 1994-cü ildə Biara kəndində 10 min insanla birlikdə etiraz aksiyasına qatılmış və hərbiçilərin şirkət rəhbərlərinin diktəsi ilə hərəkət etdiyinə şahid olmuşdu: “Nələrin bizə aid olduğunu ifadə etmək üçün haqlarımızı və azadlığımızı istəyirik. Buralar bizim atadan qalma torpaqlarımızdır, Nigeriya dövləti və neft şirkətlərindən bizdən aldıqlarının qarşılığında mənfəət payı istəyirik. Tanrının bizə verdiklərindən faydalanmaq istəyirik. Bunun üçün ölmək istəmirik…”
Nigeriya “neft lənəti”ndən ən çox əziyyət çəkən ölkə olduğu üçün onlardan misal gətirdim. Əslində, bu “xəstəliyə” yoluxmuş ölkələrin hamısında vəziyyət bir-birinə bənzəyir. Bizdəki kiçik azlığın görünməmiş varlanması fonunda açığa vuran yoxsulluq səviyyəsi, bahalıq, tapdanan insan haqları və vicdan məhbusları ordusunun yaranması da bunun açıq ifadəsidir.