Hakimiyətə qayıdışından az sonra ata Əliyev çıxışlarının birində demişdi: “Bu xalqın sandığında hələ çox şey var”. Bu, çağında çoxlarının anlamadığı, çağ ötdükcə anlaşılacaq üstüörtülü mesaj idi – “Mən sənin sandığını boşaltmağa gəlmişəm”, mesajı. Başqa uyğun çoxsaylı faktlar bir yana, bu mesajla bağlı planın necə yerinə yetirildiyini Ingiltərə parlamentinə bağlı vergi qurumunun araşdırması göstərir: “Ata-bala Əliyevlər 1993-2010-cu illərdə Azərbaycandan offşor zonalara 48 milyard oğurluq pul çıxarıblar”. Baxın: 1993-2010-cu illər arasında. Demək, hakimiyətə qayıdan kimi Azərbaycanı soyub-yağmalama siyasətinə start veriblər. Bu isə Əliyevlərin Azərbaycanı 93-dən IŞĞALI deməkdir. 93-dən bu yana ata-bala Əliyevlər, bütövlükdə Əliyevlər tayfası bu ölkədə total IŞĞAL siyasəti yürütməkdədir.
Bol yanacaq ölkəsində yanacağın indiki yersiz artımı da ayrıca IŞĞAL faktıdır. Onsuz da yoxsulluq içində boğulan xalqı daha da yenib boğmaq faktı! Çoxdan ayrıca korrupsiya-reket qurumuna çevrilmiş Dövlət Neft Şirkətindən yeni bahalanmaya don geyindirməklə həyasızcasına yalana əl atılır. Sən demə, bunlar “tədqiqat” aparıblar: “Azərbaycan iqtisadiyatında ciddi proseslər gedib, iqtisadi durum yaxşılaşıb, əhalinin gəlirləri artıb…”. Bir daha demək gərəkir: bunlar həyasızcasına yalanlardır. Minimum yaşayış norması 120 manat, pensiyalar 130, müəllimlərin, həkimlərin aylığı 150 manat olan ölkədə “iqtisadi durum yaxşılaşıb, əhalinin gəlirləri artıb” demək həyasızcasına xalqı aldatmağa çalışmaq deyilmi?
Azərbaycanda özünə gərəksiz yerə yüz 120 qatlı bina tikdirən, dünyanın bu başından o başına boşuna pul səpələyən DNŞ elə bu baxımdan korrupsiya-reket qurumu olaraq çoxdan antixalq, antidövlət obyektinə çevrilib. Elə bu yerdəcə mən bizim bir sıra dəyərli jurnalist dostlarımızın “Azərbaycan benzinin 1 tonunu öz xalqına 917 manata, xaricə 765 manata satır” deməsinə qarşı çıxıram. Göstərilən faktla işim yoxdur – bunun belə olduğu bizə çoxdan bəllidir. Burada mənim düzgün saymadığım yersiz yerə işlədildiyini indiyədək dönə-dönə vurğuladığım “Azərbaycan” anlayışıdır. Indilikdə “Azərbaycan satır” anlayışı. Azərbaycan kimdir, nədir? Azərbaycan 1993-cü ildən satılaraq IŞĞAL olunub. Bu gün yanacağın qiymətini yersiz yerə bir belə qaldıranlar Azərbaycanı 20 ildən bəri satıb IŞĞAL zonasına, 80 min kvadratkilometrlik kommersiya obyektinə çevirənlərdir. Azərbaycan özü satılma obyektidirsə, o nəyi sata bilər? Ona belə bir hüququ kim verib? Azərbaycanın nəyisə, lap elə deyək yanacağı, satmaq hüququ olsaydı, onu “tədqiqatçı” DNŞ yetkilisinin dediyi kimi yalandan yox, gerçəkdən ölkədə “iqtisadı durumu yaxşılaşdırmağa”, “əhalinin gəlirlərini artırmağa” yönəldərdi. Bu yoxdur, ola da bilməz; bir daha demək gərəkir: ortada gerçəkdən Azərbaycan adına hüquq – status faktoru, “yaxşılaşdırmaq”, “artırmaq” olanaqları kimi nəsnələr yoxdur. Bunlar hamısı bəlli bir adamın, bəlli bir ailənin istəyinə, buyruğuna bağlı anlayışlardır.
80-ci illərin sonlarında, 90-cı illərin başlanğıcında Azərbaycan xalqı dünyanın ən bahalı xalqlarından idi. Əliyevlər hakimiyəti planlı ardıcıllıq axarında özünü bahalaşdırmaq, xalqı ucuzlaşdırmaqla… Azərbaycan xalqını dünyanın ən ucuz xalqlarından birinə çevirdilər. Buna görə onlar Gürcüstanda yanacağı ucuzlaşdırırkən, Azərbaycanda bahalaşdırırlar. DNŞ prezidenti Gürcüstandakı ucuzlaşdırma nədənini “Gürcüstan əhalisinin tələbi” adlandırır. Çox gözəl! Ancaq… sonuncu prezident seçkisi Əliyevlərə çox baha başa gəldi: daha beş il hakimiyətdə qalmaq üçün istər seçkiöncəsi, istər seçkisonrası olduqca böyük pullardan keçmək gərəyi yarandı. Çağdaş dünyada REALPOLITIKA belədir: Azərbaycandakı kimi Xalqa yağı – antidemokratik rejimləri qoruyub saxlamaq olduqca baha başa gəlir…
Ucuz xalq, baha hökumət
•