Müəllifdən: bu günlərdə müxtəlif dövrlərə aid qeyd dəftərçələrimi yenidən gözdən keçirdikdə onların bir hissəsini kiçik esselərə (əgər belə demək mümkünsə!) çevirmək arzusu və həvəsi yarandı. Əksəriyyəti ədəbiyyat, qadın, içki mövzusunda olan həmin qeydlər əsasında yazdığım parçaları qəzetimizin hər bazar günü sayında “Üç ”Q”” (qələm, qədəh, qadın) ümumi başlığı altında sizlərlə paylaşmaq istəyirəm.
(əvvəli ötən sayımızda)
Kitablardan ev
Əgər xəyalən özünüzə kitablardan bir ev tikməli olsanız, o evin qapısı, pəncərəsi, tavanı, döşəməsi, dörd divarı üçün hansı kitabları seçərdiniz?
Mənim belə bir “ev”im artıq çoxdan hazırdır. O “ev”də nə qədər “yaşayaram”, yeni bir “ev”ə köçmək ehtiyacı nə zaman hiss edərəm, bilmirəm, amma hələ ki, içində xoşbəxt olduğum “ev” budur:
Qapısı – “Don Kixot” (Servantes)
Pəncərəsi – “Səfillər” (Hüqo)
Divarları – “Mənim universitetlərim” (Qorki), “Madam Bovari” (Flober), Çexovun hekayələri, Nazim Hikmətin şeirləri.
Tavanı – “Qoca və dəniz” (Heminquey)
Döşəməsi – ayaq altında olmaq heç bir kitaba rəva deyil…
Tənbəllərin işi
Hər hansı mövzuda yazarkən bəzən fikrimizi qüvvətləndirmək, bəzən daha aydın ifadə etmək, bəzən daha inandırıcı görünmək üçün aforizmlərə sığınarıq. Unudulmaz, müdrik sözlər, deyimlər yetişər dadımıza.
Bir, uzağı, iki-üç cümləlik o deyimləri yerinə düşdümü, həmən yazıya yerləşdirərik.
Oysa müəllifləri onları bir, ya da bir neçə cümlə şəklində yazmayıblar. Ya bir romandan, ya bir müsahibədən, ya bir nitqdən çıxarışdır onlar. Və onlardan hər nə qədər yerində istifadə etsək belə, kontekstdən çıxarılıblar, alıntıdırlar.
Bəlkə, söyləndikləri və yazıldıqları kontekstdə dinləsək və oxusaq, razılaşmayacağıq, bəlkə heç yaddaşımıza həkk olunub qalmayacaqlar da, bəlkə, hətta o kontekstdə həmin deyimin doğruluğuna şübhə də edəcəyik, müəllifi ilə mübahisə də edəcəyik. Amma kontekstdən kənar, sadəcə, bir və ya bir neçə cümlə şəklində oxunduqda, yeri, zamanı gəlib xatırlandıqda, işimizə yarayır, əlimizdən tutur, imdadımıza çatır deyə, istinad edildikdə heç bir problem qalmır. Artıq onlar bizim üçün dartışmaya açıq olmayan, qeyd-şərtsiz həqiqət kimi görünən deyimlərə – aforizmlərə çevrilir.
Bax elə buna görə aforizmlərə aludəçilik nə qədər doğrudur, bilmirəm.
Bir onu bilirəm ki, hər nə qədər qulağa xoş, hər nə qədər ürəyə yatımlı, hər nə qədər müdrik və hər nə qədər cazibədar görünsə belə, hansı müstəvidə, hansı baxış bucağından, hansı məramla söyləndiyindən, yazıldığından xəbərsiz deyimlərə istinad etməkdən mümkün qədər qaçmalıyıq.
Illah ki, düşüncələrimizi aydınladacaq, fikirlərimizi qüvvətləndirəcək istinadlara ehtiyacımız yaranarsa, – həmin istinadlar bütöv kitablar, əsərlər olmalıdır.
Aforizmlərə aludəçilik – yalnız tənbəllərin, ərincəklərin işi ola bilər. Oxumadığın, üzünü açmadığın, bəlkə də hətta adını eşitmədiyin bir kitabdan yalnız bir cümləni qulaqdandolma şəkildə, haradansa, kimin vasitəsilə isə əzbərləyərək yeri, məqamı gələndə yararlanmaq ən yaxşı halda tənbəlliyin, ən pis halda da sui-istifadəçiliyin, “hazıra nazirliyin” əlaməti deyilsə, bəs nədir?
Qadın və siqaret
Çox illər bundan öncə, gənclik şeirlərindən birində:
Siqaret kimidir qadın dünyada,
Sinənə çəkdinmi tərgitmək olmur. –
yazmışdım.
Bu günlərdə məşhur fransız yazarı, fransız istilasına qarşı tarixi manifestin müəllifi, eyni zamanda sürrealizmin manifestini (1924) yazmış Andre Bretonun bir fikrinə rastladım, deyir ki, “qadın siqaret kimidir, çəkib qurtarırsan və ağzında onun pis dadı qalır”.
Əlbəttə, mən o misraları yazanda nəinki Bretonun bu fikri ilə tanış idim, heç onun adını da eşitməmişdim.
Indi birdən-birə qadının siqaretlə eyniləşdirilməsi nöqtəsində həmfikir olmağımız mənə çox qəribə gəldi.
Bir halda ki, kişilərin qadını siqaret bənzətməsinin bu qədər uzun tarixi var, görəsən, nə vaxtsa bir qadının ağlına kişini külqabıya bənzətmək doğrudanmı, gəlməyib?!



