Bu gün – 10 dekabr Ümumdünya Insan Haqları Günüdür. Sevindirici haldır ki, bu əlamətdar gün ölkəmizdə də təntənə ilə qeyd olunacaq. Belə ki, Bakıda – NIDA-çıların, Şəkidə isə Tofiq Yaqublu ilə Ilqar Məmmədovun qurama məhkəməsi davam edəcək. Təzəlikcə ölkədəki oğurluğa, korrupsiyaya yox deyən hüquq müdafiəçisi Musa Rahimin özünün oğurluq ittihamı ilə şərlənərək 4 il 6 ay, vəkil Qurban Məmmədovun sifarişli hökmlə 3 il azadlıqdan məhrum edilməsini isə bu əlamətdar günə yüksək səviyyədə hazırlığın parlaq nümunələri saymaq olar.
Arzumuz budur ki, gələn il bu günü hamılıqla Kürdəxanıda qeyd edək. Ömründə dilinə içki dəyməmiş, siqaret qoxusuna belə dözməyənlərimiz narkoman, qonşunun toyuğuna “kiş” deməyənimiz, bir qarışqa belə tapdamayanımız xuliqan, haram, əyri yollarla qazanılan pullara “yox” deyənlərimiz dələduz, rüşvətxor maddəsi ilə içəri atılsın, beləcə, Azərbaycanda insan haqlarının təntənəsi xarici düşmənlərin bağrını çatlatsın. Başlasınlar yalvarmağa ki, “bəlkə bir az yavaşlayasınız”, biz də deyək, “yox, canınız çıxsın, siz addımlarınızı bir az yeyinlədin, bəlkə onda tozumuza çata bildiniz”.
***
Qutsaldır insan haqqı.
Toxunulmazdır. Vazkeçilməzdir.
Bir insanın haqqını yeməkdən…
Onun hüquqlarını ayaqaltı etməkdən böyük amansızlıq yoxdur.
Bir insana qarşı baş verən haqsızlıq bütün bəşəriyyətə qarşı cinayətdir.
Haqsız yerə bir insanın qollarına vurulan qandal bütün bəşəriyyəti qandallamaq cəhdidir.
Bir insanı susdurmağa çalışmaq bütün insanlığı susdurmağa çalışmaqdır.
XXI əsrdə hələ də insan haqlarına dırnaqarası baxan…
Onun hüquqlarını görməzdən gələn…
Insanı azad deyil, qul kimi görmək istəyən…
Insanı dili qıfıllı, qolu qandallı, beyni buxovlu təsəvvür edən sistemlərin var olması ürək ağrıdıcıdır. Bəşərin ən böyük eybidir.
Zaman artıq bu cür rejimlərin dünyada yeri olmadığını gözlər önünə sərməkdə…
Amma belə rejimlər də zamana qarşı dirənməkdə, müqavimət göstərməkdədir.
Tək təsəllimiz odur ki, həmin rejimlər insan hüquq və azadlıqlarının var olduqları coğrafiya və toplumlarda təntənəsini ləngidə bilərlər, yubada bilərlər. Amma zamanla savaşdan qalib çıxa bilməzlər. Zamana qarşı savaşmaq – yel dəyirmanlarına qarşı döyüşməkdən daha gülməli və mənasız işdir.
***
Vikipediyadan 10 dekabrın başqa hansı yadda qalan, əlamətdar günlərə şahidlik etdiyini öyrənmək istədim.
Diqqətimi bu günlə bağlı iki önəmli hadisə çəkdi.
Bunun biri Cənubi Afrika Respublikasında indilərdə dünyasını dəyişən Mandelanın öncüllüyündə aparteid rejimin ləğvi, digəri keçən yüizilin üzqaralarından biri, insan hüquq və özgürlüklərinin qəddar düşməni Pinoçetin ölümüdür.
Beynəlxalq Insan Haqları Gününə təsadüf etmiş bu iki olay ilk baxışda bir-birilə hər nə qədər əlaqəsiz, rabitəsiz görünsə də, əslində, hər ikisi 10 dekabrın mahiyyətinə uyğundur. Hər ikisi sanki bu günün şərəfinə bizə tarixin sınağından çıxmış adi, amma ali bir həqiqəti – Zülmün keçici, Şərin ömrünün az olduğunu xatırladır.
Qaranlığı əbədi qılmaq istəyənlərin heç zaman öz istəklərinə qovuşmayacağını xatırladır.
Hər qaranlıq gecənin ardından işıqlı bir səhər boylandığını xatırladır.
***
Ucadır insan haqqı.
Ən yüksək dəyərdir. Ülvidir. Sevginin, sayğının ünvanıdır.
Və yalnız sevməyi, sayğı göstərməyi, dəyər verməyi bacaranların, doğruların, dürüstlərin, Şərə deyil Xeyrə, Yalana deyil Həqiqətə, Nifrətə deyil Sevgiyə, Qaranlığa deyil Işığa sitayiş edənlərin, inananların andıdır bu: Insan haqqı!
***
Insanların haqqını yeyənlər, insanların hüquqlarını ayaqlar altına atanlar, insanların azadlıqlarını əngəlləyənlər, insanların bədbəxtliyi üzərində xoşbəxtlik sarayı ucaldanlar gec-tez məhvə məhkumdur.
Inanmayanlar üçün andımız bəllidir:
And olsun insana!
Insan haqqı!