Dünya Mandela ilə vidalaşır FOTO

Dekabrın 10-da Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki 95 min nəfərlik mərkəzi stadionda dövlət xadimi Nelson Mandela ilə vida mərasimi keçirilib. Dünyanın müxtəlif ölkələrindən ali qonaqların qatıldığı mərasimdə çıxış edən ABŞ prezidenti Barak Obama deyib ki, Mandela XX əsrin son xilaskarı olub. Mandelanı Martin Lüter Kinq və Mahatma Qandiyə bənzədən Obama qeyd edib ki, o, təkcə qanunları yox, ürəkləri dəyişən şəxsiyyətdir (media forum).

Mandelanın basdırılma mərasimi bazar günü baş tutacaq. Orda 59 ölkənin dövlət nümayəndə heyəti iştirak edəcək

Mandela 1918-ci ildə Cənubi Afrika Respublikasının Umtatı bölgəsində anadan olub. Forta Her kollecində oxuyub, 1940-cı ildə tələbə tətilində iştirak etdiyinə görə oradan qovulub. Bundan sonra Yohannesburqda mədən qarovulçusu olub, hüquq məntəqəsində çalışıb.
1943-cü ildə Mandela Vitvatersrand Universitetinə daxil olub, 1948-ci ilə qədər oxusa da, hüquqşünas diplomu ala bilməyib, daha sonra London Universitetində oxuyub, amma oranı da bitirməyə müvəffəq olmayıb. Bakalavr dərəcəsini Mandela yalnız 1989-cu ildə – həbsinin son aylarında alıb. Həbsdə yata-yata o, Cənubi Afrika Universitetində qiyabi oxuyub.

1944-cü ildə Mandela Afrika Milli Konqresinin Gənclər Liqasına daxil olub və tezliklə onun liderlərindən birinə çevrilib. 1950 ci illərdə aparteidə qarşı ən fəal mübarizlərdən biri olub, dəfələrlə həbs edilib. Mandela 1956-cı ildə dövlətə xəyanətdə ittiham olunub, 1961-ci ildə bəraət alıb.

1960-cı ildən Afrika Milli Konqresinə liderlik edən Mandela 1964-cü ildə ömürlük həbs cəzasına məhkum olunub.

1990-cı ildə həbsdən buraxılıb və yenidən Afrika Milli Konqresinin lideri seçilib. 1993-cü ildə o, aparteidlə mübarizədə xidmətlərinə görə Nobel sülh mükafatı alıb.
1994-cü ildə CAR prezidenti seçilib. Səlahiyyət müddəti bitəndə – 1999-cu ildə siyasətdən çəkilib.

Mandela dekabrın 6-da vəfat edib.