Əliyevlərlə üz-üzə – yazılan və pozulan ssenarilər

Milli Şura hara gedir? – Tarix və həqiqət naminə xatırlatmalar

Bu yazıya partiya mövqeyi damğası da vurmaq olardı. Əgər bizimlə birlikdə bir çox qərarların verilməsində siyasi partiyalarla uzaqdan-yaxından əlaqəsi olmayan  ziyalılarımızın, gənclərimizin, müstəqil siyasətçilərimizin, vəkillərimizin iştirakı olmasaydı. Ona görə də bu xronikanın yaddaşlara yenidən təqdim edilməsində bizə kömək edən əlahəzrət TARIX-ə təşəkkür edirik. Baş verən hər şey tarix, qalanları isə sadəcə yalandır. Söhbətin nədən getdiyini yəqin ki, bilirsiz.
Biz Milli Şura ətrafında qalmaqal yaratmağa can-dildən cəhd edənlərin bu təşkilatın yaranmasındakı iştiraklarının formasını təhrif edərək (avtomatik hər kəsin rolu və yeri dəyişik təqdim olunur), cəmiyyətə təqdim etməsini görürük. Buna rekasiya verməmək də olardı. Insanlar öz gözləri qarşısında tarixin saxtalaşdırılmasına göz yuma bilirlər, amma tarix min illlərin selinin yumasına baxmayaraq, heç bir torpaqdaki qan ləkəsini silməyib, yumayıb, heç bir həqiqətin yerini digərinə verməyib. Bu təbii ki, dərs çıxarmaq, özünü ələ almaq üçün ciddi əsasdır, amma fikir verən yoxdursa, biz də məhşur misalda deyildiyi kimi, ya bir damla su ilə, ya bir saman çöpü ilə YANĞINa münasibətimizi bildirməliyik. Gerisi XALQın və XALIQin biləcəyi işdir.

O ideya ki, “hakimiyyətdən gəlir”…

Cümlə-cümlə sitat gətirmək istəmirəm, amma bunu hər kəs xatırlayır ki, biz 2012-ci ilin başından bəri birlik və vahid namizəd məsələlərinə diqqət çəkirdik. Proses onunla başladı ki, Əli Kərimli dekabr ayının 18-də VHP-nin iclas zalında gənclərlə görüşündə xalqa açıq çağırış etdi ki, müxalifət liderləri üzərində ictimai nəzarəti həyata keçirin: “Imkan verməyin ki, biz xalqın istəyindən kənar addımlar ataq, imkan verməyin ki, kimsə öz maraqlarını milli maraqlardan, dövlət maraqlarından üstün tutsun”. Bu çağırışa o zaman ölkə ictimaiyyətinin böyük bir hissəsi – ziyalılar, hüquq müdafiəçiləri münasibət bildirib, Əli Kərimliyə təşəkkür eləmişdilər. Bu təkcə Əli Kərimlinin mövqeyi deyildi, bütün AXCP-nin ortaq qərarı idi. Hətta bu sətirlərin müəllifi ölkə xaricində olsa da, tez-tez əlaqə saxlayıb bir-birimizin fikrini öyrənirdik. Bir səs yetərsaya təsir etməsə də təşkilat bütün potensialını bu istiqamətdə sərf edirdi. Bu zaman isə çəkinmədən mediaya müsahibə verib  vahid namizəd və birlik ideyalarının hakimiyyətdən gəldiyini deyirdilər. “Vahid namizəd”ə qarşı “əsas namizəd” ideyası irəli sürülürdü və yəqin ki, qəzetləri toplayıb bunları silmək mümkün deyil. Bu xatırlatmanın məqsədi “biz elədik” demək deyil. Amma “sudan quru çıxmaq”ğın mümkünsüzlüyünü buna cəhd edənlərin isə halisunasiya yaratmaq istəklərini ortaya qoymaqdır.

Yanvar böhranı və kommunike

Bunu da xatırlatmağa yəqin ki, ehtiyac var. 2013-cü ilin yanvar ayında Ictimai Palatanın toplanmasında ciddi problemlər yaranmışdı. Söhbət ondan gedirdi ki, Müsavat Partiyası israrla bütün hallarda seçkidə iştirak barədə qərar qəbul edilməsini vacib bilirdi. AXCP isə müxalifətin və cəmiyyətin daha böyük birliyinin vacibliyini vurğulayırdı. Amma belə gərginliklə davam etmək çətin idi və nəhayətdə, Yanvar razılaşması (komunikesi) ortaya çıxdı. Bu sənəddə iki mövqe ifadə edilmişdi. Birincisi, Müsavat partiyası öz namizədini irəli sürür (Bunu Müsavat israr edirdi). Ikincisi, AXCP-nin təklifi və israrı ilə daha böyük birliklər üçün çalışmalar davam edir. Zəruri qeyd üçün deyim ki, AXCP böyük birliyin tərəfində idi. Müsavat partiyası isə nəyin bahasına olursa olsun, seçkidə iştirakın tərəfində idi və öz namizədini irəli sürdü.

Şaxtababanın gəlişi

Bunu yazmamaq da olardı. Amma ona görə qeyd edirəm ki, bundan sonra başlaması ehtimal olunan içtimai müzakirələrdə hər kəsin araşdırması üçün yaddaş verə bilim. Yəqin ki, vahid namizədin Şaxtababaya bənzədildiyini də xatırlayırsınız. Bu həm də gözlənilən birinin gəlməyəcəyi mesajı idi. Vahid namizədin müəyyənləşməsi məsələsindən öncə Milli Şuranın yaradılması ideyası ortaya çıxdı. Bu ideya ətrafında danışıqlar uzun zaman aparsa da, iyunun 7-də Milli Şuranı təsis etmək mümkün oldu. YAP bu olaydan təsirlənərək öz qurultayının tarixini dəyişdi və 7 iyunda Ilham Əliyevin namizədliyini irəli sürdü. Rüstəm Ibrahimbəyovun namizədliyini isə Müsavat partiyası irəli sürdü (bugünkü duruma diqqət edək) və qəbul edildi.

İlk böhran və spekulyasiya cəhdi

Rüstəm Ibrahimbəyov prezidentliyə namizəd olanda Müsavat başqanı Isa Qəmbər tribunaya çıxdı və partiya məclisinin qərarını oxudu. Partiya məclisi Isa Qəmbərin namizədliyini qüvvədə saxlamaq qərarı vermişdi. Yəni Müsavat partiyasının namizədini. Sonradan biz onun şahidi olduq ki, Isa bəy və bir çox Müsavat rəhbərliyindəki dostlarımız deyirdilər ki, biz ehtiyat namizədin vacibliyini vurğulayırdıq. Yəni guya onlar deyən düz çıxıb. Amma bir məqam açıq bilinməlidir – Biz Milli Şuranın yeni vahid namizədindən danışırdıq,  Müsavat partiyası isə öz namizədini irəli sürmüşdü, hansı ki, o namizəd ətrafında konsensus yox idi və Əli Kərimli açıq bildirmişdi ki, Isa bəy digərləri ilə konsensus əldə edə bilsə, onun namizədliyini dəstəkləyəcək. Yəni Müsavat partiyası öz namizədini saxlamaqla həm də Milli Şuranın vahid namizədinin birmənalı dəstəklənməsi məsələsində sualı açıq saxlayırdı.

İkinci böhran və…

İkinci böhran o zaman yarandı ki, Rüstəm Ibrahimbəyova Rusiya açıq mane oldu və bunu Əliyevlərin istəyi ilə etdi. Milli Şuranı Kremlin projesi adlandıranlar isə utanmadan, başqa bir istedadla bu mövzuya sonradan yenə qayıtmaqdadırlar. Bu zaman biz 19 avqustda, mitinqdən bir gün sonra Milli Şuranın qapalı sessiyasında növbəti namizədin müəyyənləşməsini təkidlə təklif etdik. Amma AXCP, müstəqil gənclər təşkilatları və ziyalılardan başqa heç kim bu ideyanı dəstəkləmədi. Müsavat partiyası da daxil olmaqla digər partiyalar yeni memorandumla çıxış edirdilər və orada göstərilmişdi ki, hər bir partiya və təşkilat öz namizədi ilə seçkidə iştirak etsin, seçki kampaniyasında hansı namizəd daha populyar olsa, o dəstəklənsin. Müsavat partiyası həm də bildirirdi ki, vahid namizəd ideyasına səs verəcək. Bu isə ilk baxışda Milli Şuradakı kvota hesabı ilə Vahid Namizəd ideyasının uduzması demək idi. Müsavat partiyası isə hər iki ideyaya səs verməklə birmənalı olmayan mövqeyi ilə tərddüdü artırırdı. Bu iclas günü də Isa bəy hələ də Müsavat Partiyasının namizədi idi. Bu iclasda iştirak edən 70-ə yaxın üzvün gözü qarşısında əsas polemika Isa Qəmbər və Əli Kərimli arasında gedib. Hətta Əli Kərimli bildirib ki, əgər Milli Şura burdan vahid namizədlə çıxmasa, AXCP və onu dəstəkləyənlər iclası tərk edəcək və yetərsay pozulacaq. Bunu təhdid kimi qiymətləndirənlər də olmuşdu və 20 avqustda “Azadlıq” radiosunun efirində Əli Kərimli  “Milli maraqlar naminə təhdid də edərəm, boykot da edərəm və bunu çəkinmədən edərəm” demişdi.  Nəhayət biz 42-43 hesabı ilə yeni vahid namizədin müəyyənləşməsinə nail olduq.  Müsavatçı heyət isə həm 42, həm də 43 nəfərin tərkibində var idi. Və həmin 42-nin formalaşmasında Lalə Şövkətin, Rəsul Quliyevin mövqeyi həlledici olmuşdu. Yəni Milli Şuranın seçkidə çox namizədlə iştirak etməsi məsələsində Müsavat partiyası o memorandumu dəstəkləyirdi ki, onu yuxarıda adını çəkdiyim və indi məhz müsavatçı dostlarımızın hədəfində olan  liderlər təklif edirdilər.

Yeni vahid namizəd oldu

Cəmil Həsənli vahid namizəd oldu və sürətlə seçki kampaniyası başladı. Həm mitinqlərdə, həm də teledebatlarda bir namizəd kimi Cəmil Həsənli xalqın alternativsiz namizədi ola bildi. Onun seçkiyə qoşulanların tam əksəriyyətinin səsini aldığı heç kimdə şübhə oyatmadı. Dünya ilk dəfə Əliyevlərin legitimliyini açıq şübhə altına aldı. Bu günə qədər keçirilən heç bir seçkidə olmadığı halda saxtakarlıq seçkinin nəticəsini tanımamağa imkan verəcək həddə ifşa edildi. ATƏT 58 faiz məntəqələrdə saxtakarlığın olduğunu bildirdi. Ilham Əliyevə göndərilən məktublarda onu təbrik etmədilər, üzünü Qərbə tutmağa çağırdılar. Bu yerdə biz yenə soruşduq ki, o Qərb meyllidirsə, niyə onu Qərbə çağırırlar?

Yeni dövr, Əliyevi unudaqmı?

Sizcə necə olmalı idi? Bir koalisiya seçkini faktiki udubsa, onu rəsmiləşdirə bilmirsə, hədəfi kim olmalı idi. Bu seçkini saxtalaşdıran qüvvələr, yoxsa bu birliyin ideya müəllifi, onu təşkilatlanmasında mühüm rol oynayan qurumlar və şəxslər? Bu suala cavabı öz daxilinizdə verin, sonra keçək ikinci məsələyə. Ikinci məsələ odur ki, iki səhifəlik yazı yazan Müsavat Partiyası Icra aparatının rəhbəri Arif Hacılı  nədənsə yeni mübarizə addımları barədə yazmır, sadəcə ən çətin anlarda mükəmməl qərarlar verə bilmiş koalisiyanı hədəf götürür. Və belə bir fikri işlətməkdən çəkinmir: “Biz bütün bu dövr ərzində istəmədiyimiz qərarları icra etməyə məcbur olmuşuq”. Bu fikir ümumən ürəkaçan olmasa da, iki mühüm məsləyə aydınlıq gətirilməsi baxımından faydalıdır.  Birincisi, Arif bəy etiraf edir ki, qəbul edilən qərarlara qarşı olublar. Bu da ikinci məqamı aydınladır ki, həm də iddia etdikləri kimi yeni vahid namizəd məsləsində konstruktivizmi dəstəkləməyiblər.

İndi nə etməli?

Məsələn, bu necə ola bilər ki, Rüstəm Ibrahimbəyovun namizədliyini irəli sürən partiya, onun vahid namizədliyinə səs verən partiya indi onun fəxri sədr olduğu qurumda qalmağı özü üçün məqbul saymır? Rüstəm Ibrahimbəyovla bağlı məsələ Milli Şurada səs çoxluğu ilə qəbul edilib, ona çox vaxt ayırmayacam. Çünki əsas məqam da o deyil. Əsas məqam odur ki, 2012-ci ildə “Avroviziya” yarışından sonra Əli Həsənov belə bir söz işlətmişdi ki, Ictimai Palata yüz ildə heç kimin vurmadığı zərbəni vurdu bizə. Bundan sonra isə indi də öz ampluasında olan Rauf Arifoğlu hər gün “IP yaşaya bilməz, dağılmalıdır”, “Belə getmir” bəyanatları verirdi.  Onda mən belə bir sual qoymuşdum ki, biz IP-i dağıtsaq, kimin qisasını kimdən almış oluruq. Bu günlərdə isə  hüquqşünas Fuad Ağayev belə bir sual verdi: Rüstəm Ibrahibəyov kimə təhlükədir? Təbii ki, iqtidara. Indi biz onu cəzalandırmaqla kimə xidmət etmiş oluruq?”. Bu sualın cavabı da “Milli Şura dağılır, cəhənnəmə dağılsın” deyən və onu dəstəkləyən dostlara qaranlıqdırmı, sizcə? Məncə, yox.