Milli Məclisə bununla bağlı mürtəce dəyişikliklər layihəsi təqdim olunub
Siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb olunacaq, əks halda həmin partiyalar qeydiyyata alınmayacaq, yaxud fəaliyyəti ləğv olunacaq.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5-ci maddəsinə əlavələr təklif olunur. Təklifə əsasən, Azərbaycandakı siyasi partiyalar hüquqi şəxs statusu almaq istəyərkən dövlət qurumlarına partiyanın rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair sənəd də təqdim etməli olacaq. Qərargahın yerləşdiyi yerə dair sənədin (qurumun hüquqi ünvanını təsdiq edən sənəd) təqdim olunması məcburiləşdiriləcək.
“Hüquq və Inkişaf” Ictimai Birliyinin rəhbəri Hafiz Həsənov “Azadlıq”a deyib ki, bu partiyaların sıxışdırılması, təzyiq göstərilməsi kimi qiymətləndirilməlidir: “Eyni dəyişikliklər QHT-lərlə bağlı gedir. Guya reyester məlumatı kimi QHT-lərin, siyasi partiyaların hüquqi ünvanı olmalıdır. Əgər partiyanın hüquqi ünvanı yoxdursa, reyestr məlumatı oradan silinəcək və bu da partiyanın ləğv olunmasına səbəb ola bilər. Dəyişikliklər birləşmiş azadlıqlar, əsasən də siyasi birliklərlə bağlı təzyiq formasıdır. Məqsəd bu birlikləri nəzarətdə saxlamaq formasıdır. Bu indiki şəraitdə imkansız vəziyyətdən istifadə edərək qərargahı olmayan siyasi partiyaların sıxışdırılması, təzyiq göstərilməsi kimi qiymətləndirilməlidir. Ümumilikdə ölkədə siyasi azadlığın məhdudlaşdırılmasına, yönəlik bir dəyişiklikdir. Əgər bu qəbul olunarsa siyasi partiyanın icarə götürdüyü qərargah varsa icarə müqaviləsini təqdim etməklə o məlumatları yerləşdirə bilər. Başqa yerə köçəndə də yeni yerlə müvafiq sənədləri təqdim etsə hüquqi təhlükə aradan qalxır”.
Hafiz Həsənovun sözlərinə görə, partiyanın hüquqi ünvanı varsa, qərargahının olmamasının onun qediyyatının ləğv edilməsi üçün əsas ola bilməz: “Bu müddəlar qəbul olunacağı halda bu tip məqamlardan da sui-istifadə oluna bilər. Hər halda bütövlükdə QHT və siyasi partiyalara bağlı son vaxtlar qanunvericiliyə edilən dəyişikliklər, məhz birləşmiş azadlıqları pozmaqla əsasən müstəqil QHT və müxalif siyasi partiyaların fəaliyyətini məhdudlaşdırılmasına yönəlmiş addımlardır”.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov hesab edir ki, qanuna ediləcək dəyişikliklərin nəzərdə tutulması təmsil olunduğu partiyaya yönəlmiş bir addımdır: “Bu hakimiyyət neçə illərdir AXCP-ni qərargahla təmin etmir, partiyaya ofis icarə verənlərə təzyiq göstərilir. Artıq AXCR-nin fəaliyyətini qapatmaq istiqamətində fikirlərini reallaşdırmağa başlayırlar. Hakimiyyət həm beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər, həm konstitusiya qanunlarına müvafiq olaraq siyasi partiyaları qərargahla təmin etməlidir. Ancaq hakimiyyət hər hansı bir qanuna əməl etmir. AXCP-yə indiyə kimi qərargahın verilməməsi bu qəbul ediləcək qərara hesablanmış bir addımdır. Əbəs yerə özlərini yorurlar. AXCP beynəlxalq aləmdə tanınmış bir partiyadır. Hakimiyyət belə bir addım atarsa, beynəlxalq aləmdə biabır olacaq. Digər tərəfdən ölkəyə müstəqillik gətirən bir təşkilatın qeydiyyatının ləğv edilməsi onlara baş ucalığı gətirməyəcək”.
Müsavat başqanının müavini Gülağa Aslanlı bunu absurd adlandırıb: “Məncə müxalifət qüvvələri buna qarşı çıxan və bunu pisləyən bəyənatlardan başqa həm də bununla bağlı aksiyalar keçirməlidirlər. Çünki görünən odur ki, hakimiyyət müxalifət partiyalarına qarşı növbəti səlib yürüşünə başlayıb. Bununla da partiyaların fəaliyyətinə növbəti maneə yaratmaq istəyirlər. Belə bir qərar layihəsinin parlamentə çıxarılması hakimiyyətinin iç üzünü açır. Bununla bağlı beynəlxalq təşkilatlara Avropa Şurasına, Avropa Birliyinə, Avropa Parlamentinə təcili sürətdə müraciətlər hazırlanmalıdır. Belə bir məsələnin parlamentdə qəbul edilməməsi üçün bütün qüvvələri yönləndirmək lazımdır”.
Ramin DEKO