“Yeni Müsavat”ın baş redaktoru özünü başqa həmkarlarından fərqləndirməkdə haqlıdırmı?
Saytlarda “Tofiq Yaqublu ”Azadlıq”dan narazı qaldı” başlıqlı yazı dərc edilib. Sözün açığı, bunu eşidəndə bir qədər duruxdum. Çünki Tofiq bəyin “Azadlıq”da dərc olunan yazısını mən oxumuşam, redaktə etmişəm. Yazıdan aşağıdakı hissəni isə çıxarmışam. Və “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu bunu özünə qarşı qərəz kimi qiymətləndirib.
Telefonlaşdıq, bir-birimizə durumu izah etdik. Yazının ixtisar edilmiş hissəsiniÿ oxuyun, sonra izahatımız davam edəcək:
“Hə, indi də qayıdaq ”Jurnalistlərin dostu” mükafatının təqdim olunduğu mərasimə. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun həmin tədbirə qatılmasını doğru və vacib addım sayıram. Bir müxalifətçi kimi, ta əzəldən mövqeyim belədir ki, istənilən sahədəki problemlərin həlli üçün imkan olduğu təqdirdə, iqtidar nümayəndələrilə görüşdən yararlanmaq lazımdır. Baxmayaraq ki, əksər hallarda həmin problemlərin baiskarı elə iqtidarın özüdür. O, görüş zamanı bir sıra problemləri şəxsən özü dinləyib və həll edəcəyinə söz verib. Keşkə Ilham Əliyevin dediklərilə əməlləri heç olmasa, bir faiz düz gəlsin. Əmin edirəm ki, çox böyük irəliləyiş olardı.
Əvvəlcə tədbirə dəvət olunanlar haqqında. Tədbirdə “Azadlıq” “Ayna-Zerkalo” və “AzərTac”ın nümayəndələri olmayıblar. Rəsmilər bunu belə izah edirlər ki, ancaq mətbu orqanların birinci şəxsləri dəvətliymişlər, həmin KIV-lərin rəhbərləri ölkə dışında olduqları üçün dəvət olunmayıblar. Əvvəla, dəvət edəydiniz, bəlkə təyyarəyə oturub gələcəkdilər. Digər tərəfdən, əgər məqsəd KIV-lərin problemlərinin araşdırılmasıdırsa, Ilham Əliyev üçün nə fərqi var ki, “Azadlıq” qəzetinin problemləriniÿ Qənimət Zahid sadalayacaq, yoxsa Rahim Hacıyev? Yaxşı, əgər həmin tədbirə ancaq KIV-lərin birinci şəxsləri dəvət olunurdusa, onda professor Şirməmməd Hüseynov və jurnalist Yusif Kərimov hansı statusda dəvət olunmuşdular? Bəs “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevi niyə dəvət etməyiblər? O ki Bakıdaydı… Deməli, yalan danışırlar. Ölkədə siyasi partiyalara münasibətdə, sərbəst toplaşmaq azadlığının təmin olunmasında, seçkilərin azad və ədalətli keçirilməsində hüquq-mühafizə orqanlarının və məhkəmələrin işində heç bir problem olmadığını hər fürsətdə təkrarlayan Ilham Əliyev, həmin tədbirdə çox şəstlə deyib ki, hakimiyyət mövqeyindən asılı olmayaraq, bütün KIV-lərə eyni cür müsbət münasibət göstərir, onların sərbəst fəaliyyət göstərməsinə, inkişafına yardım edir. Biz bu sözlərə inansaq və ya özümüzü inanırıqmış kimi göstərsək, normal adamların gözündə hansı şəklə düşəcəyimizi təsəvvür edirsinizmi?”
***
Əgər Tofiq Yaqublu yazıdan dolayı “Azadlıq”a bir narazılıq və etiraz göndəribsə, şübhəsiz ki, bu, yalnız yazının ümumiyyətlə, ixtisara məruz qalması ilə bağlıdır. Yəni, Tofiq bəy yazının hansısa ixtiyari hissəsinin ixtisarından yox, ümumiyyətlə, ixtisar edilməsindən narazı qala bilər. Belə bir narazılığı varsa, qəbul edirik. Ümumiyyətlə, dörd divar arasındakı Tofiq Yaqublu nə desə haqlıdır. Ona iradımız yoxdur. O, bizdən çox inciməlidir. Nə qədər ki, məhbəsdədir və biz onun azadlığına nail olmamışıq, hər nə desə, haqqı var, söhbətin ardı qalsın, Tofiq bəyin azad olunacağı günə…
Rauf Arifoğluya gəlincə, onun niyə belə narahatlıq keçirdiyini anlamaq çətindir. Axı yazının ixtisar olunan hissəsində Rahim Hacıyevi, Qənimət Zahidi, Mehman Əliyevi, Elçin Şıxlını, Şirməmməd Hüseynovu daÿ xatırladan, onlar haqqında təqdirlər və tənqidlər irəli sürülən fikirlər var. Rauf bəy özünü bu insanlardan niyə ayırır? Siz də özünüzə sual verin ki, bu ayırma nə üçündür? Məncə, Rauf bəy bu hissənin çapında israr etməməliydi, çünki bu adlardan ibarət siyahı heç də onun xeyrinə bir şey demir…
Bir qədər də ixtisar zərurəti barədə. Yazının həcmi bir qəzet səhifəsindən çox idi. Hansısa hissələri çıxarmalıydıq ki, onu bir səhifədə dərc edə bilək. Hər bir redaksiya kimi, istədiyimiz yazını istənilən ixtisarla dərc etmək hüququmuz olsa da, müstəsna hallardan biri sayaraq, Tofiq bəyin qızı Nərgiz Yaqublu ilə əlaqə saxlayıb bu barədə xəbərdar etdik. Bildirdi ki, yazını ixtisar etməkdə sərbəstik, lakin Tofiq bəy birbaşa Ilham Əliyevə ünvanlanan hissələrin qalmasını istərdi. Yəni, Ilham Əliyevlə bağlı hissələr saxlanılmaqla, qalan hansı yerləri istəyiriksə, ixtisara sala bilərik…
Biz də göstərdiyimiz hissəni ixtisar etməyi məqbul bildik.
Rauf Arifoğlu hansı haqla bunu Tofiq bəyin yazısını ona qarşı çevirmək kimi şərh edir, anlamırıq. Ola bilsin, yazı “Yeni Müsavat”a göndərilsəydi, Rauf bəy onun başqa hissələrini ixtisar edərdi və ya heç ixtisar etməzdi. Amma yazı “Azadlıq”a göndərilmişdi. Qəzet özü bilərdi, onu necə, hansı başlıqla və həcmdə təqdim edir (hərçənd, dediyimiz kimi, bu barədə müəllifin ailəsindən razılıq da almışdıq). Hər halda, peşəkar qəzetçi kimi, Rauf bəy redaksiya işinin bu sayaq cəhətlərini bilməmiş deyil. Onun özü o qədər yazılar redaktə edib ki…
Seymur Həzi