Keçmiş nazirlər Elmira Axundovanı yalançılıqda suçladı

Deputatın “Heydər Əliyev heç kimdən qisas almayıb” fikri etirazla qarşılandı

Deputat Elmira Axundova “ans press”ə müsahibəsində Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən maraqlı ifadələr işlədib. Bildirib ki, Heydər Əliyev heç zaman rəqiblərini cəzalandırmayıb: “Heydər Əliyev ona qarşı qəddarlıq edən insanları belə, bağışlamağı bacarmışdı. Vaxt vardı onu Bakıya buraxmırdılar. Bəzi qüvvələr tərəfindən onun ölmünə qərar verilmişdi. Yadınızdadırsa, o zaman Isgəndər Həmidov Heydər Əliyevin alnından 2 güllə vuracağını demişdi. Tarix boyu yadıma düşmür ki, Heydər Əliyev tərəfindən hansısa qəddar hərəkət olsun. Düzdür, belə fikirlər səslənir ki, onun vaxtında bəzi insanlar həbs olundu və müəyyən proseslər getdi. Gəlin baxaq ki, o zamanlar hansı proseslər gedirdi və hansı məhkəmələr idi. Bu insanlar 24 oktyabr 1992-ci ildə, istərsə də mart hadisələrində dövlətə qarşı çıxmışdılar. Ancaq heç bir halda bu insanlar siyasi baxışlarına görə təqib olunmayıblar. Əksinə, Heydər Əliyev hakimiyyətə gələndə hamını bağışlamışdı. Bəziləri qorxurdu, ancaq Heydər Əliyev onlara şans verdi. Heydər Əliyev yalnız düşmənə qəddar idi. Heç vaxt siyasi opponentlərinə qarşı qəddar olmayıb. O, siyasi rəqiblərilə də dialoqa girməyə çalışırdı”- deyə Elmira Axundova bildirib.
Elmira Axundovanın səsləndirdiyi fikirlərə keçmiş müdafiə naziri, Heydər Əliyevin dövründə uzun illər həbs həyatı yaşamış Rəhim Qaziyev münasibət bildirdi.

Rəhim Qaziyev Elmira Axundovanın söylədikləri fikirlərin ağ yalan olduğunu və onun kimi bir qadına yaraşmadığını bildirdi: “Çox təəssüf edirəm ki, özünü ədalətli, intellektual, qələm sahibi sayan Elmira Axundova bu qədər ədalətsiz danışır. Faktları heç vaxt danmaq mümkün deyil. Yəqin təyinatlı deputat kreslosunda oturmaqla bağlıdır. Heydər Əliyev 1993-cü il iyunun 29-da Parlamentin iclasında mənə 2 mühüm vəzifə təklif etdi. Bu vəzifələr mənə təklif olunanda Şuşanın işğalından 14 ay 21 gün keçirdi. Mən bunu əsaslandıraraq təklif olunan vəzifələrdən imtina etdim. Bu imtinadan 17 gün sonra, 16 avqust 1993-cü ildə parlamentin birbaşa iclasında Heydər Əliyev məni ağlagəlməz cinayətlərdə ittiham etdi. Məni Şuşanın, Laçının işğalında, vəzifəmdən sui-istifadə etməkdə ittiham etdi. Necə olur ki, məni vətən xaini adlandıran adam, 17 gün öncə mənə vəzifə təklif edəndə bunları bilmirdi. Ən dəhşətlisi budur ki, Heydər Əliyev 1995-ci ildə, hələ məhkəmə prosesi başa çatmamış Davosda keçirilən forumda ”Mən Rəhim Qazıyevi həbs etdim” söylədi. 20 ildir ünvanıma müxtəlif şər-böhtanlar atıldı. Məhkəmə məni vətənə xəyanətdə ittiham edə bilmədi. Ancaq Heydər Əliyev məni vətən xaini adlandırdı. Bütün bunlar bu adamın qisasçılığından xəbər verir. Yaxşı olar ki, Elmira xanım bu qədər yalanlar danışmaqla özünü nüfuzdan salmasın”.

Keçmiş daxili işlər naziri, 10 il həbs həyatı yaşmış Isgəndər Həmidov da səslənən fikirlər münasibət bildirdi: “Heydər Əliyevin hakimiyyəti dövründə 43 siyasi dustaq var idi. Insanlar siyasi mövqeyinə, şəxsi münasibətinə görə həbs olunurdu. Mənim özümə 14 il iş vermişdilər və 7 ildən sonra sübut olundu ki, bu cəza ədalətsizdir. Mənə qarşı ittiham tapa bilmirdilər. Guya mən pul mənimsəmişəm, dustaqları buraxmışam və s. Mən Heydər Əliyevin dövründə həbsdə qaldım, sonrakı dönəmdə azad oldum. Heydər Əliyev 1969-cu ildən başlayaraq müxtəlif insanların sifarişli həbsinə səbəb olub və xeyli insan həbsxanlarda məhv olub. O, münasibətləri pis olan insanları, şəxsi ambisiyalarına görə zərərsizləşdirdi. Elmira xanımın belə əminliklə danışması başa düşülən deyil. Deyirlər insan yaşlandıqca uşaqlaşır, yəqin bu da yaşlılıqla bağlıdır”.

İlham Hüseyn