NİDA-çıların məhkəməsindən

Dünən NIDA-çıların məhkəməsinə getdim.
Sözü uzatmayacam.
Birbaşa təəssüratlarımı yazıram.

1.
Uşaqlar sağlamdırlar, gümrahdırlar. Nikbindirlər.
Məhkəmə iclası boyunca, əvvəldən sonadək üzlərində təbəssüm, gözlərində işıq gördüm.
O təbəssüm, o işıq qarşısında darmadağın olmayacaq heç bir ittiham yoxdur.

2.
Dünyanın ən gənc siyasi məhbusları – Bəxtiyarı, Şahini, Məhəmmədi ilk dəfə orada gördüm.
Uşaq məsumiyyəti hələ də gözlərindən oxunan bu çiçəyi burnunda gənclərin çiyninə onca ağır ittihamlar yükləyənlərin yerinə utandım.

3. 
Rəşadət hakimə və zaldakılara müraciət edərək bir neçə gün əvvəl dünyasını dəyişən insan haqları uğrunda mübariz Nelson Mandelanın xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi,
Hakim öncə çaşdı, bir neçə anlaşılmaz cümlə qurdu, ardınca “bizim də Mandelaya böyük hörmətimiz var” deyəndə zalda gülüşmə qopdu. Gülməyəyəsən, neyləyəsən? Mandelaya hörmətləri varmış! Oysa Mandelanın özünü məhz bu cür sifarişli, ədalətsiz məhkəmə sistemi 27 il həbsə məhkum etmişdi. 

4.
“Bizim də Mandelaya böyük hörmətimiz var” dedi məhkəmə sədri, amma gəl gör ki, bir dəqiəlik sükut üçün hakim heyətindən kimsə sayğı duruşuna qalxmadı.
Üstəlik, məhkəmə sədri bir dəqiqəlik sükut boyunca danışmaqla məşğul oldu, danışdıqları isə ya eşidilmədi, ya da başa düşülmədi.

5.
Vəkillərdən birinin gecikməsi məhkəmənin də gec başlamasına səbəb oldu.
Məhkəmə sədrinin həmin vəkilə bir neçə dəqiqəlik iradını dinləyəndə isə gözlərim doldu. Bir az da davam etsə, hönkür-hönkür ağlayacaqdım.
Necə də ağlamayaydım?
Məhkəmə sədri “ədalət mühakiməsinin təmin edilməsindən” danışır və vəkili bir daha bu “ədalətli mühakiməni yubatmamaq”la bağlı xəbərdar edirdi.

6.
Nə qədər əldəqayırma, qurama bir proses olduğu hər saniyəsindən, hər dəqiqəsindən bəlli olan məhkəmə məhkəmə iclasının yarısında dözə bilmədim, yanımdakı dəyərli dostlardan birinə pıçıldadım: “Burada iştirak etməklə əslində biz də hüquq və ədalət adına hazırda bu salonda işlənən suça ortaq oluruq”.
Bəzən dözmək – həqiqətən cinayətdir.

7.
Yazının əvvəlindən bu yana məzhəkədən başqa bir şey olmayan proses haqqında məhkəmə kimi bəhs etdiyimin yalnız indi fərqinə vardım və gec də olsa, buna görə hamınızdan üzr istəyirəm.
Üstəlik, dəhşətə gəlirəm ki, məzhəkəyə məhkəmə deyəndə necə olur, ağzımız əyilmir. 

8.
Bəxtiyarın ibtidai istintaqa ifadəsi elan olundu.
Dilini dişinə sıxmadan dinləmək mümkün deyildi.
Ifadənin elə prosesdəcə tanış olduğum bölümü haqqında gəldiyim nəticə: orada hər şey vardı, yalnız cinayətin özündən başqa!

9.
Proses bitib salondan çıxmağa hazırlaşanda uşaqlara əl sallayaraq sağollaşdım. Və “Möhkəm olun!” demək istədim.
Amma o anda da bundan vaz keçdim.
Zatən aylardır onlar bizə hər şeyə rəğmən möhkəm olmağın, dirəncin, dik dayanmağın örnəyini göstərmirlərmi? Hər şeyə rəğmən üzlərindəki təbəmssümü, gözlərindəki işığı, saflığı, qəlblərindəki azadlıq sevgisini qoruyub saxlayaraq hamımıza mübarizə dərsi keçən bu gənclərə indi durub “möhkəm olun!” demək onlara qarşı ayıb bir hərəkət olmazdımı?

10.
Məhkəmədən çıxdım.
Yolboyu beynimdə ustad Nazim Hikmətin məşhur misraları vardı; hətta bir ara mənə elə gəldi ki, özümdən asılı olmadan o misraları ətrafımdakıların eşidəcəyi tonda, ucadan söylədim, çünki yanımdan keçən orta yaşlı bir kişi qəfil çevrilib üzümə elə baxdı ki!…

Sıralarınızı sıklaştırın, çocuklar,
Bu kavğa faşizmə karşı,
Bu kavğa hürriyet kavğasıdır! –

– Nazimin beynimdə dolaşan misraları bunlar idi.