Rüstəm İbrahimbəyov əsəb faktoru kimi

Milli Şuranın fəxri sədrinə gələn yolda o nələr qazanıb, nələr itirib?

Rüstəm Ibrahimbəyovun xüsusi təqdimata ehtiyacı varmı, yoxmu bilmirəm. Lakin Milli Şuradakı son hadisələr onun bəziləri tərəfindən yenidən qiymətləndirilməsi ilə nəticələnib. Milli Şurada təmsil olunan, onu dəstəkləyən bir qism anti-Rüstəm Ibrahimbəyov təbliğatı ilə sanki hakimiyyətin Milli Şuranın eks-sədri, hazırkı fəxri sədri barədə yazdıqlarına legitimlik qazandırmağa hesablanıb.

***

Azərbaycanın dünyada ən tanınan şəxsiyyəti olan Ibrahimbəyov ictimai-siyasi arenaya 2008-ci ildə elita barədə Rusiyanın “Pravda” nəşrində işıqlanan yazıları ilə fərqli qaydada gəldi.
Həmin yazıda Ibrahimbəyov Azərbaycandakı siyasi quruluşu tənqid edirdi, elitanın formalaşma mexanizminin kobud surətdə pozulduğunu bəyan edirdi.
Ibrahimbəyovun bu yazısı böyük ajiotaj yaratdı və hakimiyyətin bütün cəbhə boyu hücum və şantajı qarşısında nəinki geri çəkildi, əksinə, daha sərt, daha yaradıcı formada müxalifətçiliyə başladı.
Kimin necə qiymətləndirməsindən asılı olmayaraq, Milli Şura Rüstəm Ibrahimbəyovun ideyasıdır, əlbəttə, onun qurulmasında ayrı-ayrı şəxslərin, partiyaların qiymətli səylərini gözardı etmədən bu bəyan edilməlidir.
Milli Şura cəmiyyət üçün bir qazancdır, siyasi kapitaldır,  çox təəssüf ki, indi onun nələrin bahasına əldə edildiyi unudulur, ört-basdır edilir. Ölkədə hakimiyyətin mənimsənilməsi kimi ağır cinayət baş verib, buna görə Milli Şura yaxın müddətdə, konkret bu seçkidə hədəflərinə çatmayıb. Mübarizə isə davam edir, ağır və problem odur ki,  Milli Şurada sağlam olmayan təmayül kəmhövsələlik edərək baş verənlərə görə cəzanı Rüstəm Ibrahimbəyova kəsmək istəyir. Sanki baş tutmayan inqilab da artıq öz balasını yeməyə hazırdır.
Bu yazı oxucularımıza düşünmək üçün bu materal bazası sayıla bilər. Eyni zamanda Milli Şuranın təəssübünü çəkən hər kəs bilməlidir ki, Rüstəm Ibrahimbəyova xüsusi hücuma ehtiyac yoxdur, ola bilər motivlər fərqlənsin, ancaq günü bu gün də daxil olmaqla 2008-ci ilin məlum müsahibəsindən bəri hər gün hökumət qəzetləri Rüstəm Ibrahimbəyov barədə azı 3 qərəz və böhtan dolu məqalələr dərc edir.
Rüstəm Ibrahimbəyov nələrdə ittiham olunmur? Ona daha hansı cinayətkarın obrazı verilməyib? Hakimiyyətin az qala bütün sözçüləri Ibrahimbəyov barədə etikadan uzaq ittihamları qəzetlərdə səsləndirir, bu hələ də davam edir.
Ayrıca olaraq xatırlanmalıdır ki, gerçək ziyalı mövqeyi sərgiləyəndən sonra Ibrahimbəyov mənəvi terrorla yanaşı, ən ağlagəlməz təzyiqlərə tuş gəlib: rəhbərlik etdiyi təşkilat inizbati yollarla dağıdılıb, rəhbərlik etdiyi qurumlarda süni yoxlamalar başlayıb, Rüstəm bəyə, onun yaxınlarına qarşı cinayət işi qaldırılıb, əsassız olaraq mülkiyyət hüququna qəsd olunub.
Indi isə keçmişə boylanırıq və yüngülvari araşdırmayla təkcə “Yeni Azərbaycan”ın son vaxtlar Rüstəm Ibrahimbəyov barədə yazdığı “inciləri” sıralayırıq. Oxuyaq və daxilən qərar verək: hakimiyyətin bu dərəcədə narahat edən şəxsi itirmək, müxalifətə başucalığı gətirər, yoxsa əksini…
Iqtibasların hamısı “Yeni Azərbaycan”dandı.
“Onun ziyalı adından danışmağa mənəvi haqqı yoxdur.
…Özünə “ziyalı” adını qoyan, əslində isə dövlətin, xalqın maraqlarını tapdamaqla, xalqın iradəsini heçə sayan və xarici maraqlı qrupların əlində yeni oyuncağa çevrilən bir qrupun tərkibində yer almaqla, həmçinin, son açıqlamaları ilə öz kimliyini bir daha ortaya qoyan R.Ibrahimbəyov yeni bir məşğuliyyət tapıb. Bu məşğuliyyət isə müxalifət mətbuatına müsahibələr vermək və özünü gündəmdə saxlamaqdır (22.11.2013)”.

***

“Əli Əhmədov: O ki qaldı Rüstəm Ibrahimbəyovun özünə, onun ictimai-siyasi nüfuzu və şəxsi keyfiyyətləri ”millətin atası” olmaq arzularını tamamilə puç edir. O, kiməsə heç “xaç atalığına” da əməlli-başlı yaramır (19-01-2013)”.

***

“Əli Əhmədov: Hər bir Azərbaycan vətəndaşı Rüstəm Ibrahimbəyovun yanaşmasına, məfkurəsinə nifrət etməlidir (26-04-2013)”.

***

“Hikmət Babaoğlu: ”Rüstəm Ibrahimbəyov sosio-mədəni baxımdan antimilli, daxili mənəviyyat baxımından eqoist, siyasi təfəkkür baxımından despotdur”(02-05-2013)”.

***

“Mübariz Qurbanlı: ”O deyir ki, “Azərbaycan hakimiyyəti ilə Rusiya rəhbərliyinin münasibətləri sazdır”. Bu onu xəyal qırıqlığına gətirib çıxarıb. Görünür, o, istəməzdi ki, bizim münasibətlərimiz yaxşı olsun. Siz onun son müsahibəsinə toxundunuz. Orada həddindən artıq yalana bürünmüş və Göbbelsin təbliğatına bənzər ifadələr vardır(04-05-2013)”.

***

“Siyavuş Novruzov: ”O, heç adi kinonu yaxşı çəkə bilmir, o ki, qaldı siyasi kino çəksin. Ona görə də onun işi baş aldatmaqdır. O, ətrafına yığışan siyasi partiyaları da pis vəziyyətə qoyacaq. Necə ki, vaxtilə bir yerdə işlədiyi adamları pis vəziyyətə qoyub, – o adamlar indiyə qədər də səslərini çıxarıb danışmırlar, – o cür də bu partiya sədrlərini aldadıb pis vəziyyətə qoyacaq (03-07-2013)”.

***

“Siyavuş Novruzov: ”Bilirsiniz, Rüstəm Ibrahimbəyov özü də bilir ki, Azərbaycan cəmiyyəti, ictimaiyyəti arasında heç bir hörməti və nüfuzu yoxdur.
Çünki o, böyük rusiyalıdır, nəinki azərbaycanlı! Ibrahimbəyovun fəaliyyət istiqaməti Azərbaycanla bağlı deyil (03-08-2013)”.

***

“”Baş qəhrəman” Ibrahimbəyov bəzi çətinliklərdən qorxaraq öz rolunu sona qədər ifa edə bilməmişdi… Ortaya atılacaq dublyorun isə siyasi yetkinliyə, xarizmaya, elektorata falan ehtiyacı yox idi. Çünki o, siyasətçi yox, primitiv dublyor statusunda təmsil olunacaqdı (29-08-2013)”.

***

“Milli Şuradakılar özləri bəyan etdilər ki, Rüstəm Ibrahimbəyov ona görə ”Milli şura”nın sədri idi ki, bizə vəd vermişdi ki, imkanlı dostlarından pul toplayıb bizə maddi dəstək göstərəcək və “Milli şura” fəaliyyət göstərəcək (30-11-2013)”.

***

“Ibrahimbəyovun ürəyinin dərinliyindən gələn hisslərlə yazdığı ”həyat ssenarisi”nin əsas qəhrəmanı məhz ermənilərdir. Onun çox sevdiyi, hər zaman həsrətini çəkdiyi və imkan düşdükcə baş-başa qalaraq, türklər demiş, “həsrət gidərdiyi” ermənilər… (20-11-2012)”.

***

“Rüstəm Ibrahimbəyovun absurd fikirlərinin əsasında şəxsi maraqları dayanır.
ARDNŞ-nin yaydığı məlumat bir daha sübut etdi ki, Ibrahimbəyovu danışdıran “torpaq” dərdidir. Bəli, Ibrahimbəyovun dediklərinin əsassız bir yalan olması ortadadır (17-11-2012)”.

***

“Bu günədək cəmiyyət qarşısında dəfələrlə ifşa olunmuş Rüstəm Ibrahimbəyov artıq isterikaya qapılaraq öz danışıq qabiliyyətini – nitq mədəniyyətini də itirib. O, özünü aid etdiyi ziyalı dünyagörüşü, davranışı yox, küçə tərbiyəsi və əxlaqı nümayiş etdirərək növbəti dəfə əsl simasını cəmiyyət qarşısında aşkar edib (15-11-2012)”.

***

“Ibrahimbəyov həyat strategiyasını saxtakarlıq və uydurmalar üzərində qurub (03-08-2012)”.

***

“Kino sahəsinin ”meyiti” siyasi “meyitlərə” sığındı. Yəqin ki, bir xalq üçün R.Ibrahimbəyov kimi mövqe və niyyəti bəlli olmayan, xalqına təhqirlər yağdıran və düşmənin şəninə təriflər söyləyən bir insanın özünü onun ziyalısı kimi təqdim etməsindən böyük təhqir ola bilməz. Zaman keçdikcə R.Ibrahimbəyovun haqqında yeni arzuolunmaz faktların meydana çıxması onun nə dərəcədə cılız və tamahının əsiri olan, başqalarının əməyindən özünə dividend qazanmağa çalışan eqoist bir şəxs olduğunu ortaya qoydu (27-07-2012)”.

***

“Bazar təfəkkürü” Ibrahimbəyova həqiqəti və reallığı görməsinə və qiymətləndirməsinə mane olur. Ola bilər ki, kimsə öz sahəsində hansısa uğur qazansın və hətta bu uğurun masştabı böyük olsun. Amma bu, həmin şəxsin böyük idealların daşıyıcısı olduğunu deməyə əsas vermir. Elə Rüstəm Ibrahimbəyov kimi. Öz ölkəsini bəyənib orada yaşamayan, Moskvada oturub Bakıda istədiyini reallaşdıracağını düşünən, milli dəyəri bəzar təfəkkürünə qurban verən Ibrahimbəyov xalqın və əsl ziyalı insanların təpkisi ilə qarşılaşan kimi yenə özünü açığa çıxardı (10-01-2012)”.

Natiq Güləhmədoğlu