Hörmətli oxucu! Mən bu sətirləri yazmağa başlayıram, amma yazıya son nöqtə qoya biləcəm, ya yox, bax bunu bilmirəm. Hər şey “Azərenerji”nin insafından asılıdır. Ay başınıza dönüm, bir gündə nə qədər işıq söndürərlər? Həm də heç bir xəbərdarlıqsız. Heç bir səbəb göstərmədən.
Ötən ilin bu vaxtları da eyni problemdən şikayətlənmişdim, nəticəsi əla oldu – Yeni ilin ilk gününü qaranlıqda qarşıladıq.
Deyilənə görə, “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin Şabranda dəvə ferması var. Fermada dəvələr üçün hər cür şərait yaradılıb, həmçinin orada fasiləsiz elektrik enerjisi verilir. Son 24 saatda isə yaşadığım ünvanda (Xırdalan şəhəri) 6 dəfə işıqları söndürüblər, hərəsində də 2-3 saat.
Belə getsə, yaxın günlərdə Etibar Pirverdiyevə mənə onun fermasında yaşamağa icazə verilməsi üçün müraciət edəcəm. Tam ciddi. Başqa yol yoxdur.
Təsəvvür edin: 2004-2012-ci illərdə Azərbaycan 71 layihə üzrə 9 milyard 545,9 milyon dollar xarici kredit alıb, bunun 24,09 faizi və ya 2,3 milyard dolları “Azərenerji”nin payına düşür. Bunun üzərinə yüz milyonlarla manat dövlət investisiyasını gəlin. Amma hələ də Bakının qulağının dibində fasiləsiz işıq xəyaldır, yuxudur. Hələ utanmadan “ölkənin inkişafını görmədiyinə görə” jurnalisti çağırıb xəbərdarlıq edirlər. Yesinlər sizin inkişafınızı!
Üstəlik, biz bu inkişafın nəmənə olduğunu da yaxşı bilirik. Dünən oxudum, Lənkəranda 10 il əvvəl tikilən olimpiya-idman kompleksini tamamilə söküblər. Səbəb kompleksin divarlarının çatlamasıdır. Əsl səbəbi isə bilməyə ehtiyac yoxdur: korrupsiya. Başqa nə ola bilər ki? Allahın qaranquşu çör-çöplə yuva qurur, illərlə hər bahar o yuvaya uçub gəlir. Bunların ətək-ətək pul töküb tikdikləri binaların, çəkdikləri yolun ömrü bir neçə ildən artıq deyil. Istədiyiniz qədər nümunələri var bunun, bəzilərini iqtisadçı dostumuz Rövşən Ağayev dünən sosial şəbəkələrdə xatırlatmışdı: Bakı-Gürcüstan yolu tikildikdən cəmi 4 il sonra bu yolun Hacıqabul-Kürdəmir hissəsinin 2 zolaqlı hissəsi tamamilə yenidən çəkilməyə başlandı, 2011-ci ildə Şamaxıda cəmi 3 il əvvəl açılışı edilən olimpiya-idman kompleksi isə yenidən quruldu. Belə örnəkləri sonsuzadək davam etdirmək olar. Amma nə hacət? Dənizin dadını bilmək üçün onu bütün içməyə ehtiyac olmadığı kimi, bu rejimin mahiyyətini anlamağa da sadəcə, bir neçə bu cür nümunə kifayətdir.
Təsəvvür edin, ötən il həmin vaxtadək artıq təxminən 120 milyon manatlıq investisiyanın qoyulduğu bulvarın xeyli hissəsini sökdülər, sonra təmir-bərpa işləri adı altında 10 milyon manat ayırdılar. 10 gün əvvəl isə “abadlıq və yenidənqurma işlərinin davam etdirilməsi” bulvara daha 10 milyon manat da ayrıldı. Birdəfəlik bulvarın adını da dəyişsinlər, “pul var” qoysunlar. Belə daha məntiqli səslənir. Əlbəttə, çoxlu pul varsa, nəinki dənizkənarı parkı hər gün söküb-tikmək, sonra təzədən söküb yenidən tikmək, sonra bir daha söküb dübarə tikmək, sonra təzədən söküb növbəti dəfə tikmək olar, hətta Şahdağı gətirib Xəzərin üzərində ucaltmaq mümkündür. Yetər ki, korrupsiyanın canı sağ olsun.
Mənə bircə o çatmır ki, Fransanın Lion məhkəməsi hansı ağıl və məntiqlə Kəmaləddin Heydərovu bu ölkədəki qanunsuz xərcləmələrdə təqsirli bilərək cərimələyib. Belə də məhkəmə olar heç? Nə vaxtdan görünüb ki, pul qanuni xərclənsin, təyinatı üzrə xərclənsin, şəffaf xərclənsin? Pulu ki, əyri yolla qazanıb əyri yolla da xərcləmədin, daha bu nə oldu?
Ümumiyyətlə, fransızlar özlərində bu cürəti hardan tapır, əvvəl bunu öyrənmək lazımdır. Qoy onların Pol Moriası hələ getsin Kamal müəllimin bəstələrinin yarısını bəstələsin, sonra danışmağa dilləri olsun.
Indi biz təzə bir Dərviş Məstəli şah taparıq, o da gedib Paris nədi, bu dəfə bütün Fransanı partladar, ağılları başlarına gələr.
Ya da heç bizim əziyyət çəkməyimizə ehtiyac yoxdur, bir ölkədə ki, belə qanunpərəst məhkəmə-filan olsun, əlbəttə, özü-özünə dağılacaq, yerlə-yeksan olacaqdır.
Mütləq olacaqdır.



