İlham Əliyevin əmisi oğluna zərbə

Heydər Əsədov «Riyad» firmasının nəzarətində olan mal-qara dərmanları ilə bağlı əmr verdi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvanların dərman preparatlarından zəhərlənmə faktlarının araşdırılması üçün əmr imzalayıb.

Dövlət Baytarlıq Xidmətindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, son vaxtlar vətəndaşlar və heyvan sahibləri tərəfindən mal-qara arasında dərman maddələrindən zəhərlənmələr, hətta, ölüm hallarının da baş verməsi faktları barədə Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Baytarlıq Xidmətinə şikayətlə daxil olub. Buna görə də şəhər və rayon baytarlıq idarələrinin rəislərinə xidmət etdikləri inzibati ərazilərdə dövlət orqanlarında qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, tərkibi şübhəli, yararlıq müddəti bitmiş, saxta, keyfiyyətsiz və satışı qadağan olunan bioloji preparatların və dərman maddələrinin satışının qarşısını almaq məqsədilə tədbirlər həyata keçirmələri tapşırılıb.

Bu sahədə qanunvericliyin pozulmasında təqsirli bilinən hüquqi və fiziki şəxslərin  inzibati məsuliyyətə cəlb edilməlidirlər. Ərazilərdə qanunsuz fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyəti dayandırılmalıdır.

Xidmət Aparatının müfəttişlik sektoruna isə mülkiyyət formasından asılı olmayaraq ölkə ərazisində dərman maddələrinin alğı-satqısı ilə məşğul olan fiziki və hüquqi şəxslərin obyektlərində vaxtaşırı dövlət baytarlıq nəzarətini həyata keçirmələri, obyektlərdə aşkar olunan dövlət qeydiyyatından keçməyən, yararlıq müddəti bitmiş, tərkibi şübhəli, mənşəyi məlum olmayan baytarlıq preparatlarını götürülərək məhv olunmasını təmin etmələri, belə hallar baş verən ərazi baytarlıq idarələrinin rəisləri haqqında tədbir görülməsi üçün Dövlət Baytarlıq Xidmətinin rəhbərliyinə təklif verilməsi tapşırılıb.

Məlumat üçün deyək ki, Azərbaycana baytarlıq ləvazimatları və dərman preparatlarının idxalı ilə “Riyad” firması məşğul olur. Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevə məxsus olan bu firma ümumiyyətlə dərman sahəsini inhisara almışdı. Sonradan Paşayevlər dərman biznesinə əl qoydular. “Riyad” firması bazardan sıxışdırıldı. 

Baytarlıq ləvazimatları və dərman preparatlarına gəlincə, “Riyad” firması hələki bu sahəni əlində saxlamağı bacarıb. Məlumatlara görə, keçmiş kənd təsərrüfatı naziri Ismət Abbasovun da bununla bağldı “Riyad”la işbirliyi olub. Görünür, yeni nazirin bu sahəyə diqqət çəkməsinin bir səbəbi də elə budur. Mümkündür ki, kifayət qədər gəlirli olan bu biznesi “Riyad” və Ismət Abbasovun nəzarətindən çıxarmaq planı var.