Avropanın Azərbaycana inteqrasiyası

Bu yaxınlarda “mediaforum” saytında “Gülər parlamenti”nin vitse-spikeri Bahar Muradovanın bir müsahibəsi vardı. Orada Muradova “Azərbaycan Qərb, ya Rusiya istiqamətində getməlidir?” sualına belə cavab vermişdi: “Prezident nəyi uyğun bilsə, Azərbaycan ona doğru gedəcək”.

Həmin bu bir cümlə ölkənin hansı təfəkkürlə idarə olunduğunun, tamamilə bir nəfərin iradə və istəklərindən asılı düşdüyünün parlaq göstəricisidir. Hər şeyi bir nəfərin diqtəsi müəyyənləşdirir, hər şeyin düzünü yalnız bir nəfər bilir. Bəs Azərbaycanda diktaturanın, təkəlçiliyin hökm sürdüyünü deyəndə yaptokratlar niyə qəzəblənirlər?

Təzəlikcə dostlar sosial şəbəkələrdə Rumıniya prezidenti Trayan Besesku ilə bağlı maraqlı bir hadisədən bəhs etmişdilər. Deməli, Besesku milli televeziyada çıxışı zamanı bəyan edir ki, ölkəsinin əsas hədəflərindən biri Moldova ilə birləşməkdir. Bu yerdə jurnalist prezidentdən soruşur: “Siz bu mövqeni xarici işlər naziri ilə razılaşdırmısınız?”

Beseskunun cavabı: “Sizcə, cənab Koreltsyan Moldovanın birləşməsini istəmir?”

Əvvəla, bizdə Ilham Əliyevin yerli jurnalistə müsahibə verməsinin, onun suallarını cavablandırmasının özü tarixi hadisə olardı, qalmışdı hər hansı jurnalistin özündə cəsarət tapıb ona belə bir sual verməsi. Ikincisi, “siz bu mövqeni xarici işlər naziri ilə razılaşdırmısınız?” nə deməkdir? Kimdir axı xarici işlər naziri? Onun nə ixtiyarı var, etiraz etsin? Prezident dedi, qutardı! Amma yox, Rumıniyada fərqli əhval-ruhiyyə hökm sürür, orada “prezident nəyi uyğun görsə…” məntiqi, zehniyyəti işləmir.

Hansı ki, bu ölkənin özü Avropanın heç də kifayət qədər gəlişmiş ölkələrindən biri sayılmır, orada demokratiya və korrupsiya kimi məsələlərdə çoxsaylı problemlər var. Amma yenə də bir nəfərin istək və iradəsi hər şeyin üzərində deyil, onun da məsləhətləşməli, razılaşmalı olduğu ünvanlar var.

Bizdə isə Bahar Muradovanın etiraf etdiyi kimi, belə narahatlıqlar yoxdur, hamının əvəzindən bir nəfər düşünür və qərar verir. Necə deyərlər, “ağa deyir, ”sür dərəyə”, sür dərəyə”. Daha o yan-bu yanı yoxdur. Xalqın fikirlərini nəzərə almaq, hər təbəqədən olan insanlarla danışmaq, ictimai rəyi öyrənmək, buna görə ölkənin gedəcəyi yolu müəyyənləşdirmək – YAP-çıların təfəkküründə bu, artıq işdir, mənasız söhbətdir.

Əslində, onları qınamaq da olmur. Sayələrində ölkədə ictimai rəy qalmayıb. QHT-lərin abbervaturasından “Q” hərfi çoxdan düşüb, onlar artıq hökumət təşkilatlarına çevriliblər. Jurnalistləri desəniz, artıq onlar rəsmən Ilham Əliyevin dostudular. Müxalifət partiyaları ilə bağlı isə əlavə sözə ehtiyac yoxdur. Hazırda Azərbaycanın çağdaşlaşma, demokratikləşmə ümidi, modernləşməsi, azad, tərəqqipərvər dünyanın bir parçasına çevrilməsi az sayda insanın əzmindən, fədakarlığından, duruşundan, dirənişindən asılıdır. 

O ki qaldı Azərbaycanın Avropa ilə Rusiya arasında seçim etməsinə, əlbəttə, seçim ilk növbədə:

– azadlıqla köləlik;

– şəffaflıqla korrupsiya;

– demokratiya ilə despotizm;

– milli iradə ilə tək adamın iradəsi arasında edilməlidir.

Avropa Şurasına üzvlükdən sonra bu ölkədə demokratiyanın, azadlıqların olan-qalan rüşeymlərinin də necə amansızla məhv edildiyini təcrübədən bilirik. Avropa Ittifaqına yaxınlaşdıqdan sonra kim bilir, bizi hansı dəhşətli vəziyyət gözləyir. Necə deyərlər, başına gələn başmaqçı olar.

Yox, yox, mən əsla və əsla seçimin Avrasiya Ittifaqından yana olmasına eyham vurmuram. Bunu düşünmək, ağlının ucundan keçirmək belə, çox qorxuncdur.

Yazmaq istədiyim sadə həqiqət bundan ibarətdir: əgər biz şərqli təfəkkürü ilə, yaptokratiyanın əldə bayraq etdiyi, öz varoluşunun vazkeçilmiəz ünsürləri olaraq, gördüyü “milli-mənəvi dəyərlər”lə (bir mənəvi dəyər heç vaxt milli ola bilməz, mənəvi dəyər yalnız və yalnız bəşəri olandır) Avropanın bir parçası olmaq istəyəcəyiksə, qarşıda bizi yeni Mövlud Çavuşoğlular, yeni “kürü diplomatiyaları”, yeni “demokratiyaya doğru bir addım” bəyanatlarından, deməli, həm də yeni-yeni hüsranlardan, xəyal qırıqlıqlarından başqa heç nə gözləmir.

Sadəcə, taxdığın qol saatı, geydiyin ayaqqabı brendi, sürdüyün avtomobil markası ilə avropalı olmaq olsaydı, onda gərək inteqrasiya təm tərsinə olaydı, biz Avropa Ittifaqına yox, Avropa ölkələri bizim Milli Məclisə, Tarif Şurasına, Dövlət Gömrük Komitəsinə girmək üçün dəridən-qabıqdan çıxaydılar.