Ukraynalı jurnalist Zümrüd Yağmurun kitabından yazdı

Ləyaqət sürgündə olarkən

Xəbər verdiyimiz kimi, yazıçı Zümrüd Yağmurun “Allah qayıdır?!” romanı Ukraynada dərc olunub. Kiyev və Lvov şəhərlərində kitabın təqdimatından qayıdan yazarın əsəri haqqında Ukrayina ədəbu ictimaiyyətinin yürütdüyü fikirlər yəqin ki, oxucualrımız üçün də maraqlı olar. Çünki bu, təkcə bir yazarın deyil, həm də ədəbiyyatımızın uğurudur.
Kiyevdə “Dövlət və millət” qəzetinin baş redaktoru, Qarabaq müharibəsinin jurnalist kimi şahidi olan, Çeçenistan hadisələrini obyektiv işıqlandırdığına görə Dudayevin “Şərəf ordeni” ilə təltif etdiyi Mariya Bazelyukun roman haqqındakı məqaləsini təqdim edirik.

***

Zümrüd Yağmurun “Allah qayıdır?!” kitabı sivilizasiyanın dəyəri olan azadlıq haqqındadır.
Bu dünyaya azad gələn insan Allahın ona bəxş etdiyi yerdə şəxsi, siyasi, milli, mədəni həyatını yaratmaq haqqına sahib olur, qarşılıqlı olaraq həm digər insanlarla, həm də Allahın qanunları ilə barışaraq həyat yolunu azad seçmək istəyir.
Azadlıq – mənən kölə olub ictimai statusundan asılı olmayaraq hər kəsi kölə etmək istəyənlərin qurduğu zorakı sistemlərin insanların qəlbində yaratmaq istədikləri qorxunu təmizləyən, zəkanı alçaqlıqdan, ruhu tamahdan qoruyan yüksək mənəvi hərəkətlərin, idealların əsasıdır.
Zümrüd Yağmurun kitabında istibdad üsul idarəsinin insan həyatını və qəlbini necə məhv etməsi, tarixi yaddaşın, milli ziyarətgahların yox edilməsi, şantaj, hədə-qorxu, şərəf və ləyaqətin alçaldılmasının insanları vəhşiləşdirməsi, onları kütləvi şəkildə yaltağa çevrib rəzil duruma salması və buna görə Allahın da üz döndərdiyi cəmiyyətin mənəviyyatının pozulmasınından bəhs olunur. Bu sadalananların ardınca isə hər kəsi içinə alan faciəvi iflas və yoxluq…
“Demokratiya və insan hüquqlarından danışanlar üçün bu ölkə üzə vurulan  bir sillə idi… Qəhrəmanlıq bu yerlərdən itkin düşüb. Ləyaqəti Allaha inam ilə birlikdə sürgün ediblər”. Bununla belə, öz varisi olan Gənc Kralı “Başın ağrımasın deyə, milləti qorxu içində saxla… Qudurmasınlar deyə, çörəyini bol etmə… Özlərini səninlə bərabər tutmasınlar deyə, izin vermə ki, özlərini insan bilsinlər” deyə təlimatlandıran Müqəddəs Ataya abidələr ucaldırlar. Təəssüf ki, ölkədə neft var idi…
Alleqoriyalar o qədər şəffafdır ki, Müqəddəs Ata və onun oğlu Gənc Kralın kim olduğunu anlamamaq mümkün deyil. Bununla belə, müəllif tərəfin təsvir etdiyi xarabalıq, qeyri-azad mühit və zülmətə qərq olunmuş insan qəlbləri asanlıqla bizə daha tanış və doğma olan, hələ tamamilə ümidsizliyə qərq olmamış, lakin ona doğru gedən başqa bir ölkəyə keçir…
“Neft ölkəsinin” talançı məmurları əsarətdə saxladıqları insanlara daim hədə qorxu gəlirdilər ki, kimsə öz hüquqları uğrunda mübarizə aparmasın, rüşvətxorluğa etiraz etməsin, əksinə hər kəs sussun, itaət etsin – bir sözlə ölkənin sabitliyini pozmaq olmaz. “Krallıqda artıq qanun, hüquq, ədalət və peşmanlıq kimi dəyərlər mövcud deyildi. Adamlar daha Kralın mərhəmətinə inanmırdı, amma kimsə bunu da dilə gətirib o dili gəzdirən başının bəlaya girməsini istəmirdi; hətta Kral məzlumları at kimi yəhərləsə belə kimsədən səs çıxmazdı”. Həqiqətən də, hökmdar artıq “sabitlik” barədə narahat olmurdu: iradəsiz, qəlbinə qorxu dolmuş insanlar nə qədər narazı olsalar da, daha “sabitlik” üçün təhlükə mənbəyi deyildilər. Onu başqa məsələ narahat edirdi: insanları əxlaqdan, mərifətdən necə mərhum etsin?  Kralın bu suala cavab tapmağı çətin olmur. O beynəlxalq proletariat rəhbərinin burja qalığı hesab etdiyi şeyləri necə məhv etmək barədə təcrübəsini xatırlayır. Bir halda ki, krallığa təhlükə nə zamansa insanların içində gizlənmiş vicdanların baş qaldırması ilə gələ bilər, demək cəmiyyətdə vicdan məhv ediməlidir. Ləyaqətini hərraca çıxaran, əxaqını ayaq altına salan, həzz üçün yaşayan insanın qəlbində vicdan yaşaya bilməz. Buna görə də “ölkədə əyləncəyə sərbəstlik verildi, hər cür əxlaqsız işlərə yol açıldı, əvəzində isə düşncə, iradə azadlığı yasaqlandı”.
Sonra isə köhnə qəbiristanlığı və yaddaşı məhv etmək üçün əcdadların məzarlarını viran qoydular, sür-sümüklərini qəbirlərdən atdılar. Qədim qəbiristanlığın yerində Müqəddəs Ataya məbəd inşa etmək üçün , ac insanların öz əlləri ilə əcdadlarının ziyarətgahlarını söküb darmadağın etdilər, təkcə özləri günaha batmadılar, bu işi görənləri və seyr edib susanları da özləri ilə bərabər günah ortağı etdilər…
“Allah Krallıqdan üz döndərmişdi və bu yerlər bataqlıqda batdıqca O, daha da uzaqlaşırdı”.
Azadlıqdan və vicdandan özünü məhrum etmək böyük günahdır. Qədim Sodom və Qomorra şəhərlərində olduğu kimi, bu Krallığa da Allahın qəzəbi çökməyəcəkmi? “Cahil və zülmkarların hərəkət və niyyətləri nəticəsində azadlıq iğtişaş və əxlaqsızlığa çevrilir. Bu səbəbdən də, Allah bu yerlərə qayıtmır…”. Kimin üçün qayıtsın? “Sabah bu ölkədə azadlıq bərqərar olsa belə, insanlar azad olmayacaq”, – qoca Natiqə deyir. Qəlbində Allah olmayan insanlar məgər ali dəyər olan azadlıqdan faydalana bilərlərmi? “Kişilər Allahdan yox, polis dəyənəklərindən qorxurdular. Kralın qəddarlığı insanların qəlbini elə köləliklə doldurmuşdu ki, orada Allah üçün yer qalmamışdı”.
Əsərdə  Leyla dağıdılmış məzardan çıxarılmış  körpəsinin cənazəsini qucağına alıb Allahı axtarmağa çıxır, ancaq hər yerdə qarşısına heykəllər çıxır və bu axtarışı davam etdirmək onu ölümə götürür. Leyla avtomobil təkərlərinin altında həlak olur.
Lakin yenə də… Mənəviyyatın ümumən ram edilməsi səhnəsini, mənəvi prinsiplərin açıq-aşkar rişxəndə və obstruksiyaya məruz qaldığı heysiyyətsizlik mühitini təsvir edərkən, müəllif oxucunu kitab boyu ümidsizlik uçurumunda tərk etmir. Hətta əsərin adı – “Allah qayıdır” (Hara? Kimə?) – insan və millətin bərpasına ümid kimi səslənir. Niyə? Çünki, xalqın genetik kodu məhv edilməzdir, o, şüuraltı səviyyədə nəsildən nəsilə keçir, ürəklərdə döyünür, yaddaşlarda canlanır, vicdanı oyadır. Səidin və onun nəslinin şərəfini nənənin sözlərinin xatirəsi xilas etdi: “Kişi həqiqəti deyib, atı minib getməlidir”. Görünür, bu sözlər onun üçün əcdadlarının vəsiyyəti kimi səslənmişdi. Polis şöbəsində Səid qadınları təhqir olunmaqdan, özünü isə rüsvayçılıqdan qoruyur və canlı yayımda həqiqəti açıqlayaraq televiziya studiyasında ölür.
Kitabın sujet xətlərindən Azər və Zərifə ilə bağlı hisslər xüsusilə təsirli və eyni zamanda gerçək təsiri bağışlayır. Bu cütlüyün qüvvəsi daxili azadlıq və ideallarına olan sədaqətlərindədir. Bu cür insanları məhv etmək olar, lakin məğlub etmək olmaz. Azər istibdadın ağır şərtləri altında söz azadlığı uğrunda mübarizə aparan redaktordur. Onun iradəsini nə dilənçi həyatı, nə ailəsinin ehtiyacları, nə də zindan divarları qırmamışdır. Onun həbsdə olduğu, “iztirab, əziyyət çəkdiyi, lakin peşman olmadığı” zaman, onun vəfalı yoldaşı Zərifə həm övadlarına baxr həm də ölkənin yeganə demokratik qəzetində həqiqət və azadlıqla nəfəs alan məqalələr dərc etdirərək, rejimlə mübarizə aparmağa başlayır. Kral hakimiyyəti Azərin redaktor olduğu qəzetin redaksiyasını və əmlakını məhv edib işçilərini döyür. Azər kimi əyilməz olan məsləkdaşları indi çıxılmaz vəziyyətdə qalırlar, qəzeti necə çıxarsınlar, hansı pul ilə avadanlıq alsınlar? Onların işini redaktorlardan birinin anası olan qarı xilas edir. Ailə xatirəsinin qoruyucusu olan qarı qəzetin bərpası üçün ailə əmanətini – bahalı, daş-qaşlı kəmərini qurban verir. Və qəzet kollektivində Günəş Sarayını batıran yeraltı təkanlar ilə birlikdə ümid yaranır.
Bununla belə, zənnimcə, onların ümidi heç vaxt itməmişdi, azadlıq ideallarının qələbəsinə olan inam və xalqına olan sevgi ilə birlikdə həmişə yaşayırdı. Hətta, nə aşağılarda, nə də yuxarılarda “azadlığın” hansı xəstəlik olduğunu və jurnalistlərin ona haradan yoluxduğunu heç kimin başa düşə bilmədiyi vaxtlarda belə yaşayırdı. Axı aşağıdakıların “azadlığı” yemək və əyləncə, yuxarıdakıların “azadlığı” isə hələ tam soyulmamışların qarət edilməsi ilə məhdudlaşırdı. Azadlıq uğrunda mübarizə aparan qəzetin jurnalstləri xalqın hüquqlarının müdafiəsi naminə piket təşkil etdikləri zaman isə rejim xalqa konsert təklif edir; kral düşünür ki, axı kim konsertə etinasızlıq edib piketə qoşular. Elə də olur, konsertə gələn izdiham üsyançıları dağıdır. Jurnalstlərin insanlara açıb demək istədikləri həqiqət onlara gərəksiz olur. Bəs bu qədər təhqir və əzablara dözməyə dəyərdimi? Müəllifin fikrincə, dəyərdi.
Təsadüfi deyil ki, məhz demokratik qəzetin işçiləri kitabda yeganə azadlıq bayraqdarları qismində çıxış edir. Söz azadlığı istibdad rejiminə ən böyük təhlükədir. Hətta diktatura şəraitində belə o, insan şüurunun təhkimçilikdən azad olmasına müasir hərbi qüvvələrdən daha tez çatır və azadlığı arzudan reallığa çevrir. Əsərə görə, Azadlığı Allah tərəfindən verilmiş ali dəyər kimi dərk edən, öz həyatı bahasına olsa belə onun uğrunda mübarizə aparmağa hazır olan insan əsl insandır. O, şərəf və azadlığın zadəganına çevrilir. Məhz belə insanların xatirinə görə də Allah üz döndərdiyi məmləkətə öz şəfqət və mərhəmtini, ürəklərə sevgisini yenidən geri qaytarır.